Məhkəmə qərarları › İş №2(031)-82/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-82/2025

30.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-82/2025 30.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2022-ci il tarixdə ******* nömrəli və xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 3109,20 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Güləmli kəndində yerləşən ev ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə güya sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olması barədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022ci il tarixdə ******* nömrəli və xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt yazılaraq onu cəmi 3109,20 manat cərimə etmişdirlər. Hansı ki, onun sayğacı bayırda yerləşir, onun heçnədən xəbəri olmamışdır. Və əlavə olaraq hər hansı bir müdaxilə olunmamışdır. Ona məxsus olan fərdi yaşayış evinə sayğac quraşdırılan zaman qaz idarəsinin işçiləri köhnə xətti kəsib yeni xətt qoyanda həmin köhnə xətt yararsız vəziyyətdə olduğu kimi yerində qalmışdır. Və həmin yararsız xətdən heç cür istifadə etmək mümkün deyil. Çünki, həmin dəmir borular paslanmış və deşik vəziyyətdədir. Ona məxsus olan evə və evinin içinə baxış keçirilməmişdir. Evinə yaxın ərazidə təsadüfi baxış zamanı aşkar edilən yararsız boruları görüb onu qanunsuz olaraq cərimə etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı abonent (**********00230) hesabına hesablanmış 3109,20 manatın 2590,80 manat hissəsi silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh Xaçmaz Regional Qaz İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 aprel 2022-ci il tarixli, 30 dekabr 2022-ci il tarixli tələbnamələrdən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04 aprel 2022-ci il tarixli ******* saylı akta əsasən 5184 kub metr, 30 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasən 207026.4 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 4 aprel 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent qeyri-qanuni olaraq damının üstündən keçən daşıyıcı xəttə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent qeyri-qanuni olaraq damının üstündən keçən daşıyıcı xəttə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent (**********00230) İddiaçı qazdan istifadə etdiyinə görə 3109,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-1.-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü (6.5-1.1.); əvvəlki dövrün orta gündəlik qaz sərfi (6.5-1.2.); istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası (6.5-1.3.). Həmin Qaydaların 6.5-3.-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə qeyd edir ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə qaydaları”nda qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması şərtləri ilə bağlı konkret normalar nəzərdə tutulmayaraq, həmin tarixədək olan qaydalarda qanunsuz qoşulma halında yalnız dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb edilməli olması qeyd olunmuş, lakin zərərin hansı qaydada hesablanmalı olmasına dair şərtlər və qaydalar qeyd olunan qanunvericilikdə öz əksini tapmamışdır. Həmçinin, 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun tələbinə əsasən qanunsuz qoşulma ilə bağlı istehlakçının qazın talanmasında təqsirli olması yalnız müvafiq orqanların qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı 04 aprel 2022-ci il tarixli ******* saylı və 30 dekabr 2022-ci il tarixli ******* saylı aktlar tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Eyni zamanda, cavabdeh təşkilat tərəfindən isə qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə cavabdeh təşklatın “Qazdan istifadə qaydaları”nın 6.5-3-cü bəndinə əsasən qazdan istifadə müddətinin on iki ay müddəti ilə, o cümlədən sutkanın iyirmi dörd saatı nəzərə alınmaqla itirilmiş qaz həcmini müəyyən etməsini əsaslı hesab etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının bütün qaz qurğularından günün 24 saat fasiləsiz istifadə etməsi ağlabatan və inandırıcı olmamaqla, 24 saat vaxt hesabı ilə zərər məbləğinin müəyyən edilməsi də əsassız olmuşdur. Halbuki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndində istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin hesablanmalı olması nəzərdə tutulmuşdur. Məhkəmə cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini və “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndindin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının qaz xəttinə qoşulmaqla, cavabdeh təşkilata vurduğu zərər məbləği 90 günlük müddət üçün və sutkanın on iki saatı nəzərə alınmaqla müəyyən edilməlidir. Belə olduğu təqdirdə isə cavabdehə vurulmuş zərər məbləğinin 518,40 manat (4 m3/saat x12 saat x 90 gün = 4320 m3, 4320 x 0,12 manat =518,40 manat) olması, 04 aprel 2022-ci il tarixli ******* saylı və 30 dekabr 2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış zərər məbləğinin isə 2590,80 manatının (3109,20-518,40=2590,80 manat) əsassız olması müəyyən edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən 04 aprel 2022-ci il tarixli ******* saylı və 30 dekabr 2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 3109,20 manat zərər məbləğinin 2590,80 manatı iddiaçıya məxsus **********00230 saylı abonent hesabından silinməli, 518,40 manat məbləğində borc İddiaçı abonent kodunda saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda olduqda, 45,91 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 2590,80 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən 4 aprel 2022-ci il tarixli, ******* saylı və 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 3109 (üç min yüz doqquz) manat 20 (iyirmi) qəpik zərər məbləğinin 2590 (iki min beş yüz doxsan) manat 80 (səksən) qəpik iddiaçıya məxsus **********00230 saylı abonent hesabından silinsin, 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc İddiaçı abonent kodunda saxlanılsın. Cavabdehndən 45,91 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar