Məhkəmə qərarları › İş №2(032)-1378/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1378/2025

27.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1378/2025 27.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, R № 392265 saylı aktın ləğv edilməsini və hesablanmış 1500 (bir min beş yüz) manat borcun silinməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış evi **********22010 saylı kodla X2 abonent olaraq onun adına qeydiyyatdadır. xx.xx.2025-ci il tarixlərdə təchizat müəssisəsi işçiləri evinə gələrək güya onun sayğacı “0” xətt vasitəsi ilə kənarlaşdırıldığını görmuşlər və bu barədə akt tərtib etmişlər. Həmin ərizəyə nəzarət edən mühəndislər vardır ki, sıfır xətt olsaydı bu neçə ildə onlar bu barədə ona və ya evdə yaşayan digər ailə üzvlərinə məlumat vermiş olardılar və yaxud bu barədə hansısa iradlarını onlara bildirərdilər. Lakin təchizat müəssisəsi ümumən iştirakı olmadan sayğaca və ya xəttə baxış keçirmiş və akt tərtib etmişlər. O, şəxsən bu məsələnin araşdırılması məqsədi ilə "xxxx" ASC-nin Şirvan şəhərində yerləşən filialında əməkdaşlarla görüş keçirmişdir. Onlardan heç biri həqiqətən də onlara məxsus yaşayış evində sıfır xəttlə kənarlaşdırma faktının olmasını sübut edə bilməmişlər. Buna görə də pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hələ göstərilən pozuntular azmış kimi, təchizat müəssisəsi həmin aktlar üzrə hesabatları, 33 amper, 90 gün (3 ay) götürməklə, hesablama üzrə prossedur qaydalarını da pozmuşlar. Güya o 30 gün ərzində 1500 manat elektrik eneriisini talamış, sanki hansısa istehsalla məşğul olmuşdur. Həmçinin abonent dövriyyəsinə də nəzər yetirdikdə müəyyən olur ki, o elektrik enerjisindən ümumən qeyriqanuni istifadə etməmişdir. Yazılmış aktdan məlum olur ki, "xxxx" ASC-nin əməkdaşları yalnış, həmçinin heç bir normalara uyğun gəlməyən akt tərtib edərək onun ödəniş saldosuna əlavə sərfiyyat olaraq 1500 manat ödəniş əlavə etmişlər. Bu tam qanun pozuntusu sayılır. Sonradan İddiaçı nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, hesablanmış 1500 (bir min beş yüz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi X1 iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, sayğaca onlar tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədiyindən və cavabdehin hərəkətləri qanunsuz olduğundan iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş İddiaçı nümayəndəsi X1 məhkəmə iclasında iştirak etməmiş,ərizə verərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 8-ci döngədə 61 Q saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 156 nömrəli vərəqində qeydiyyata alınmışdır . xx.xx.2025-ci il tarixli, R№ 392265 akt əsasında əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonent sayğacının 0 xətti vasitəsilə dövriyyədən kənarlaşdırılması aşkarlanmışdır. (33A x 0.22 x 0.7 x 24 saat x 90 gün)-606 kVts = 10371 kVts . 600(0.084) 50.40 ;300(0.10) 30.00; 9471 (0.15) 1420.65 Qeyd : kənar xətt ləğv edildi. Şirvan EŞ-i İdarəsinin xx.xx.2025-ci il tarixli, R № 392265 nömrəli aktdan görünür ki, (abonentin kodu **********22010) sayğaca baxış keçirən zaman müəyyən olunmuşdur ki, abonent abonent sayğacının 0 xəttindən istifadə edərək sayğacı sxemdən çıxarılıb. Kabelin en kəsiyi 2x10 mm2 . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın : 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Həmin maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” deyiləndə AR Energetika Nazirliyi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində elektrik enerjisinin talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Bu inzibati xəta haqqında işə baxmaq səlahiyyəti Energetika Nazirliyinə aiddir. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən yaşadığı Şirvan şəhəri küçəsi döngə 8, 61 Q nömrəli fərdi yaşayış fərdi yaşayış evində elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi barədə xx.xx.2025-ci il tarixli, R № 392265 nömrəli akt abonentin iştirakı ilə tərtib edilmədiyindən və onun tərəfindən imzalanmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt - təqsirli əməldir. Lakin sayğaca müdaxilədə istehlakçı İddiaçı təqsiri qanunda göstərilən qaydada müəyyən edilməmişdir. Buna səbəb isə "xxxx" ASC-nin qanunvericiliyin tələbinə, yəni “Elektroenergetika haqqında” AR Qanununun 19.16-cı maddəsinin göstərişinə əməl etməməsi olub. Bu maddədən görünür ki, istehlakçının təqsirli olması Energetika Nazirliyinin müvafiq qurumunun və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Yəni zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması şərti kimi əvvəlcə təqsirin məhz həmin qanunda göstərilən qaydada müəyyən edilməsi tələb olunub. Odur ki, zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. İstehlakçının evinə aid sayğaca müdaxilə faktı öz-özlüyündə istehlakçının təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. X4 Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası müəyyən edilib. Həmin müdaxilə başqası tərəfindən də edilə bilər və s. Odur ki, sayğaca müdaxilədə təqsirli şəxs müəyyən olunmalıdır. Bu baxımdan İddiaçı tərəfindən sayğaca müdaxilədə onun təqsiri qanunda göstərilən qaydada müəyyən edilmədiyindən məhkəmə belə bir qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-i tərəfindən İddiaçı barəsində tərtib edilmiş elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsinə görə xx.xx.2025-ci il tarixli, R № 392265 nömrəli akt əsasında hesablanmış borc silinməli, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 30 (otuz) manat rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Şirvan şəhəri İ.Qayıbov küçəsi döngə 8, 61 Q nömrəli fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, R № 392265 nömrəli akt əsasında hesablanmış 1500 (bir min beş yüz) manat məbləğində borc abonent kodu **********22010 olan abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumu hesabına 30 (otuz) manat məbləğində pul alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakimü Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar