Məhkəmə qərarları › İş №2(031)-791/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-791/2025

19.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-791/2025 19.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə ona hesablanmış 777,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1i ünvanında yaşayır. Şabran rayonunun Pirəmsən kəndində yerləşən ev İddiaçı məxsusdur. Kommunal xərclər də İddiaçı adına gəlir. Evdə guya sayğacın hesablayın mexanizminin plastmas qulaqcığının kənar müdaxiləyə məruz qalması barəsində Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixində ******* nömrəli akt yazılaraq İddiaçı cəmi 777,60 manat cərimə edilib. Hansı ki, İddiaçı sayğacı bayırda yerləşir və onun da heç nədən xəbəri olmayıb. Sayğaca hər hansı bir müdaxilə də olunmayıb. Bunu Qaz İdarəsinin nəzarətçiləri də bilir. İddiaçı sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdehnə müraciət də edilmişdir. Lakin, Cavabdeh tərəfindən hər dəfə bir bəhanə gətirərək cavab verilməsindən yayınılmış, İddiaçı haqsız yerə yazılan cərimənin silinməsindən boyun qacırılmışdır. Hətta İddiaçı yaşadığı küçənin nəzarətçilərinə də dəfələrlə bununla bağlı məlumat bildirilib. İddiaçı hər ay istifadə etdiyi qaz sərfıyatını ödəmişdir. Ödəniş etməsi barədə qəbzləri də var. İddiaçı hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu isə yoxdur. xx.xx.2023-ci il tarixində ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən İddiaçı xəbərim olmayıb. Evə bildiriş gəlmişdir ki, İddiaçı 777,60 manat borcu var. Halbuki İddiaçı borcu yoxdur. Onun evimə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyi, həmin sayğaca heçnə qoşulmadığı da sübut edilə bilər. Qazdan heç bir əlavə istifadə də olunmayıb. Bu borcla bağlı iddiaçı Cavabdeh Xaçmaz X4 İdarəsinə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd edilən kimi xx.xx.2023-cü il tarixində Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və iddiaçı üçün əsassız borc hesablanmışdır. Halbuki, iddiaçı hər ay nəzarətçinin ona dediyi borcu vaxtı-vaxtında ödəmişdir və bunu təsdiq edən qəbzləri də var. Tərəfin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin iddiaçının sayğacı açıb götürüləndə bunların heç biri olmayıb. Yaxud da iddiaçı tərəfindən qanunsuz qazdan istifadə edilməsi barədə heç bir əsas əldə olunmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli 9610 saylı müqavilədən görünür ki, Cavabdeh Xaçmaz Regional Qaz İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 6480 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, ərazidə yoxlama zamanı abonentin sayğacın hesablayın mexanizminin plastmas qulaqcığının sındığı və müdaxiləyə şübhəli olduğu aşkar edilmişdir. Aktın doğruluğu E. Səlimov, A. Musazadə, F. Muradov tərəfindən imzalarla təsdiq edilmiş, İddiaçı isə akta imza etməkdən imtina etmişdir. - Abonentin Saldosundan görünür ki, abonentə (**********01920) qazdan istifadə etdiyinə görə 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş aktda qeyd edilmişdir ki, sayğacın hesablayın mexanizminin plastmas qulaqcığının sındığı və müdaxiləyə şübhəli olduğu aşkar edilmişdir. İddiaçı məhkəmədə bunun əksini iddia edərək təbii qazdan qeyri-qanuni istifadə etmədiyini, ona əsassız olaraq hesablanmış borcu silinməsini xahiş edir. Belə olan halda, sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür, lakin cavabdeh tərəf bunun əksini sübut edəcək, yəni iddiaçı tərəfindən sayğacın hesablayın mexanizminin plastmas qulaqcığının sındırıldığını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh tərəf akt tərtib edilərkən, aktın doğruluğunu təsdiq edən şahidlərin iştirakını məhkəmədə təşkil etməmişdir, həmçinin hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 777,60 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən itirilmiş qaz sərfiyyatı kimi xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin **********01920 nömrəli abonent koduna 6480 m3 yəni 777,60 manat borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə İddiaçı adına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar