Məhkəmə qərarları › İş №2(032)-120/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-120/2024

11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-120/2024 11.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “İstehsalat Birliyi tərəfindən hesablanmış 216 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Ünvan üzrə quraşdırılmış qaz sayğacına xx.xx.2021-ci tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş, ******* nömrəli akt tərtib edilməklə ******* nömrəli qaz sayğacı istismar müddətinin bitməsi səbəbindən dəyişdirilmiş, zavod nömrəsi **********4, plomb nömrəsi 11034306 olan qaz sayğacı quraşdırılmış və akt tərtib edilmişdir. Sonradan ünvan üzrə istehlakçının 2160 m3 itirilmiş qazın bərpası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Onun iştirakı olmadan tərtib edilmiş aktda qeyd edilən qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Qeyd edilən aktın tərtib edilməsi barədə məlumatı olmamış, cavabdeh təşkilat tərəfindən bu müddət ərzində corcun ödənilməsi tələb edilməmişdir.Əlavə olaraq, istehlakçının iştirakı təmin edilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK 29/1710- 33095-1 nömrəli aktına əsasən, ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və sayğacın istismara yararsız olması barədə heç bir məlumatı olmamışdır. Belə ki, sayğac çıxarlan zaman kənar müdaxilə və ya zavod plomblarının qırılması qeyd edilməmişdir. Qeyd edilən nasazlıqlar istehlakçı tərəfindən yetirilməsi qeyri-mümkündür. Sayğacın çıxış plastmas borusunun deşilməsi istehlakçının zərərinədir.Bundan əlavə, hər ay cavabdeh təşkilatın nümayəndələri tərəfindən qaz sərfiyyatı üzrə sayğac üzərindən oxunma aparılır. Bu səbəbdən ötən dövr ərzində qaz sərfiyyatının hesablanmasında və ödənişlərin həyata keçirilməsində dəyişiklik olmuşdur. (abonent saldosu) Nəticə etibarı ilə qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və sayğacın istismara yararsız olması səbəbindən barəsində 216 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh İB-nin Şirvan Qaz İdarəsi tərəfindən ona yazılmış 216 manat borc qanunsuzdur. Belə ki, qaz sayğacı onun həyətində quraşdırılmamış, küçədə quraşdırılmış, qutu ilə təmin edilməmişdir. Belə olan halda onun həmin qaz sayğacını daima nəzarətdə saxlamağı, qaz sayğacı plomblu olduğu halda onun daxilinə müdaxilə etməyi mümkünsüzdür. "Qazdan istifadə qaydaları”nda cavabdehin hüquq vəzifələri tam aydın şəkildə qeyd olunmasına baxmayaraq onlar bu qaydalara məhəl qoymadan, hüquq və vəzifələrin icra etmədən, heç bir obyektiv araşdırma aparmadan səlahiyyətlərindən istifadə edərək onlara heç bir əsası olmayan aktlar yazır, heç bir qaydalarla müəyyən olunmayan hesabatlar aparır, fikirlərindən keçən cərimələr hesablayırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 14 oktyabr 1983-cü il tarixli iclasının 20 nömrəli protokoldan çıxarışın surətindən görünür ki, Şirvan şəhəri 1 May küçəsindəki ev 120 nömrəli sahədə tikilmiş İ mərtəbəli 4 otaqlı fərdi ev və 600 kv.m torpaq sahəsinin İddiaçı Şəri oğlunun adına sənədləşdirilməsi qərara alınmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, X4 yaşadığı ünvanda- ünvan 2 qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-cü il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin xx.xx.2021-ci il tarixli 29/1710- 03095-1 saylı rəyinə əsasən çıxarılan ******* №-li qaz sayğacına baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilmişdir. Dəymiş ziyanın və itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, abonent X6 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2021-ci il tarixli ******* saylı akt göstərilmişdir. Abonentin saldosu sənədindən görünür ki, İddiaçı ünvan 3 ünvanında quraşdırılmış Zenner G-4T Mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2021-ci il dekabr ayı üçün 216 manat debitor borcu yaranmışdır. AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X2 atası İddiaçı Şəri oğlu, anası X1r. Xİİİ-JQ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı atası X7, anası X3r. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyi xx.xx.2023-cü il tarixli 7505 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu ünvan 4 ünvanında quraşdırılmış sayğacın çıxış plastmas borusu deşilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın çıxış borusunun deşilməsi iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi - sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Belə ki, Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu Xidmət müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olubolmamasının Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən etmək mümkün olmadığında cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, 2021-ci il dekabr ayı üçün hesablanmış 216 manat borc iddiaçının abunə hesabından (abonent kodu: **********02890) silinməli, bununla da iddia tələbi təmin edilməlidir . Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin olunsun. 30 iyul 2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 216 manat məbləğində hesablanmış ziyan məbləği abonent kodu: **********02890 olan abunə hesabından silinsin. Cavabdeh Azəriqaz İB-dən dövlət rüsumu hesabına 30 manat məbləğində alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar