Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-113/2023 10.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı aktın ləğv və aktın ləğvi və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ev Şirvan Qaz İdarəsində atası X2 adına qeydə alınmışdır. Qaz İdarəsində isə atasının adı Allahverən kimi qeyd edilmişdir. Atası Q.Əliyev xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə cavabdehin işçiləri yaşadığı evə gələrək qaz sayğacını dövlət yoxlamasına aparacaqlarını bildirdilər. Onlara heç bir etiraz bildirmədi. Onlar sayğacı açaraq əvəzinə qaz sayğacı quraşdırdılar. xx.xx.2022-ci il tarixdə Şirvan Qaz İdarəsinin işçiləri yaşadığı evə gələrək yoxlamada sayğacın plastmas borusunda deşik olması barədə rəy verildiyini, bu səbəbdən də akt yazacaqlarını və cərimə hesablayacaqlarını bildirdilər. Bir müddət sonra ona bildiriş verildi və bildirişdə 518 manat borcunun olması qeyd olunmuşdur. Araşdırma aparıb borcun guya sayğaca müdaxilə edildiyi üçün yazıldığını müəyyən etdi. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı evə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt yazmış və 1036,80 manat məbləğində cərimə hesablanmışdır. Aktın yazılmasına səbəb kimi sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın istismara yararsız olması göstərilmişdir. xx.xx.2021-ci il tarixədək evində 10584104 nömrəli qaz sayğacı istifadədə olmuş və qeyd olunan tarixdə **********9 nömrəli sayğacla əvəz olunmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndələri bildirdilər və **********9 nömrəli sayğacı **********403 nömrəli smart sayğacla əvəz etdilər. Əvvəlki sayğacdada heç bir nöqsan olmadığı halda cərimə olunduğu üçün akta imza etmədi. Sayğac dəyişdiriləndən 4 ay keçdikdən sonra guya sayğacda müdaxilə olduğunu bildirib 1036,80 manat cərimə yazdılar. Odur ki, “Azəriqaz” İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 518,40 manat borcun, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin 06 ayının 30 günündə 222 nömrə ilə qeyd edilmişdir. «Azəriqaz» X1 RQİİ-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “Azəriqaz” İB-nin metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının xx.xx.2022-ci il tarixli, MSK 29/1710-00408-1 № rəyinə əsasən G-4 markalı 10584104 № sayğaca ümumi baxış keçirildi. Sayğaca baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməsi göstərilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, qaz sayğacının çıxış plastmas borusu deşilib. Qeyd olunan akta istehlakçının oğlu İddiaçı imza etməmişdir. (imzasının qarşısında imtina edib sözü yazılmışdır) ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, abonent İlham İmanovun istifadəsində olan 10584104 nömrəli qaz sayğacı istismardan çıxarılmış, 11831614 nömrəli sayğac quraşdırılaraq plomblanmışdır. İddiaçı məxsus (abonentin kodu **********01140) abonentin saldosunda **********9 nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2022-ci il ərzində qalıq borc 518 manat 40 qəpik müəyyən olunur. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin İTRİ-nin xx.xx.2022-ci il tarixli 29/1710-03427-1 saylı rəyinə əsasən çıxarılan **********9 № qaz sayğacının çıxış plastmas borusu deşilib. Qeyd olunan akta istehlakçının oğlu İddiaçı imza etməmişdir. (imzasının qarşısında imtina edib sözü yazılmışdır) «Azəriqaz» X1 RQİİ-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “Azəriqaz” İB-nin metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının xx.xx.2022-ci il tarixli, MSK 29/1710-03427-1 № rəyinə əsasən G-4 markalı **********9 № sayğaca ümumi baxış keçirildi. Sayğaca baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməsi göstərilmişdir. ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, abonent Qulu Əliyevin istifadəsində olmuş **********9 nömrəli qaz sayğacı istismardan çıxarılmış, 11817093 nömrəli sayğac quraşdırılaraq plomblanmışdır. İddiaçı məxsus (abonentin kodu **********01140) abonentin saldosunda **********403 nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2022-ci ilin oktyabr ayı ərzində qalıq borc 1036 manat 80 qəpik müəyyən olunur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundansonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması,texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi,dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı ünvan 1 ünvanda qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırma aparılaraq təqsirli şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin qaz sayğacı vasitəsilə qazdan istifadə etmiş və istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən tam olaraq ödəmişdir. Bu müddət ərzində paylayıcının nümayəndəsi tərəfindən qaz sayğacında hər hansı bir xətanın olması barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmiş, həmçinin sayğacın çıxış plastmas borusunun deşilməsi məhz İddiaçı və ya ailə üzvləri tərəfindən edilməsi məhkəmə iclasında sübuta yetirilməmiş və həmçinin xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar İddiaçı tərəfindən imzalanmamış, artıq sonradan istehlakçıya müvafiq cərimə barədə xəbərdarlıq edilmişdir. Belə olan vəziyyətdə məhkəmə nəticəyə gəlir ki, cavabdeh təşkilatın aktının əsaslığı təsdiq olunmamış, nümayəndəsi məhkəmədə iştirak etməməklə bu halı təkzib etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı «Azəriqaz» İB-nə qarşı tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar ləğv edilməli, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 518,40 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1036,80 manat cərimə borcları silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB tərəfindən ünvan 2 ünvanında təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar tərtib edilmiş tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 518,40 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1036,80 manat cərimə borcları ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-113/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-113/2023
10.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver