Məhkəmə qərarları › İş №2(031)-874/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-874/2024

03.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-874/2024 03.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə ona hesablanmış 4147,20 manat məbləğində borcun yenidən hesablanaraq borc məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında yaşayır. Cavabdeh Xaçmaz X7 İdarəsi ilə onun arasında 13 sentyabr 2022-ci ildə müqavilə bağlanmışdır. Mütamadi olaraq sayqac əsasında hesablanmış qazdan istifadəyə görə borclarını ödəmişdir. 20 dekabr 2022-ci il tarixdə Cavabdeh Xaçmaz X7 İdarəsinin işçiləri onun istifadə etdiyi qaz xəttinə baxaraq G-4 **********8 nömrəli qaz sayqacına müdaxilə edilməsini, sayqacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunu aşkar etmişlər və bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edərək 4147,20 manat məbləğində ziyan hesablamışlar. xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə ona 4147.20 manat məbləğində ziyan həddən artıq çox hesablanmışdır. Belə ki, cavabdeh tərəf istifadələrində olan qaz plitəsini, qaz sobasını, axımlı su qızdırıcını gündəlik iş rejimi 24 saat olmaqla hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın məbləğnin 4147,20 manat hesablamışlar. Halbuki iş rejimi 12 saat hesablanmalı, qaz sobası isə ancaq qış ayları üçün nəzərə alınmalıdır. Ona görə də həmin məbləğlə razı deyil, həmin məbləğ yenidən hesablanmalıdır. Cavabdeh nümayəndəsi X2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 20 dekabr 2022-ci il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir.Abonent İddiaçı barəsində xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydalarf’mn pozulması haqqında akt tərtib edilərək 34560 m3 və ya 4147.20 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). İddiaçı iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin aktda göstərilən qaz işlədici cihazların onun evində istifadə edilmədiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün aparılan hesabatdan harazılığını bildirmişdir. Halbu ki, İddiaçı qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi qanunvericiliyə uyğun alınaraq aparılmışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’mn 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı abonent (**********06040) hesabına hesablanmış 4147,20 manatın 3628,80 manat hissəsi silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh Xaçmaz Regional Qaz İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 34560 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin sayğacsız qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. - Abonentin Saldosundan görünür ki, abonent (**********06040) İddiaçı qazdan istifadə etdiyinə görə 4147,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 8-1. qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-1.-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü (6.5-1.1.); əvvəlki dövrün orta gündəlik qaz sərfi (6.5-1.2.); istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası (6.5-1.3.). Həmin Qaydaların 6.5-3.-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə qeyd edir ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə qaydaları”nda qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması şərtləri ilə bağlı konkret normalar nəzərdə tutulmayaraq, həmin tarixədək olan qaydalarda qanunsuz qoşulma halında yalnız dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb edilməli olması qeyd olunmuş, lakin zərərin hansı qaydada hesablanmalı olmasına dair şərtlər və qaydalar qeyd olunan qanunvericilikdə öz əksini tapmamışdır. Həmçinin, 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun tələbinə əsasən qanunsuz qoşulma ilə bağlı istehlakçının qazın talanmasında təqsirli olması yalnız müvafiq orqanların qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Cavabdeh tərəfindən iddiaçının qanunsuz qaz xəttinə qoşulması ilə bağlı xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunsa da qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Eyni zamanda, cavabdeh təşkilat tərəfindən isə qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə cavabdeh təşklatın “Qazdan istifadə qaydaları”nın 6.5-3-cü bəndinə əsasən qazdan istifadə müddətinin on iki ay müddəti ilə, o cümlədən sutkanın iyirmi dörd saatı nəzərə alınmaqla itirilmiş qaz həcmini müəyyən etməsini əsaslı hesab etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının bütün qaz qurğularından günün 24 saat fasiləsiz istifadə etməsi ağlabatan və inandırıcı olmamaqla, 24 saat vaxt hesabı ilə zərər məbləğinin müəyyən edilməsi də əsassız olmuşdur. Halbuki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndində istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin hesablanmalı olması nəzərdə tutulmuşdur. Məhkəmə cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini və “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndindin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının qaz xəttinə qoşulmaqla, cavabdeh təşkilata vurduğu zərər məbləği 90 günlük müddət üçün və sutkanın on iki saatı nəzərə alınmaqla müəyyən edilməlidir. Belə olduğu təqdirdə isə cavabdehə vurulmuş zərər məbləğinin 518,40 manat (4 m3/saat x12 saat x 90 gün = 4320 m3, 4320 x 0,12 manat =518,40 manat) olması, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış zərər məbləğinin isə 3810,24 manatının (4147,20-518,40=3628,80 manat) əsassız olması müəyyən edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 4147,20 manat zərər məbləğinin 3628,80 manatı iddiaçıya məxsus **********06040 saylı abonent hesabından silinməli, 518,40 manat məbləğində borc İddiaçı abonent kodunda saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda olduqda, 61,47 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 3628,80 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 61,47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 4147,20 manat zərər məbləğinin 3628,80 manat iddiaçıya məxsus **********06040 saylı abonent hesabından silinsin, 518,40 manat məbləğində borc İddiaçı abonent kodunda saxlanılsın. Cavabdehndən 61,47 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar