Məhkəmə qərarları › İş №2(031)-553/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-553/2024

25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-553/2024 25.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesablanmış ziyanın silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun əsassız olaraq hesablanmış ziyanın silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən ziyan olaraq hesablanmış 4328.64 manat məbləğində pulun **********00100 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 İstismarı İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək həmin aktda göstərilmişdir ki, gecə reydi zamanı Giləvar kəndində abonentin sayğacdan kənar başqa xətdən qeyri-qanuni qazdan istifadə etdiyi aşkar olundu, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin aktın əsasında X8 İstismarı İdarəsi tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə"də göstərilmişdir ki, PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2.25 m3 saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, dəmir sobasının maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, ona günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, sacın maksimal saatlıq qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2x12x360=5184, 1.5x12x360=6480, 2.25x12x360=9720, 1.4x12x360=6048, 2x12x360=8640. Cəmi 36072 m3. Nəticədə dəymiş ziyan olaraq mənə 4328.64 (dörd min üç yüz iyirmi səkkiz manat, altımış dörd qəpik) manat məbləğində pul hesablanmışdır. O, sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşularaq təbii qazdan istifadə etməmişdir. Əgər belə bir hal baş versəydi, qaz idarəsinin nəzarətçiləri bundan çoxdan xəbərdar olmalı idilər. Cavabdeh qurumun nümayəndələri tərəfindən tərtib olunmuş aktda və tələbnamədə göstərilənlər yalandır. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında ona hesablanmış ziyan əsassızdır. Ona görə də o, həmin aktı imzalamaqdan imtina etmişdir. Həmçinin ona ziyan hesablansa da, ona X8 İstismarı İdarəsi tərəfindən bildiriş-xəbərdarlıq məktubu göndərilməmişdir. Hesabına əsassız olaraq yazılmış 4328,64 manatın **********00100 saylı koddan silinməsi üçün ərizə ilə X8 İstismarı İdarəsinə müraciət etsə də, tələbi təmin edilməmişdir. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən ziyan olaraq hesablanmış 4328,64 manat məbləğində pulun **********00100 saylı abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi X5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, abonentin qaz xətlərinə və qaz sayğacına xx.xx.2023-cü il tarixində Xaçmaz RQİİ-nin X6 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 06 dekabr 2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 36072 m3 və ya 4328,64 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-3 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi evində quraşdırılmış avadanlıqlara uyğun, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanunsuz olaraq qaz xəttinə qoşulduğunu etiraf etmiş, lakin həmin qoşulmanın ona məxsus torpaq sahəsinin üzərində ev tikmiş oğlu tərəfindən edildiyini bildirmişdir. Bu səbəbdən iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı məhkəmə iclasında özü də etiraf edir ki, sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə etmişdir. Belə olan halda, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 09 aprel 2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh X8 İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 06 dekabr 2023cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 36072 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, abonent sayğacdan kənar başqa xətdən qeyri-qanuni qazdan istifadə etdiyi aşkar edilmişdir. - Abonentin Saldosundan görünür ki, abonent (**********00100) İddiaçı qazdan istifadə etdiyinə görə 4328.64 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə baxışında iş materiallarından, tərəflərin izahatlarından müəyyən edildi ki, İddiaçı sayğacdan kənar qeyri qanuni qaz xətti ilə qoşularaq təbii qazdan istifadə etmişdir. Məhkəmə iclasında qanunsuz qoşulma faktını özü də etiraf etdiyindən, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesablanmış ziyanın silinməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar