Məhkəmə qərarları › İş №2(032)-115/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-115/2023

17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-115/2023 17.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azəriqaz İB-nə və X4 istismar İdarəsinə qarşı “aktın etibarsız hesab olunması və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azəriqaz İB-nə və X4 istismar İdarəsinə qarşı “aktın etibarsız hesab olunması və cərimə borcunun silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X1 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 14 oktyabr 2022-ci il tarixli ******* saylı aktının etibarsız hesab olunması və 172 manat 80 qəpik cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 istismar İdarəsinin əməkdaşları yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Q.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərək sayğacın hesablama mexanizminin sayğacdan keçən təbii qazın həcmini qeyd etməməsi barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən qaz sayğacının əvəzinə onun vəsaiti hesabına yeni sayğacın alınması müəyyən edilərək 1440 kubmetr dəymiş ziyan hesablanaraq 172 manat 80 qəpik məbləğində cərimə cəzası ilə cəzalandırılmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsassızdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Sayğacın keçən qazın həcmini hansı səbəbdən hesablamaması barədə heç bir məlumatı yoxdur. Sayğacın üzərinə vurulmuş plomb zədələnmədən sayğacın üzərindədir. Sayğacın üzərində plomb olduğu halda onun daxilinə müdaxilə etmək mümkün deyildir. Qaz sayğacı yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən kənarda quraşdırılmış və heç bir mühafizə örtüyü ilə mühafizə olunmamışdır. Sayğaca hər hansı müdaxilə olunması barədə heç bir məlumatı olmamışdır. İstehlak edilmiş qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. Azəriqaz İBnin əməkdaşları tərəfindən hər ay qaz sayğaclarına mütəmadi olaraq baxış keçirilir. Əgər sayğaca hər hansısa bir müdaxilə edilmiş olsaydı bu o halda nə üçün aşkar edilməmişdir ? Sayğacın üzərində plomb olduğu halda onun daxilinə müdaxilə etmək mümkün deyildir. Qeyd etmiş olduğu səbəbdən hazırda Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 may 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, ev 399 yerləşən fərdi yaşayış evinə dövlət yoxlamasından gələn yararlı sayğac qurulmuşdur. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” 14 oktyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 10 oktyabr 2022-ci il tarixli 29/1710-03122-1 saylı rəyinə əsasən çıxarılan 4421162-lı qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 14 oktyabr 2022-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ev 399 yerləşən fərdi yaşayış evində quraşdırılmış G-4T mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il oktyabr ayı üçün 172 manat 80 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Q.Məmmədov küçəsi ev 15B yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 172 manat 80 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 14 oktyabr 2022-ci il tarixli ******* saylı aktda sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın etibarsız sayılması üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 14 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 172 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın etibarsız hesab olunmasına dair hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar