Məhkəmə qərarları › İş №2(031)-838/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-838/2024

17.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-838/2024 17.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı X2 nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə İddiaçı X2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X6 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz rayon Qaz İdarəsinin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 4147 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Güləmli qəsəbəsində yerləşən ev ona məxsusdur. Kommunal xərclər onun evə gəlir. Guya o, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilməsi barədə Azəriqazın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt yazaraq onu cəmi 4147 manat cərimə etmişlər. Hansı ki, onun sayğacı bayırda yerləşir və heç vaxt sayğacdan kənar qoşmalar etməmişdir. Aylıq abunə ödənişlərindəndə görsənir ki, o, əlavə xətlərdən istifadə etməmişdir. Köhnə qaz borularının yəni istifadəyə yararsız olan dəmir boruları qaz idarəsinin işçiləri görüb elə biliblər ki, güya o, qeyri qanuni xətt çəkib istifadə edir. Hansı ki, bütün bunlar ekspertiza təyin olunsa üzə çıxacaqdır. xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəldiki onun “Azərqaz” İB-yə 4147 manat borcu var. Halbuki onun borcu yoxdur, onun evinə baxış keçirilsə, evində olan sayğacın duzgun işlədiyini həmin sayğaca heçnə qoşulmadığnı sübut edə bilər. Cavabdeh nümayəndəsi X3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 20 dekabr 2022-ci il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı X2 evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. X1 barəsində xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilərək 34560 m3 və ya 4147,20 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmişdir. X2 qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. iddiaçı X6 iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin aktda göstərilən qaz işlədici cihazların onun evində istifadə edilmədiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün aparılan hesabatdan harazılığını bildirmişdir. Halbu ki, X2 qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə uyğun alınaraq aparılmışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı X2 evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi X6 üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, X2 öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Bu səbəbdən də, iddiaçı X2 iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməli, X2 abonent (**********02980) hesabına hesablanmış 4147 manatın 3628,60 manat hissəsi silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 02 fevral 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh Xaçmaz Regional Qaz İdarəsi ilə X6 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 34560 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Şabran XS-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı abonentin fərdi tənzimləyicisinin kənar hissəsindən əlavə qoşulu vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. - Abonentin Saldosundan görünür ki, abonent (**********02980) X4 qazdan istifadə etdiyinə görə 4169,64 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 8-1. qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-1.-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü (6.5-1.1.); əvvəlki dövrün orta gündəlik qaz sərfi (6.5-1.2.); istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası (6.5-1.3.). Həmin Qaydaların 6.5-3.-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə qeyd edir ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə qaydaları”nda qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması şərtləri ilə bağlı konkret normalar nəzərdə tutulmayaraq, həmin tarixədək olan qaydalarda qanunsuz qoşulma halında yalnız dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb edilməli olması qeyd olunmuş, lakin zərərin hansı qaydada hesablanmalı olmasına dair şərtlər və qaydalar qeyd olunan qanunvericilikdə öz əksini tapmamışdır. Həmçinin, 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun tələbinə əsasən qanunsuz qoşulma ilə bağlı istehlakçının qazın talanmasında təqsirli olması yalnız müvafiq orqanların qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Eyni zamanda, cavabdeh təşkilat tərəfindən isə qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdeh təşklatın “Qazdan istifadə qaydaları”nın 6.5-3-cü bəndinə əsasən qazdan istifadə müddətinin on iki ay müddəti ilə, o cümlədən sutkanın iyirmi dörd saatı nəzərə alınmaqla itirilmiş qaz həcmini müəyyən etməsini əsaslı hesab etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının bütün qaz qurğularından günün 24 saat fasiləsiz istifadə etməsi ağlabatan və inandırıcı olmamaqla, 24 saat vaxt hesabı ilə zərər məbləğinin müəyyən edilməsi də əsassız olmuşdur. Halbuki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndində istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin hesablanmalı olması nəzərdə tutulmuşdur. Məhkəmə cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini və “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndindin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının qaz xəttinə qoşulmaqla, cavabdeh təşkilata vurduğu zərər məbləği 90 günlük müddət üçün və sutkanın on iki saatı nəzərə alınmaqla müəyyən edilməlidir. Belə olduğu təqdirdə isə cavabdehə vurulmuş zərər məbləğinin 518,40 manat (4 m3/saat x12 saat x 90 gün = 4320 m3, 4320 x 0,12 manat =518,40 manat) olması, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış zərər məbləğinin isə 3628,60 manatının (4147-518,4=3628,60 manat) əsassız olması müəyyən edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında hesablanmış 4147 manat zərər məbləğinin 3628,60 manatı iddiaçıya məxsus **********02980 saylı abonent hesabından silinməli, 518,40 manat məbləğində borc X2 abonent kodunda saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda olduqda, 61,47 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 3628,60 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 61,47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı akt əsasında hesablanmış 4147 manat zərər məbləğinin 3628 (üç min altı yüz iyirmi səkkiz) manat 60 (altımış) qəpik iddiaçıya məxsus **********02980 saylı abonent hesabından silinsin, 518,40 manat məbləğində borc X2 abonent kodunda saxlanılsın. Cavabdehndən 61,47 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar