Məhkəmə qərarları › İş №2(032)-105/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-105/2023

14.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-105/2023 14.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi, Şirvan şəhər İcra Hakimiyyəti yanında "Qəyyumluq və Himayəçilik Komissiyası" nın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti) «fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş qızı X2 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı xx.xx.1986-cı il təvəllüdlü X5 anadangəlmə ruhi xəstəlikdən əziyyət çəkir. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində nevroloji dispanser qeydiyyatında olmaqla "ağır dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik, davranış pozğunluqları ilə qulluq və müalicə tələb edən davranış pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatındadır. Qeyd edilən xəstəliklə bağlı TSEK tərəfindən İ qrup əlillik dərəcəsi verilmiş və kənar şəxsin qulluğuna ehtiyacı olduğu qeyd edilmişdir. Hal-hazırda qızına bəzi sənədlərin alınmasında və ona təyin edilmiş müavinat və İ qrup əlillərə baxmağa görə təyin edilmiş “Prezident təqaüdünün” alınmasında bir sıra çətinliklər yaranmışdır. Qızı hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmə iclasında izahatında ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Mərkəzi Xəstəxanasının ambulator stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki X4 ağır dərəcəli davranış pozğunluğu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, X5 İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 417 nömrəli rəyində qeyd edilmişdir ki, X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları müəyyən edilir. Həmin psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X5 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X5 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar