Məhkəmə qərarları › İş №2(032)-1103/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1103/2023

30.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1103/2023 30.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı aktın ləğvi və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nin Salyan X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Salyan X2 İdarəsi tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, H.Əliyev prospektində qeyriyaşayış sahəsi olan kafesi vardır. Hal-hazırda həmin kafe fəaliyyətdədir. Sənaye və Məişət qaz sayğaclarının kalibrləşmə laboratoriyasının qaz sayğacının yoxlanması barədə 17 mart 2023-cü il tarixli MŞ-14-2-2/3-5-179-04 nömrəli aktına əsasən G-4 markalı 10276740 nömrəli sayğacın hesablama mexanizmi işləmir. Keçən qazın həcmini qeyd etmir. Buna əsasən 28 aprel 2023-cü il tarixdə 037151 saylı akt tərtib etmişlər. Aktdan xəbəri olmamışdır və həmin aktla onu 172 manat 80 qəpik cərimə etmişlər. Akt yazılan vaxt iştirak etməmiş və imza etməmişdir. Həmin sayğaca baxış keçirən vaxt fotoşəkillər çəkilməmiş, hal şahidləri iştirak etməmişdir. Qaz sayğacı kafenin çölündədir. Qaz sayğacına heç vaxt müdaxilə etməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək əsassız olaraq hesablanmış 360 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh İB-nin metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, MSK 14-2-2/3-5-179-04 № aktına əsasən G-4 markalı 10276740 № sayğacın hesablama mexanizmi işləmir, keçən qazın həcmini qeyd etmir. İstehlakçı İddiaçı, fəaliyyət növü isə qeyri-əhali göstərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin İTRİ-nin xx.xx.2023-cü il tarixli, MSK 14-2-2/3-5-179-04 saylı rəyinə əsasən sayğacın hesablayıcı mexanizmi işləmir, keçən qazın səmtini qeyd etmir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev pr 9B ünvanında yerləşən 0.0101 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmiş, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları- sahibkarlıq kimi müəyyən edilmiş, xx.xx.2003-cü il tarixli, 06A nömrəli sərəncam və 575 nömrəli torpaq icarəsi müqaviləsi əsasında xx.xx.2004-xx.xx.2024 il müddətə yüklü edilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 0165827 nömrəli, xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, abonent İddiaçı istifadəsində olan 10276740 nömrəli qaz sayğacı istismardan çıxarılmış, 10054085 nömrəli sayğac quraşdırılaraq plomblanmışdır. Fəaliyyət növü kimi kafe, qeyri-əhali qeydi göstərilmişdir. İddiaçı məxsus (abonentin kodu **********10101) abonentin saldosunda **********2 nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2023-cü il ərzində qalıq borc 360 manat müəyyən olunur. Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, yoxlayıcı orqan kimi CavabdehİB yoxlanılan sahibkarlıq fəaliyyəti subyekti kimi VÖEN ********** olan İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə fəaliyyət növü kimi qeyriyaşayış sahəsi üzrə müqavilənin şərtlərinə əməl olunması əsası ilə sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən müvafiq çıxarış alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********747700 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı (VÖEN **********) xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə görə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərar). “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən (Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı) 1.Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.” “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı müvafiq müddəalarında “İşlərin məhkəmə aidiyyətinin (ümumi və yaxud kommersiya) müəyyən edilməsinin yeni qaydasına dair aşağıdakılar nəzərdə tutulur: 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi məhkəmə aidiyyəti institutu şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi təminatlardan biridir. Hazırki baxılan mübahisə üzrə işin hallarına qiymət verərkən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmış, hazırki zamanda isə sahibkarlıq fəaliyyəti dayandırılmış vəziyyətdədir. Həmçinin mübahisənin predmeti iaşə obyektidir (kafe), cavabdehdən tərəfindən aparılan yoxlama da sahibkarlıq sahəsində aparılmış və xarakter baxımından yaranmış hüquq münasibətləri kommersiya mübahisəsi kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, o cümlədən də yuxarı instansiya məhkəməsinin tövsiyyəedici mövqeyinə əsaslanaraq, belə qənaətə gəlir ki, baxılan mübahisə üzrə subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri meyarlarının hər üçünün kommersiya xarakterli olmasına dair qarşılıqlı bağlılığı mövcuddur, bu səbəbdən də mülki iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı Cavabdeh İB-nə qarşı aktın ləğvi və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə 2(032)-1103/2023 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar