Məhkəmə qərarları › İş №2(032)-1230/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1230/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1230/2025 15.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1412 manat borcun, 647 manat cərimə məbləğinin, ümumilikdə 2059 manat pulun və tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında xx.xx.2023-cü il tarixli, TM KR123677 nömrəli alğı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 3850 manat məbləğində mebel əşyaları cavabdehə satılmışdır. Həmin müqaviləyə əsasən 3850 manat məbləğinin ilkin ödənişi olaraq 200 manat nəğd şəkildə, qalan 3650 manat pul ödəniş cədvəlinə uyğun 18 ay müddətində ödənəcəyi nəzərdə tutulmuşdur. Alğı-satqı müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə də xx.xx.2023-cü il tarixli, TM KR123677 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh1 hal-hazıradək olan borcunu tam ödəməmiş və müqavilə öhdəliklərini pozmuşdur. Cavabdeh ödənişini xx.xx.2024-cü ildə tam bağlamalı olduğu halda öhdəliyini yerinə yetirməmiş və hazırkı vaxtda 1412 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Müqavilənin 7.1.2-ci maddəsinə əsasən “Alıcı” müqavilə ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmədikdə hər gün üçün əşyanın (əşyaların) 1000 manatdan (min manat) aşağı olduqları ümumi qiymətinin 0.2%-i miqdarında, 1000 manatdan (min manat) yüksək məbləğlər üçün 0.1%-i miqdarında cərimə ödənilməlidir. Müqavilənin bu müddəasına əsasən cavabdeh tərəfindən hazırki günə ödənilməmiş ümumi cərimə məbləği 647 manat təşkil edir. Cavabdeh pretenziya qaydasında müraciətə əsasən borcunu könüllü qaydada ödəməsi tələb edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdeh borcunu könüllü surətdə geri qaytarmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, TM KR123677 nömrəli alğı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 3850 manat məbləğində mebel əşyaları cavabdehə satılmışdır nisyə aldığı malın müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 200 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Cavabdeh1 arasında 1xx.xx.2023-cü il tarixli, TM KR123677 nömrəli alğı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürməsi barədə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 1412 manat əsas, 647 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alğı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1412 manat borc tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1412 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 647 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 10 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, TM KR123677 saylı müqaviləyə əsasən 1412 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1422 manat və ödənilmiş 41 manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar