Məhkəmə qərarları › İş №2(032)-1012/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1012/2025

02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1012/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğvi və həmin akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə məhkəmə hazırlıq iclasında Şirvan şəhər Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı aktın ləğvi və həmin akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 331433 saylı aktın ləğv edilərək hesablanmış 550 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki , Şirvan şəhəri, Bülbül küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evdə smart tipli elektrik sayğacı quraşdırılmışdır. Sayğac smart tipli olduğu üçün nə işlətmişlər, onun pulunu ödəmişlər. 11 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məlumat verilmədən və iştirakını təmin etmədən həmin evə dair quraşdırılmış elektrik sayğacının üzərində yoxlama aparılmış və xx.xx.2024-cü il tarixli, AKT R No 331433 nömrəli cərimə aktı tərtib olunmuşdur. Həmin akta əsasən isə 550 manat məbləğində cərimə olunmuşdur. Bundan əvvəl də yaşadığı evə dair xx.xx.2023-cü il tarixli, NDM 032779 nömrəli və xx.xx.2023-cü il tarixli, 286099 nömrəli qanunsuz aktlar tərtib etmişlər. Aktlara əsasən ona qanunsuz olaraq 706.72 manat və 780.89 manat, ümumilikdə isə 1487.61 manat cərimə olunmuşdur. Həmin cərimə məbləğlərinə görə isə evinə verilən elektrik enerijsi dayandırılmışdır. Evimin elektrik enerjisinin dayandırılmasına əsasən o məhkəməyə ərizə ilə müraciət etdikdən sonra məhkəmənin qərardadına əsasən evinin elektrik enerjisi bərpa olunmuşdur. Bundan sonra cərimə məbləğinin silinməsindən ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-809/2024 saylı qətnaməsinə əsasən iddia əsaslı olduğuna görə təmin olunmuş və cərimə məbləğindən ümumilikdə 1242,53 manat silinmişdir. xx.xx.2024-cü il tarixli, AKT R № 331433 nömrəli akt məhkəmə gedişi zamanı yazılmışdır, baxmayaraq ki cavabdehin əməkdaşlarının məhkəmə prosesindən məlumatları var idi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı iddia ərizəsində qeyd olunmuş ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o məhkəməyə gəlməmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-cu, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq , məhkəmə qərara aldı : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğvi və həmin akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar