Məhkəmə qərarları › İş №2(032)-1441/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1441/2024

19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1441/2024 19.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 2024-cü il tarixli 331419 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 810 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın nümayəndələri 27 may 2024-cü il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən işıq sayğacına baxış keçiərək akt tərtib etmişlər. Akt qanunsuz tərtib edilmişdir. Çünki işıq sayğacı daş hasardan kənardadır və tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Ona əsassız olaraq 810 manat cərimə yazılmışdır. Cərimənin hansı əsasla hesablanması əsaslandırılmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının mülkiyyətində olan sayğacda şübhələr yarandığından "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, yoxlama nəticəsində sayğaca əlavə “0” xətti verməklə sayğacın sxemdən kənarlaşdırılması aşkar edilmişdir. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözügedən akt tərtib olunmuş və 810 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Sayğaca müdaxilə ilə bağlı müayinə zamanı abonentin iştirakı təmin edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli AKT R 331419 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-nin tələblərinə əsasən sayğaca baxış keçirildi. Baxış zamanı sayğaca əlavə “0” xətti verməklə sayğacın sxemdən kənarlaşdırılmışdır. Xətdən axan yük 44.2A təşkil edir. Çəkiliş aparılmışdır. Hesablanacaq məbləğin ödənilməsi, qüsurun aradan qaldırılması qərara alınmışdır. İş materiallarında olan AKT 331419 nömrəli xx.xx.2024-cü il tarixli akt əsasında aparılmış hesabatdan görünür ki, (20A x 0.22 x 0,7 x 24 saat x 90 gün) = 6653 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) 600 kvt/s x 0,08 = 48 manat, (0,09) – 300 kvt/s x 0,09 = 27 manat, (0,13 manat) – 5753 kvt/s x 0,13 = 747.89 manat olmaqla ümumilikdə 822.89 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X2 filialı tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx"ASC-nin nümayəndələri tərəfindən Şirvan şəhəri, Z.Hacıyev küçəsində yerləşən iddiaçıya məxsus yaşayış evi üçün quraşdırılmış hesablaşma elektrik sayğacının əlavə “0” xətti vasitəsi ilə sxemdən kənarlaşdırılması barədə xx.xx.2024-cü il tarixli R 331419 nömrəli akt tərtib edilmişdir. Akta abonentin imzadan imtina etməsi barədə qeyd aparılmışdır. Aktda xətdən axan yük 5,4 A qeydə alınmış, naqilin en kəsiyi 2x10 m göstərilmişdir. Akta əsasən 90 gün müddətinə istifadə yükü 20 A nəzərə alınmaqla 822,89 manat məbləğində xx.xx.2024-cü il tarixli hesabat aparılmış və məbləğ abunə haqqında cədvələ daxil edilmişdir. Təqdim edilən videoçəkilişdə eneryitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən sayğacda ölçmə aparılan zaman giriş “faza” və “0” xəttində birlikdə 5,1 A yükün olması, sayğacın ekranında həmin anda 1,2 A yükün keçməsi, yük impulsunun döyündüyü görünür. Araşdırma müddətində eneriitəchizatı müəssisəsinin əməkdaşı ilə yerində baxış keçirilərək akt tərtib edilmişdir. Yaşayış evinə məxsus həyətyanı sahənin hasarının xarici tərəfində quraşdırılmış elektrik sayğacında müvafiq ölçü aparılmış, evə gedən çıxış faza xəttində 8 A yükün olduğu, sayğacın ekranında həmin yükun göründüyü, “faza” və “0” xəttində birlikdə yükün olmadığı, yük impulsunun döyündüyü, sayğacın axan yükü qeyd etdiyi, sayğac sxeminin normal olduğu və kənar xəttin olmadığı məlum olmuşdur və qeyd edilənlər barədə videoçəkiliş aparılmışdır. Sayğac sxemi normal olduğu halda “faza” və “0” xəttində birlikdə yük olmamalıdır. Teqdim edilmiş videoçəkilişdə yüklərin fərqli olmasının səbəbi sayğacdan kənar “faza” xəttindən istifadə edilməsidir və kənar xətdən axan yüklə sayğac sxemindən axan yükün toplanaraq “faza” və “0” xəttində yüklərin birlikdə görsənməsidir. Yuxarıda qeyd edilənlərə əsasən akta görə hesabatın aparılması məqsədəuyğun hesab edilir və hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il larixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.17-1-ci bəndinin tələblərinə uyğun aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış evinin xarici tərəfində divarda quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğaca əlavə “0” xətti verməklə sayğacın sxemdən kənarlaşdırılmasının aşkarlanması barədə xx.xx.2024-cü il tarixli, R 331419 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə həmin akt əsasında hesabat aparılmış və hesabat müddəti 90 gün götürülməklə 822.89 manat zərər müəyyən edilmişdir. Abonent tərəfindən sayğaca müdaxilə halı məhkəməyə təqdim edilmiş olan video çəkilişlə də, sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən tərtib edilmiş olan aktın əsassız olduğunu iddia etsə də, işin fakitiki halları və cavabdeh cəmiyyətin təqdim etdiyi sənədlərlə iddiaçı tərəfindən “Elektirk enerjisindən istifadə qaydaları”nın pozulması halı sübuta yetirilmişdir. Lakin məhkəmə hesab edir ki, enerji təhcizatı müəssisəsi tərəfindən tərtib edilmiş akt üzrə hesabatın 90 gün nəzərə alınmaqla aparılması əsassızdır. Belə ki, “Elektirk enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Hazırkı halda abonentə sayğaca müdaxilə ilə bağlı 90 gün olmaqla hesabatın aparılması istehlakçının (hazırkı halda iddiaçının) hüquqlarının həddindən artıq pozulmasına səbəb ola bilər. “X1 qaydaları”nın tələblərindən də göründüyü kimi hazırkı hallarla bağlı hesabat aparılarkən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə “X1 qaydaları”nın pozulması ilə bağlı aparılmış olan hesabat 90 gün deyil, 30 gün, yəni ((20A x 0.22 x 0,7 x 24 saat x 30 gün = 1108.08 kvt/s) 1108.08 kvt/s müəyyən edilməlidir. 1108.08 kvt/s hesabat isə (200 kvt/s x 0,08 = 16 manat, 300 kvt/s x 0,09 = 27 manat, 608.8 kvt/s x 0,13 manat = 79 manat, cəmi olaraq 122 manat) götürülməklə hesabat aparılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə İddiaçı məxsus abonent hesabına hesablanmış 822.89 (822.89 manat – 122 manat = 700.89) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda iddia qismən təmin edildiyindən 48.60 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (**********12005) hesablanmış borcdan 700.89 silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən 27 may 2024-cü il tarixli, 331419 saylı akt əsasında hesablanmış (abonent kodu **********12005) 822.89 manat borcdan 700.89 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə dənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar