Məhkəmə qərarları › İş №2(031)-555/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-555/2025

18.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-555/2025 18.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Şabran rayonu, Pirəmsən kəndində olan fərdi yaşayış evində abonent kodu **********00152 olan, 21531852M182 nömrəli elektrik sayğacına hesablanmış 1015,73 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Pirəmsən kəndində olan fərdi yaşayış evində abonent kodu **********00152 olan, 21531852M182 nömrəli elektrik sayğacından istifadə edir. İddia ərizəmizə əlavə etdiyi xəbərdarlıq və bildirişdən də görünür ki, yaşadığı evdə xx.xx.2025-ci il tarixdə olan ilk göstəricidə sərfiyyat 15,870 kvts, xx.xx.2025-ci il tarixdə olan son göstərici isə 16,264 kvtsdir. Yaşadığı evdə 1 ay müddətinə, ümumilikdə 394 kvts elektrik istifadə edilmiş, bu da 33,10 manat təşkil edir. Lakin ‘'Azərişıq” ASC xx.xx.2025-ci il tarixə, ümumilikdə 1015,73 manat borcunun olduğuna dair bildiriş və xəbərdarlıq təqdim etmişdir. Qeyd olunan elektrik sayğacının 12 gün ərzində, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər 1015 manat borcunun yaranması üçün təxminən 12,092 kvts elektrik enerjisi istifadə olunmalıdır. Kənd yerində bu qədər enerji istifadəsi qeyri-mümkün görünür. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin nəzarətçiləri gələrək istifadə etdiyi enerjinin bildirişini ona təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə evində elektrik enerjisinin verilməsində problem yarandığından, yəni elektrik sayğacıma gələn elektrik xəttinin qırılması səbəbindən evinə gələn enerji dayanmışdır. Həmin xəttin bərpa olunmasını gözləsə də, elektrik enerjisinin verilməsi bərpa olunmadığından, o, xx.xx.2025-ci il tarixdə elektrik xəttinə əlavə xətt ataraq evində elektrik enerjisini bərpa etmişdir. Elə həmin gün "xxxx" ASC-nin nəzarətçiləri gələrək həmin əlavə xətti aşkar edib akt tərtib etmiş, xx.xx.2025-ci il tarixdə qeyd etdiyi bildiriş və xəbərdarlığı ona vermişdirlər. Xəbərdarlığa baxdıqdan sonra məbləğin həddən artıq şişirdilmiş olduğunu aşkar etmişdir. O, ancaq xx.xx.2025-ci il tarixdə elektrik sayğacından kənar xətt qoşaraq evini enerji ilə təmin etmişdir. Həmin gün işdə olduğundan elektrik enerjisinin verilməsinin bərpasından sonra həmin xətti ayıra bilməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus, elektrik hesabat sayğacına baxış keçirilərkən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu məlum olmuşdur. Kənar xətt fərdi yaşayış evinin qarşısından 4 kvt-lıq sip dirəyindən, sayğacları qidalandıran sip xəttindən xüsusi sıxac vasitəsi ilə götürülərək fərdi yaşayış evinə çəkilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixli, NİM 010750 nömrəli akt tərtib edilərək 1019,72 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. X2 aktın doğruluğunu imzası ilə təsdiq etımşdir. Həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Xaçmaz Filialı tərəfindən aktın EEİQ-nın tələblərinə uyğun tərtib edilməsinə dair rəy verilmişdir. Faktla əlaqədar videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, NİM 010750 nömrəli aktdan görünür ki, EEİQ-yə uyğun olaraq sayğaclara baxış keçirilən zaman abonent İddiaçı kənar xətdən istifadə etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair sənəddən görünür ki, baxış zamanı İddiaçı fərdi yaşayış evinə sayğac sxemindən kənar kənar xətt daxil olduğu müəyyən olunmuş və xx.xx.2025-ci il tarixli, NİM 010750 nömrəli akta əsasən abonent kodu **********00152 olan elektrik sayğacına 1019,72 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan **********00152 nömrəli abonent saldosundan görünür ki, İddiaçı 1019,72 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan bildiriş və xəbərdarlıqdan görünür ki, borcun ödənilmədiyi təqdirdə elektrik enerjisinin verilməsinin enerji təchizatı müəssisəsi tərəfindən dayandırılacağı bildirilmişdir. İş materiallarında olan DVD diskdəki vidoegörüntülərdən görünür ki, İddiaçı məxsus yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialı tərəfindən verilən rəydən görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilərək abonentin iştirakı ilə NİM 010750 nömrəli, xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və aktda sayğacdan kənar çəkilmiş elektrik naqilindən buraxılan yük 1,23 kVt göstərilmişdir. Enerjitəchizatı müəssisəsi tərəfindən akta əsasən 365 günlük hesabat aparılaraq itirilmiş elektrik enerjisinin miqdarı 7542 kVts, dəyəri 1019,72 manat məbləğində hesablanmışdır. NİM 010750 nömrəli akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin (istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur) tələblərinə uyğun tərtib edilmişdir. Həmçinin, enerji təchizatı müəssisəsi tərəfindən akta əsasən hesabat aparılarkən Qaydaların 8.17-1-ci bəndinin (məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır) tələblərinə əməl olunmuşdur. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Çünki, iddiaçı borcun silinməsini tələb etsə də, cərimənin ona əsassız hesablanmasını təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəf iş üçün əhəmiyyətli mötəbər sübut və sənədləri məhkəməyə təqdim edərək iddiaçının gətirdiyi dəlillərin işin faktiki hallarına uyğun olmamasını sübut edə bilmişdir. Bütün bunlar isə hazırkı tələbin əsaslı olmamasına və özündə faktiki həqiqəti əks etdirmədiyinə dəlalət edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi iş materiallarında olan sənədlərə və videogörüntülərə əsasən İddiaçı məxsus yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilmişdir. Hazırki iş üzrə İddiaçı borcun silinməsini tələb etsə də, cərimənin ona əsassız hesablanmasını təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim etməmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə iş üçün əhəmiyyətli mötəbər sübut və sənədləri məhkəməyə təqdim edərək iddiaçının gətirdiyi dəlillərin işin faktiki hallarına uyğun olmamasını sübut edə bilmişdir. Qeyd edilənlər hazırkı tələbin əsaslı olmamasına dəlalət edir. Bundan əlavə Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialına ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, NİM 010750 nömrəli akta əsasən hesablanmış 1019,72 manat məbləğində cərimə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tərtib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cərimənin silinməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar