Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-42/2025 03.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Şabran Rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Şabran Rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2004cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü X4 onun qızıdır. O, uşaqlıqdan “F72 ağır dərəcəli əqli gerilik, emosiya və davranış pozuntusu, İB 33 bal G80.2 hemiplegik spastik serebral iflic, uşaq serebral iflic sol tərəfli hemiparez” diaqnozu ilə dispanser qeydiyyatdadır. Müddətsiz 1-ci dərəcəli əlildir, əmək qabiliyyətsizdir, əlavə qulluğa və nəzarətə ehtiyacı vardır. O qızı ilə yaşayır, və ona qulluq edir. Şabran Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qızına qəyyum təyin edilməsi üçün müraciət etmişdir. Ona fəaliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxsin fəaliyyət qabiliyyətli sayıldığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025ci il tarixli, 706 nömrəli rəyindən görünür ki, X2 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” aşkar edilmişdir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-42/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-42/2025
03.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver