Məhkəmə qərarları › İş №2(032)-1322/2023

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-1322/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1322/2023 29.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızıl-zinət əmlakının alqı-satıqısında borclu olduğu 1870 manat pul məbləğinin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi artıq 3 ildir ki, tanıyır. Onunla tanış olduğu müddət ərzində münasibətləri olduqca yaxşı olmuşdur. Cavabdeh ondan müxtəlif tarixlərdə dəfələrlə qızıl-zinət əmlakı almış, həmin əmlakın pulundan az hissəsini ödəmiş, 1870 manat borcu qalmışdır. Cavabdehə qızıl-zinət əmlakının alqı-satıqısı ilə bağlı borcunun qaytarmasını dəfələrlə tələb etmiş, lakin o, hal-hazıra qədər müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. O, 26 ildən artıqdır ki, Şirvan şəhərində qanuni şəkildə qızıl-zinət əmlaının alqı-satqısı ilə məşğuldur. Dəfələrlə dəyəri sonradan hissə-hissə ödənilmək şərti ilə tanıdığı və etibar etdiyi şəxslərə qızıl-zinət əmlakını satmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin qanunsuz istifadəsində olan pul məbləği onun xüsusi mülkiyyətinə aiddir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək cavabdehin məhkəmə iclasına gəlmədiyi təqdirdə işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər X2 Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında o, 2022-ci ilin yay aylarında Şirvan şəhərində yerləşən “köhnə bazar” adlanan ərazidə Adil adlı şəxsin qızıl mağazasına getdiyini, Adil adlı şəxsi təxminən 2 ildir ki, tanıdığını, ondan bir neçə dəfə qızıl-zinət əşyaları aldığını, Adilin mağazasında olan iki ədəd qızıl dəstini aldığını və ona 2400 manat borcu olduğunu, həmin borcdan Adilə 530 manat pul verdiyini və hazırda 1870 manat borcunun olduğunu, sonradan işində yaranan problemlərə görə sonuncuya borcu ödəyə bilmədiyini, ona olan borcunu tez bir zamanda ödəyəcəyini etiraf etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 2 ildir ki, İddiaçı tanıyır, ondan iki ədəd qızıl-zinət əşyası götürmüş, 2400 manat borcu olmuş, 530 manatını qaytarmış, hazırda 1870 manat borcu qalmışdır, qalan məbləği tez bir zamanda ödəyəcəyini bildirsə də, vədinə əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 1870 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qızıl-zinət əmlakının alqı-satıqısında borclu olduğu 1870 məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1870 manat pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar