Məhkəmə qərarları › İş №2(031)-573/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-573/2020

14.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-573/2020 14.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: «Cavabdeh» İstehsalat Birliyinə qarşı 216.00 (iki yüz on altı) manat hesablanmış ziyanın ləğv edilməsi tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 216.00 (iki yüz on altı) manat ziyanın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Şabran şəhəri, 5 sotlan massivində ailəsi ilə birlikdə yaşamaqla təbii qazdan istifadə edir. 2020-ci ilin mart ayı olardı, Xaçmaz RQİİ-nin işçiləri kimi özünü təqdim edən şəxslər onu evdn küçədə quraşdırılan qaz sayğacının yanına dəvət edərəke ona bildirdilər ki, guya o, qaz sayğacına müdaxilə etmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq işləri vardır. O, isə onlara bildirdi ki, onun qaz sayğacına kimin müdaxilə etdiyindən xəbəri yoxdur, belə ki, qaz sayğacı küçədə quraşdırılmış, eyni zamanda o, ümumiyyətlə sayğaca heç bir müdaxilə etmir, o, yalnız vaxtlı-vaxtında təqdim edilən ödəniş qəbzlərinə əsasən istifadə etdiyi qazın dəyərini ödəyir, bu zaman sayğacdakı göstəriciyə belə baxmır. Təxminən bir həftə sonra köhnə sayğacı açıb yerinə təzə sayğac bağladılar, bu barədə akt yazıb ona imza etdirdilər və bildirdilər ki, bu akt təzə sayğacın qoyulması üçündür, ona təqdim etdilər ki, özündə saxlasın. Qeyd edir ki, ümumiyyətlə onların ünvanında son altı ayda səbəbini belə onlara izah etmədən 3 sayğac dəyişiblər ki, onların hamısının dəyişmə aktlarını məhkəməyə təqdim edir. Xaçmaz RQİİ-nin Şabran rayon üzrə nümayəndəsindən rəis müavini A.Həmidovun imzası ilə ona bildiriş-xəbərdarlıqla 216.00 manat ziyan hesablanması barədə məktubu və digər əlavə edilmiş sənədlər göndərilmişdir. Belə ki, ondan 10 gün müddətində dəymiş 216.00 manat ziyanın ödənilməsi tələb edilir. Əks təqdirdə borcun ödənilməsi üçün məhkəmədə iddia qaldırılacağı bildirilir. O, həmişə qazın pulunu vaxtlı-vaxtında ödəmiş, heç vaxt sayğaca müdaxilə etməmiş, qeyd edir ki, sayğac küçədə yerləşir, ona kimin müdaxilə etməsinə o, cavabdeh ola bilməz. Xahiş edir, cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 216.00 (iki yüz on altı) manat ziyanın ləğv edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş «Cavabdeh» İB-yi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli ******* saylı akta əsasən 2160 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. İşə əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, İddiaçı məxsus yaşayış evinə qoyulmuş qaz sayğacının hesablama mexanişminin plastmas qapağı sol tərəfdən müdaxiləyə şübhəli olduğuna görə Elster tipli G-4T markalı ******* №-li sayğac yerindən çıxarılmış və İddiaçı mənzilinə əvəzləyici sayğac quraşdırılmışdır. İşə əlavə edilmiş Təbii qazandan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, İddiaçı məxsus G-4 markalı ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyan hesablansın və qazın dəyəri ödənilsin. İşə əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx xxx 2020-ci il tarixli 142 saylı müqavilədən görünür ki, X1 Sahəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasın ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.8-ci maddəsinə əsasən baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra - qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.9-cu maddəsinə əsasən baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır. Həmin Qaydaların 4.4-cü maddəsinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örütklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərmək qaz paylayıcısının vəzifəsidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına 2 №-li əlavənin 2.1.10-cu və 2.1.11-ci bəndlərinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək və Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq qazpaylayıcının vəzifələridir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən və sahibi və hal şahidləri iştirak etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı və ya onun ailə üzvlərinin sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Bundan başqa «Cavabdeh» İB-nin iddia ərizəsinə əlavə edilmiş sənədlərində qaz istehlakçısı İntiqam Babayev kimi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən və digər sənədlərdən görünür ki, iddiaçı, qaz istehlakçısı İddiaçıdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, «Cavabdeh» İstehsalat Birliyi tərəfindən əsassız olaraq İddiaçı hesablanmış 216.00 (iki yüz on altı) manat məbləğində ziyan silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrin rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» İstehsalat Birliyi tərəfindən əsassız olaraq İddiaçı hesablanmış 216.00 (iki yüz on altı) manat məbləğində ziyan silinsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar