Məhkəmə qərarları › İş №2(032)-1257/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1257/2025

20.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1257/2025 20.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı və vəkili X13, Müstəqil tələb irəli sürən 3-cü şəxslər X14, X16, X27, X28 və X10 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı mərhum babası X7 vərəsəsi kimi tanınması və miras əmlakda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum babası X7 vərəsəsi kimi tanınması və miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun babası X17 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, atası X21 isə ondan əvvəl – xx.xx.1999-cu ildə vəfat etmişdir. İddiaçı qeyd etmişdir ki, babasının ölümündən sonra ünvan 1 ünvanında yerləşən mənzil miras əmlak kimi qalmışdır. İddiaçının bildirdiyinə görə, o, qanun üzrə vərəsə kimi tanınması və miras əmlakda ona çatan payın müəyyən edilməsi üçün Şirvan şəhər 1 saylı notariat orqanına müraciət etmiş, lakin notariat orqanı tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Cavab məktubunda imtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçı mirası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmədiyindən, bu barədə notariat orqanına ərizə ilə müraciət etməmişdir. İddiaçı əlavə etmişdir ki, mərhum X7 digər varisi olan həyat yoldaşı X6 adına miras əmlakın yalnız ½ hissəsi rəsmiləşdirilmiş, digər ½ pay isə açıq saxlanılmışdır. İddiaçı bu hissənin qanun üzrə onun atasının payına düşdüyünü, atası sağ olmadığına görə həmin payın onun – yəni övladın vərəsəlik hüququ əsasında ona keçdiyini əsaslandırmışdır. İddiaçı tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə istinad edərək, birinci növbəli vərəsələrə miras qoyanın uşaqları, onun ölümündən əvvəl vəfat etmiş uşaqlarının isə öz növbəsində nəvələri aid olduğundan, atasının ölümünə görə onun yerinə vərəsə kimi tanınmasını və miras əmlakda ona çatan payın müəyyən edilməsini xahiş etmişdir. O, həmçinin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquqlarının məhkəmə müdafiəsinə təminat verildiyini əsas gətirərək, iddiasının təmin edilməsini tələb etmişdir. İddiaçı və vəkili X24 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi X18 əvvəlki məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Şahbazov Mirağanın qızları Yeganə və Arzu xanım Notariat Ofisinə müraciət etmişdir. Vərəsəlik işi başlamışdır. Tərəflərə zəng edərək vərəsəlik işinin açılması barədə məlumat vermişdir. Rəsmi sənəd yoxdur. Asif vərəsəlik işində iştirak etmədiyi üçün onun payı açıq saxlanılmışdır. Qızlar həmin evdə qeydiyyatda olmadıqlarından mirasdan imtina etmişdirlər. ½ hissədə mülkiyyət payının bir hissəsi qəyyumluq və vərəsəlik məsələləri aydınlaşdırılana qədər açıq saxlanılmışdır. Müstəqil tələb irəli sürən 3-cü şəxs X16 izahatında mənzilə dair miras payının müəyyən edilməsini, mənzildən İddiaçı da pay verilməsinə heç bir etirazı olmdığını bildirmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X27 izahatında bildirmişdir ki, əvvəllər bu barədə iddiaları olmamışdır. Lakin, hazırda anasının evdə qalmaq kimi bir güzəşti yoxdur. Evdən qovulub. Yayda onun, qışda isə bacısının evində qalırdı. Sonra yoldaşı xəstə oldu. Bacısı bildirdi ki, onlarda qalsın. Anası bu gün çöldə qaldığına görə, evin satılmağını və hər kəsin payının müəyyən edilməsini istəyir. Mənzildən İddiaçı pay almasına heç bir etirazları yoxdur. Qardaşı oğludur. Müstəqil tələb irəli sürən 3-cü şəxs X28 ilkin olaraq izahatında hazırda mənzildə onun qaldığını, atasına və anasına özünün baxdığını bildirərək, mənzilin ona verilməsini xahiş etmişdir. Daha sonra məhkəmə gedişatında digər müstəqil tələb irəli sürən 3-cü şəxslərlə aralarında razılığa gəlmişlər, Şirvan şəhəri, S.Vurğun küçəsi 23 saylı evin, 2 saylı mənzilindən payının müəyyən edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X22 məhkəmə iclasında Şirvan şəhəri, S.Vurğun küçəsi 23 saylı evin, 2 saylı mənzilindən atası X15 çatası paydan onun da payının müəyyən edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən X27 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2023-cü ilin aprel ayında notariat ofisinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzrə miras paydan imtina etdiyini bildirmiş olsa da, o, elə bilmişdir ki, mirasdan payını anasının xeyrinə imtina etmişdir. Hazırda həmin imtinanı etmədiyini və payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən X4 şəhəri, Səməd Vurğun küçəsi 23, mənzil 2 ünvanında yerləşən mənzil üzrə miras qalan əmlak dair payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən X5 şəhəri, Səməd Vurğun küçəsi 23, mənzil 2 ünvanında yerləşən mənzil üzrə miras əmlaka dair payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən X3 şəhəri, Səməd Vurğun küçəsi 23, mənzil 2 ünvanında yerləşən mənzil üzrə miras əmlaka vərəsə kimi tanınaraq payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İş materiallarına əlavə edilmiş notariat iş materiallarından görünür ki Şirvan şəhər icra hakimiyyəti başçısının 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş məktubda X7 ailə tərkibinin

1. X14

2. X21

3. X16

4. X27

5. X9 olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, X21 1999-cu il tarixdə vəfat etmiş və onun İddiaçı və Günel Şahbazova adlı övladları vardır. İş materiallarının tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, X17 20 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. Bu hal Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, AZ-İİ №315102 saylı ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur. Mərhumun həyat yoldaşı X14 ilə nikah münasibətləri 12 avqust 1961-ci ildə rəsmiləşdirilmiş, həmin nikah mərhumun ölümü ilə Dövlət Qeydiyyat kitabında müvafiq qaydada xitam olunmuşdur. Miras kütləsinə daxil olan daşınmaz əmlak – Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 23 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,63 kv.m olan, 3 otaqlı mənzil mərhum X7 adına xx.xx.2009-cu il tarixdən dövlət reyestrində qeydiyyata alınmışdır (çıxarış, Reyestr №**********). Şirvan şəhəri 1 saylı Notariat ofisi tərəfindən 18 aprel 2023-cü il tarixdə tərtib edilmiş, V- 62/2023 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mərhumun miras əmlakından ½ pay həyat yoldaşı X6 adına rəsmiləşdirilmiş, digər ½ pay isə açıq saxlanılmışdır. Həmin ərizədə qeyd edilmişdir ki, qeyd edilən əmlak nikah dövründə əldə edilməmişdir. Notariat iş materiallarından görünür ki: X14 tərəfindən xx.xx.2023-cü il tarixli ərizələrlə miras əmlakın ona qanunla düşən payın verilməsini xahiş etmişdir. X16 tərəfindən xx.xx.2023-cü tarixdə verilmiş ərizədə o, atasından qalan miras payını qəbul edilməsindən imtina etdiyini bəyan etmişdir; X27 tərəfindən xx.xx.2023-cü il tarixli ərizədə atasının mirasından ona düşən paydan imtina edilməsi göstərilmişdir (Reyestr № 8İ-2995); Eyni zamanda, xx.xx.2025-ci il tarixli əlavə ərizəsində (Reyestr № 8İ-6181) miras işinin açıldığı və notariat tərəfindən anası Gələmnaz Nadir qızına vərəsəlik şəhadətnaməsi verildiyi təsdiq edilmişdir. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsində Gələmnaz Nadir qızının miras əmlakı üzrə vərəsə olaraq tanınmış və miras qalan əmlak üzrə payı ½ hissə olaraq müəyyən edilmişdir Şirvan şəhər 1 saylı Notariat kontoru tərəfindən İddiaçı müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, №471 saylı rəsmi məktubda onun mirasın qəbul müddəti ərzində notariat orqanına müraciət etmədiyi və buna görə də vərəsəlik şəhadətnaməsinin ona verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı Orxan Mehman oğlunun şəxsiyyətini təsdiq edən sənədlərin surəti, dövlət rüsumunun ödənilməsi barədə qəbz, iddia ərizəsi və ona əlavə edilmiş bütün sənədlər iş materiallarına daxil edilmişdir. Məhkəmənin tətbiq etdiyi hüquq normaları və qanunvericilik aktları Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Mirasın əldə edilməsi Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Maddə 1256. Mirasın qəbulundan imtina müddəti Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1291. Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1324. Vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi Vərəsə miras açıldıqdan sonra onun müəyyənləşdirilmiş müddətdə qəbulundan imtina etmədən ölərsə, mirasın qəbulundan imtina etməmiş vərəsənin vərəsələri ilkin miras qoyandan qalmış əmlaka mirasın qəbulundan imtina etməmiş vərəsənin əmlakı kimi vərəsəlik şəhadətnaməsi ala bilərlər. Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi 1325.1. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 1325.2. Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir. 1325.3. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir. 1325.4. Hər bir miras şəriki bu Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər. 1325.5. Bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şəhadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərar). Vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi məqsədi ilə, ilk növbədə, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin, yaxud şəxslərin qohumluq münasibətləri kimi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlərə xüsusi icraat qaydasında baxıldıqdan sonra, miras əmlakın bölüşdürülməsi ilə bağlı məsələlərə ümumi iddia icraatı qaydasında baxıla bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.( Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair) Azərbaycan Respublkası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.( Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair) Məhkəmənin mövqeyi İş materialları və tərəflərin izahatları məhkəmə tərəfindən hərtərəfli araşdırıldıqdan sonra müəyyən edildi ki, miras X7 xx.xx.2012-ci il tarixdə vəfatı ilə açılmışdır (MM 1145, 1146). Miras kütləsinə ünvan 1 ünvanında yerləşən, 58,63 kv.m sahəli, 3 otaqlı mənzil daxildir və əmlak mərhumun adına xx.xx.2009-cu ildən dövlət reyestrində qeydiyyatdadır. Mərhumun ailə tərkibi və qanuni varislərinin çevrəsi iş materiallarındakı məlumat və arayışlarla təsdiqlənir. X2, övladları Şahbazov Mehman (miras açılmamışdan əvvəl – xx.xx.1999-cu ildə vəfat etmiş), Şahbazova Yeganə, Əhmədova Arzu, Şahbazov Asifdir. 1) Mirasın bölüşdürülməsi barədə məhkəmənin ümumi mövqeyi: Məhkəmə hesab edir ki, mirasın bölüşdürülməsi ilə bağlı yaranmış hüquqi mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair müddəalarının sistemli və məqsədyönlü tətbiqini tələb edir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölən şəxsin əmlakı qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçir, 1133.2-ci maddəyə görə isə qanun üzrə vərəsəlik, miras qoyanın vəsiyyət qoymaması və ya vəsiyyətin etibarsız sayılması hallarında tətbiq edilir. Bu işdə miras qoyan X17 hər hansı vəsiyyət qoymadan vəfat etmişdir və bu səbəbdən vərəsəlik münasibətləri tam şəkildə qanun üzrə tənzimlənməlidir. Miras Mülki Məcəllənin 1146-cı maddəsinə uyğun olaraq miras qoyanın ölüm anı – 20 sentyabr 2012-ci il tarixdən açılmış sayılır və miras hüquqlarının, eləcə də vərəsələrin dairəsinin müəyyən olunması məhz həmin tarixə hüquqi qiymətləndirilməklə aparılmalıdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən, miras əmlak miras qoyanın ölüm anınadək malik olduğu əmlak hüquqlarından ibarət olub, bu iş üzrə miras kütləsinə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,63 kv.m olan yaşayış mənzili daxildir. Vərəsələrin növbəliliyi məsələsi Mülki Məcəllənin 1159 və 1160-cı maddələri ilə tənzimlənir. Həmin maddələrin tələblərinə görə, birinci növbəli vərəsələr miras qoyanın arvadı (əri), uşaqları və valideynləri sayılırlar. Bu iş üzrə müəyyən edilib ki, miras qoyanın həyat yoldaşı (arvadı) – X1, övladlarından Şahbazova Yeganə, Əhmədova Arzu və Şahbazov Asif mirasın açıldığı tarixdə sağ olmuş, oğlu Şahbazov Mehman isə mirasın açılmasına qədər – 03 iyun 1999-cu ildə vəfat etmişdir. AR Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə görə, miras açıldığı vaxt miras qoyanın övladı sağ olmadıqda, həmin övladın yerinə vərəsəlik hüququ onun uşaqlarına keçir və onlar öz valideynlərinə çatası payı bərabər şəkildə bölüşdürürlər. Bu norma hüquq ədəbiyyatında və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində “ailə-təminat konsepsiyasına əsaslanır. Buna görə də mərhum Mehmanın övladları – İddiaçı və Günel Şahbazova birbaşa babalarının vərəsəsi deyil, atalarının yerinə keçərək onun payını bərabər şəkildə qəbul edən vərəsələr kimi tanınmalıdırlar. Beləliklə, mirasın birinci növbəli vərəsələri kimi beş subyekt müəyyən olunur: həyat yoldaşı Gələmnaz, uşaqları Yeganə, Arzu, Asif və Mehman xətti üzrə nəvələr. Bu isə o deməkdir ki, miras kütləsi əvvəlcə beş bərabər hissəyə bölünməli, bu paylardan birinə Mehman xətti daxil olmalı, həmin 1/5 pay isə öz növbəsində Orxan və Günel arasında yarıbayarı bölüşdürülməlidir. Məhkəmə bu nəticəyə yalnız qanun mətninə əsaslanaraq deyil, həm də Konstitusiya Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli qərarında təsdiqlənmiş ailə-təminat prinsipinin məntiqindən çıxış edərək gəlir. Həmin hüquqi mövqedə açıq şəkildə qeyd edilir ki, vərəsəlik institutu yalnız əmlakın ötürülməsi vasitəsi deyil, eyni zamanda ailənin sosial müdafiəsini təmin edən hüquqi mexanizmdir və miras qoyanın ən yaxın ailə üzvlərinin – həyat yoldaşının, uşaqlarının və övladları sağ olmadıqda nəvələrinin mənafeyi digər şəxslərin maraqlarından üstün tutulmalıdır. 2) Mehman Şahbazov xətti üzrə nəvələrin vərəsəliyi (MM 1159.1.3) Məhkəmə müəyyən etdi ki, miras qoyan X7 oğlu – X21 mirasın açılmasına qədər, 03 iyun 1999-cu ildə vəfat etmişdir. Bu səbəbdən o, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə uyğun olaraq birbaşa vərəsə kimi çıxış edə bilməz. Lakin Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, mirasın açıldığı zaman miras qoyanın övladlarından biri sağ olmadıqda, onun yerinə onun övladları – yəni miras qoyanın nəvələri vərəsəlik hüququ qazanırlar və həmin övladına çatası payı bərabər şəkildə bölüşdürürlər. Bu norma irsi təmsilçilik prinsipi adlanır və ailə-təminat konsepsiyasından irəli gəlir. Yəni, miras qoyanın birbaşa övladının həyatda olmaması onun övladlarının – yəni nəvələrinin hüquqlarını aradan qaldırmır, əksinə həmin hüquqlar qanundan irəli gələn qaydada varislik yolu ilə onlara keçir. İş materiallarında təsdiq olunur ki, mərhum X11 iki övladı – İddiaçı və X23 mövcuddur. Bu şəxslər babaları Mirağa Ağababa oğlunun birbaşa övladı olmasalar da, Mülki Məcəllənin 1159.1.3cü maddəsinə əsasən mirasın bölüşdürülməsində atalarının yerini tutur və onun payını bərabər nisbətdə qəbul etmək hüququna malikdirlər. Onlara vərəsəlik hüququ yalnız formal qanuni mexanizmlərə görə deyil, həm də Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş mülkiyyət və vərəsəlik hüququnun müdafiəsi çərçivəsində təmin edilir. Konstitusiya Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli qərarında qeyd olunur ki, vərəsəlik hüququ yalnız əmlakın kimdən kimə keçməsi məsələsi deyil, eyni zamanda ailənin iqtisadi və sosial müdafiəsini təmin edən hüquqi institutdur. Ailə-təminat prinsipi tələb edir ki, miras qoyanın əmlakı ilk növbədə onun ən yaxın ailə üzvlərinə – həyat yoldaşına, uşaqlarına və həmin uşaqların ölümü halında isə nəvələrinə çatsın. Bu baxımdan məhkəmə hesab edir ki, Mehman xətti üzrə nəvələrin mirasdan kənarda qalması nə qanunun mətninə, nə onun mahiyyətinə, nə də Konstitusiyanın ailənin qorunması prinsipinə uyğun ola bilər. Beynəlxalq hüquqi yanaşmalar da bu mövqeyi dəstəkləyir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda miras hüququ “mülkiyyət hüququna bağlı legitim gözlənti” kimi qiymətləndirilir (Protokol 1, Maddə 1). Yəni şəxs ailə üzvü kimi vərəsəlik hüququna malikdirsə, bu hüquq yalnız formal prosedurlar əsasında deyil, həm də maddi ədalət və ailə bağlarının qorunması kontekstində müdafiə olunmalıdır. Beləliklə, məhkəmə qənaətə gəlir ki, miras qoyanın həyatda olmayan oğlu Mehmanın əvəzinə onun övladları – Orxan və Günel Şahbazovlar qanun üzrə mirasda iştirak etməli, onların hər biri atalarına çata biləcək 1/5 payın yarısı həcmində – yəni 1/10 nisbətində pay sahibi kimi tanınmalıdır. Bu qərar həm Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin tələbidir, həm ailə-təminat prinsipindən irəli gəlir, həm də ədalət, proporsionallıq və hüquqi bərabərlik baxımından tam əsaslıdır. 3) Yeganə və Arzunun “imtina ərizələri”nin hüquqi qiymətləndirilməsi Məhkəmə mirasın bölüşdürülməsi ilə bağlı təqdim edilmiş sübutları, notariat sənədlərini və tərəflərin izahatlarını qiymətləndirərək bu qənaətə gəlir ki, X16 və X27 tərəfindən 2023-cü ilin aprel ayında notariat orqanına təqdim edilən mirasdan imtina barədə ərizələr hüquqi nəticə doğurmur və vərəsəlik hüququnu aradan qaldıran əsas kimi qəbul edilə bilməz. Bunun bir neçə səbəbi vardır və onlar həm prosessual, həm maddi hüquq normalarına, həm də Konstitusiya Məhkəməsinin mövqeyinə əsaslanır. Əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə görə, vərəsə mirasın açıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən üç ay müddətində mirası qəbuldan imtina edə bilər. Bu müddət yalnız üzrlü səbəblər olduqda və məhkəmə qərarı ilə maksimum iki ay müddətinə uzadıla bilər. Hazırkı işdə miras 20 sentyabr 2012-ci il tarixdə açılmışdır. Yeganə və Arzu isə bu tarixdən 11 il sonra, yalnız 2023-cü ilin aprel ayında notariat orqanına imtina ərizələri təqdim etmişlər. Bu, qanunda nəzərdə tutulan 3 aylıq müddətdən azı 10 il gecdir və həmin gecikmənin üzrlü səbəblərlə bağlı olması barədə heç bir sübut təqdim olunmamışdır. Bu səbəbdən belə ərizələr Mülki Məcəllənin tələb etdiyi müddət pozulduğuna görə hüquqi nəticə doğurmur. İkincisi, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirası qəbuldan imtina etmədiyi, yaxud əmlakı faktiki idarə etdiyi və ya miras müddəti ərzində notariat orqanına imtina barədə ərizə vermədiyi halda, miras faktiki olaraq qəbul edilmiş sayılır. Mirasın açılmasından sonra bu qədər uzun müddət ərzində imtina etməyən vərəsələr vərəsə sayılırlar. Bundan başqa, bu şəxslərin miras əmlakın qorunması, istifadəsi, onun saxlanmasına razılıq verməsi, ailə tərkibi kimi hüquqi sənədlərə daxil edilmələri və mirasın digər vərəsə tərəfindən rəsmiləşdirilməsinə etiraz etməmələri faktiki qəbuletmənin hüquqi göstəricisidir. Üçüncüsü, imtinanın kimin xeyrinə edilməsi məsələsi də hüquqi baxımdan əhəmiyyətlidir. Mülki Məcəllənin 1257-ci maddəsinə əsasən, mirasdan imtina yalnız ümumi qaydada edilə bilər və konkret şəxsin xeyrinə yönəldilə bilməz. Bu işdə təqdim edilmiş imtina ərizələrində belə anlaşılır ki, Yeganə və Arzu mirası qəbul etməmələrini qeyri-formal olaraq anaları Gələmnazın xeyrinə etdiklərini güman etmişlər. Lakin qanunvericilik imtinanı yalnız dövlətin, icmanın və ya digər vərəsələrin xeyrinə avtomatik keçməklə deyil, “ümumi imtina” kimi tanıyır. Yəni, vərəsə mirasdan imtina etdikdə, həmin pay öz növbəsində digər qanuni vərəsələr arasında bərabər şəkildə bölünür və konkret şəxsin üstünlüyü yaradıla bilməz. Bu da o deməkdir ki, Yeganə və Arzunun imtinası hüquqi formaya uyğun olmadığı kimi, hüquqi mahiyyət baxımından da qəbul edilə bilməz. Dördüncüsü, Konstitusiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarında vurğulanır ki, notariat orqanları mirasdan imtina ərizələrini qəbul edərkən formal yanaşmamalı, imtinanın hüquqi və faktiki əsaslarını, müddətin keçib-keçmədiyini, vərəsələrin iradəsinin aydın olub-olmadığını araşdırmalıdırlar. Miras açıldığı vaxtdan illər sonra verilən imtina ərizələri vərəsənin hüquqi mövqeyini dəyişmir və belə imtinaya hüquqi qüvvə verilə bilməz. Bu halda miras artıq “susmaqla qəbul edilmiş” hesab olunur və sonradan edilən imtina daha hüquqi nəticə doğurmur. Nəhayət, məhkəmə hesab edir ki, mirasdan imtina hüququndan sui-istifadə edilməsi, yəni mirasın əvvəl qəbul edilib, illər sonra pay bölgüsünə təsir etmək üçün imtina kimi təqdim edilməsi, Mülki Məcəllənin 7-ci maddəsində təsbit olunan hüququn dürüstlük, ədalət və məqsədəuyğunluq prinsiplərinə də ziddir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, Yeganə və Arzu tərəfindən təqdim edilmiş imtina ərizələri müddətdən kənar verildiyindən, mirasın faktiki qəbulunu dəyişmədiyindən, həm mahiyyət, həm də forma baxımından Mülki Məcəllənin tələblərinə uyğun olmadığından hüquqi qüvvəyə malik deyildir və miras bölgüsündə nəzərə alınmamalıdır. 4) Payların hesablanması (qanun üzrə bərabər paylar) Birinci növbəli vərəsələr kimi mərhumun həyat yoldaşı Gələmnaz və dörd övladı (Yeganə, Arzu, Asif, Mehman xətti) eyni növbədədir (MM 1159.1.1, 1160). Beləliklə, ümumi beş pay formalaşır. Hər bir pay 1/5 nisbətindədir. Mehman xətti üzrə bu 1/5 pay MM 1159.1.3 tətbiqi ilə iki nəvə – Orxan və Günel – arasında bərabər bölünərək hər birinə 1/10 düşür. Nəticə etibarilə, Gələmnaz – 1/5, Yeganə – 1/5, Arzu – 1/5, Asif – 1/5, Orxan – 1/10, Günel – 1/10 nisbətində pay hüququna malikdirlər. 5) Vərəsəlik şəhadətnaməsinin qismən ləğvi zərurəti Şirvan şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, V-62/2023 nömrəli vərəsəlik şəhadətnaməsi ilə Gələmnazın payı 1/2 kimi müəyyən edilmiş, qalan 1/2 “açıq saxlanılmışdır”. Bu yanaşma MM 1159, 1160 və 1159.1.3-ün tələblərinə uyğun deyil, çünki birinci növbə vərəsələri (arvad və dörd övlad/Mehman xətti) beş bərabər paya malikdirlər. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il qərarı da göstərir ki, notariat orqanı vərəsəlik şəhadətnaməsi verərkən bütün vərəsələrin paylarını müəyyənləşdirməli, formal şəkildə yalnız bir vərəsənin payını rəsmiləşdirməklə kifayətlənməməlidir (MM 1325.2). Buna görə həmin şəhadətnamə qismən ləğv olunmalı, Gələmnazın payı 1/5 olaraq düzgün miqdarda göstərilməli, qalan paylar isə yuxarıdakı nisbətdə hər bir vərəsənin adına rəsmiləşdirilməlidir. Nəticədə məhkəmə göstərilən hüquqi əsaslar və sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki: Miras əmlakın vərəsələr arasında qanun üzrə və bərabər paylarla bölüşdürülməsi ədalətlidir və AR MM-nin müvafiq normalarına uyğundur; X11 övladları Orxan və Günəl MM 1159.1.3 üzrə vərəsə hesab edilməli və hər birinə 1/10 pay düşməlidir; Yeganə və Arzunun 2012-ci ildən sonra verilmiş “imtina” bəyanatları müddət ötürüldüyündən və faktiki qəbuletmə mövcud olduğundan hüquqi nəticə doğurmur; Hər bir vərəsənin - Gələmnaz – 1/5; Yeganə – 1/5; Arzu – 1/5; Asif – 1/5; Orxan – 1/10; Günəl – 1/10 payı olaraq müəyyən edilməlidir. Notariatın xx.xx.2023-cü il tarixli, V-62/2023 saylı vərəsəlik şəhadətnaməsi qismən ləğv edilməli, Gələmnazın payı 1/2 əvəzinə 1/5 kimi göstərilməli, qalan paylar MM 1325.2-yə uyğun hər bir vərəsə üzrə ayrıca rəsmiləşdirilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi İddia təmin edilsin.

1. İddiaçı iddiası təmin edilsin. O, mərhum X7 qanun üzrə vərəsəsi kimi tanınsın və miras əmlakda (Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,63 kv.m olan, 3 otaqlı mənzil) ona 1/10 pay müəyyən edilsin.

2. Müstəqil tələb irəli sürmüş X12 tələbi təmin edilsin. O, mərhum X7 qanun üzrə vərəsəsi kimi tanınsın və göstərilən mənzildə (Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,63 kv.m olan, 3 otaqlı mənzil) ona 1/10 pay müəyyən edilsin.

3. Müstəqil tələb irəli sürmüş X8 tələbi təmin edilsin. O, mərhum X7 qanun üzrə vərəsəsi kimi tanınsın və göstərilən mənzildə (Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,63 kv.m olan, 3 otaqlı mənzil) ona 1/5 pay müəyyən edilsin. Yeganə Mirağa qızının xx.xx.2023-cü il tarixli “mirasdan imtina” barədə ərizəsi müddətdən kənar verildiyindən və mirasın faktiki qəbul edilməsi meyarlarını dəyişmədiyindən hüquqi nəticə doğurmayan sənəd kimi nəzərə alınmasın.

4. Müstəqil tələb irəli sürmüş X19 tələbi təmin edilsin. O, mərhum X7 qanun üzrə vərəsəsi kimi tanınsın və göstərilən mənzildə(Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,63 kv.m olan, 3 otaqlı mənzil) ona 1/5 pay müəyyən edilsin. Arzu Mirağa qızının xx.xx.2023-cü il tarixli “mirasdan imtina” barədə ərizəsi yuxarıda göstərilən əsaslarla hüquqi nəticə doğurmayan sənəd kimi nəzərə alınmasın.

5. Müstəqil tələb irəli sürmüş X20 tələbi təmin edilsin. O, mərhum X7 qanun üzrə vərəsəsi kimi tanınsın və göstərilən mənzildə(Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,63 kv.m olan, 3 otaqlı mənzil) ona 1/5 pay müəyyən edilsin.

6. X6 mərhumun arvadı qismində qanun üzrə vərəsəlik hüququ tanınsın və həmin mənzildə(Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 23 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 58,63 kv.m olan, 3 otaqlı mənzil) ona 1/5 pay müəyyən edilsin.

7. Şirvan şəhər 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, V-62/2023 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi” qismən ləğv edilsin – şəhadətnamədə X6 payı 1/2 kimi göstərilən hissə çıxarılsın və onun payı 1/5 olaraq müəyyən edilsin.

8. Notariat orqanı (MM 1325.2) bu qətnamənin qanuni qüvvəyə minməsindən sonra göstərilən pay nisbətlərini nəzərə almaqla müvafiq vərəsəlik şəhadətnamələrini versin və zəruri notariat hərəkətlərini icra etsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar