Məhkəmə qərarları › İş №2(032)-11/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-11/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-11/2025 30.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə və (vəkil) Vəkil2, Cavabdeh Səmədova (Abdullayeva) Miranə Mirsəmid qızının, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Səmədova (Abdullayeva) Miranə Mirsəmid qızına qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Səmədova (Abdullayeva) Miranə Mirsəmid qızının ünvan 1 nömrəli fərdi yaşayış evinə 3600 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2(032)-882/2023 saylı qətnaməsi ilə hazırki iş üzrə iddiaçı Cavabdeh Mirsəmid qızının cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdə yaşamağına maneçilik edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Mübahisəli fərdi yaşayış evində ortaya çıxan hallar onun və ailə üzvlərinin həmin fərdi yaşayış evində cavabdeh ilə birlikdə yaşamaqlarını qeyri-mümkün hesab edir. Cavabdehlə aralarında olan münasibətlər əvvəlki kimi gərgin olaraq qalmaqda davam edir. Odur ki, cavabdehin evdən istifadə hüquqlarına kompensasiya ödəmək şərti ilə xitam verilməsini xahiş edir. Çünki bu halda cavabdeh həmin evə köçərsə, cinayət hadisəsinin törənəcəyi istisna edilmir. Şirvan şəhərində mənzilin yerindən, təmirindən və mərtəbəsindən asılı olaraq hazırkı bazar qiymətinə uyğun aylıq kirayə haqqının 100 manat olmasını nəzərə alaraq cavabdehə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüquqlarına 3600 manat ödənilməklə xitam verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələri məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququna 3600 manat ödənilməklə xitam verilməsini xahiş etdi. Daha sonra o, bildirdi ki, en çox halda 6000 manat ödəmək imkanı vardır və ondan bir qəpik də artıq ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə razı deyil. Həmçinin cavabdeh iddiaçıya qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında əldə edilmiş hüquqların X4 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və kompensasiya tələbi ilə məhkəməyə müraciət etmiş, hakim X1 icraatında olmaqla qətnamə çıxarılmış, qətnamədən narazı qalan cavabdeh Səmədova (Abdullayeva) Miranə Mirsəmid qızı apellyasiya şikayəti vermişdir. Hesab edir ki, həmin iş üzrə apellyasiya qaydasında işə baxılanadək iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasında cavabdeh Səmədova (Abdullayeva) Miranə Mirsəmid qızı iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçının təklif etdiyi 3600 manat kompensasiya məbləği isə ona davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamasına imkan vermir. O, həmin evdən istifadə hüququna xitam verilməsinə iddiaçı tərəfindən 15000-16000 manat məbləğində kompensasiya təklif edilərsə razı ola bilər. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Səmədova (Abdullayeva) Miranə Mirsəmid qızının nümayəndəsi Vəkil1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İddiaçı tərəfindən təklif edilən 3600 manat məbləğlə təmsil etdiyi şəxs razı deyil. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, vəkillərin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2 nömrəli vərəqəsində İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Şirvan şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(032)-882/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ünvan 2 ünvanına köçürülməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1596/2023 saylı qətnaməsinin surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1320/2022 saylı qətnaməsi ilə cavabdeh Nümayəndə apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-299/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş İddiaçı qarşı "evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 5332/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1320/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1596/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(032)-882/2023 saylı qətnaməsinin cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-892/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1596/2023 saylı qətnaməsi iddianın təmin edilən hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Legal-Prime MMC tərəfindən təqdim edilmiş 30 dekabr 2024-cü il tarixli, LP- 165/2024 saylı mütəxəssis rəyindən görünür ki, Şirvan şəhəri Şəhidlər küçəsi ünvanında yerləşən Səmədova (Abdullayeva) Miranə Mirsəmid qızına məxsus 7 saylı fərdi yaşayış evinin bazar qiyməti 48000 (qırx səkkiz min) manat təşkil edir. Eyni şəraitli , orta təmirli, 1 mərtəbəli, ümumi sahəsi 120-130 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (əşyasız) 1 aylıq orta kirayə qiyməti 2024-cü il üçün 370 (üç yüz yetmiş) - 400 (dörd yüz) manat arası ; 2023-cü il üçün 350 (üç yüz əlli) - 370 (üç yüz yetmiş) manat arası ; 2022-ci il üçün 300 (üç yüz) - 350 (üç yüz əlli) manat arası təşkil edir. Şirvan Regional Vəkil Bürosunun vəkili X3 Daşınmaz İmlakın Rieltor mərkəzinə yazılı verdiyi sorğuya olaraq verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şirvan şəhərində mənzilin yerindən, təmirindən və mərtəbəsindən asılı olaraq 1 otaqlı mənzilin kirayə bu gün ki bazar qiyməti bir yüz (100) manat , bir yüz iyirmi (120) manat civarında dəyişir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək və qanuni qüvvəyə minmiş Şirvan şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(032)-882/2023 saylı qətnaməsinin olmasını nəzərə alıb, hesab edir ki, Cavabdeh ünvan 1 nömrəli yaşayış sahəsindən istifadə hüququna malik olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanularının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında öz əksini tapmış müddəaları iddianın həllində tətbiq etməli olmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Habelə, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Həmin qərara əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bundan əlavə, mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamış və həmin müddətin hansı zaman kəsiyini əhatə etməsi də müəyyən edilməmişdir. Eyni zamanda, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də heç bir norma mövcud deyildir. Məhkəmə qeyd olunanları, mütəxəssis rəyini və İddiaçı mülkiyyətində ümumi sahəsi 128.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin olmasını nəzərə alıb, hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 3600 manat məbləğində kompensasiya ağlabatan məbləğ deyildir. Məhkəmə 4000 manat kompensasiya məbləğini cavabdehin mənafeyinə uyğun hesab etməməklə, həmin kompensasiya hesabına cavabdehin əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşamasını məqsədəuyğun hesab etmir. Qeyd edilən hal isə iddianın təmin edilməməsi üçün əsasdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Rieltor mərkəzinə yazılı verdiyi sorğuya olaraq verilmiş xx.xx.2023-cü il tarixli arayış 1 (bir) otaqlı mənzilə dair kirayə haqqını nəzərdə tutduğundan və mübahisəli mənzilə xas olmuş şəraiti əks etdirmədiyindən məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçıya təklif edilən məbləğin artırması təklif olunsa da iddiaçı maksimum 6000 (altı min) manat məbləğində kompensasiya verə biləcəyini bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Beləcə, məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianın təmini zamanı mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalı, mülkiyyətçi isə öz növbəsində məhkəmə tərəfindən müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa da bilər, razılaşmaya da bilər. Yəni, belə halda, mülkiyyətçinin razılığının nəzərə alınmaması dispozitiv prinsipinə ziddir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı kompensasiya məbləğini 12000 (on iki min) manat miqdarında artıraraq hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər və həmin məbləğdə kompensasiya ağlabatan hesab edilə bilər. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 56 (əlli altı) manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli LP-165/2024 saylı ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə məlumatdan görünür ki, aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manatdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu və ekspertizanın aparılmasına dair 300 (üç yüz) manat ekspetiza xərci iddiaçıya aid edilməlidir . Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Səmədova (Abdullayeva) Miranə Mirsəmid qızına qarşı 3600 (üç min altı yüz) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının 300 (üç yüz) manat məbləğində dəyəri İddiaçı alınaraq Legal- Prime MMC-nin (VÖEN : **********, Bank : "xxxx" ASC Yasamal filalı, Kod : 512565, VÖEN :********** (bankın VÖENİ) , H/h : AZ30AZRT********************, M/h : AZ02NABZ********************, SWİFT: AZRT AZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar