Məhkəmə qərarları › İş №2(032)-1164/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1164/2023

28.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1164/2023 28.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan regional Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1555 manat məbləğində qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosesseual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsində iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları məhkəmə iddia ərizəsi ilə bitlikdə məhkəməyə təqdim etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı əlavə etsə də, həmin akt əsasında aparılmış hesabatı məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçının qeyd edilən borc məbləğinin mövcudluğu ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar