Məhkəmə qərarları › İş №2(032)-1442/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1442/2024

13.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1442/2024 13.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı aktının ləğv edilərək hesablanmış cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan RQİB-nin Salyan X5ı İdarəsinin əməkdaşları ünvan 1 ünvanında yerləşən yaşadığı evə quraşdırılmış qaz sayğacına baxış keçirərək qaz sərfiyyatında itkiyə yol verilməsi, müdaxilə olunmaqla sayğac plasmas qapağının üst yuxarı hissəsindən kəsilərək deşilməsi müəyyən olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Belə ki, adı çəkilən akta əsasən 12960 m3 istifadə olunan qaza sərfiyyatına görə yüksək məbləğində ziyan müəyyən olunmuşdur. Hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsassızdir və bu səbəbdən də ləğv edilməlidir. Xəta ilə işləməsi iddia olunan qaz sayğacı cavabdeh tərəfindən quraşdırılmış və ona təhvil verilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən hər ay qaz sayğaclarına mütəmadi olaraq baxış keçirilir. Əgər sayğaca onun və ailə üzvləri tərəfindən hər hansısa bir müdaxilə edilərək qanunsuz qaz sərfiyyatı olmuşdursa, o halda nə üçün bu pozuntu aşkar edilməmişdir. Xəta ilə işləyən qaz sayğacında qeyd edilmiş qaz sərfiyyatı ilə istifadə olunan yeni qaz sayğacında qeyd olunan qaz sərfiyyatı demək olar ki, tam üst-üstə düşür. Tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə vaxılı-vaxtında ödənilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, X3 Salyan X5 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 1666 manat 10 qəpik məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı etiraf etmədi, iddia tələbinə dair etiraz ərizəsi verərək bildirdi ki, Salyan RQİİ-nin Şirvan XS-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evdə istismarda olan mexaniki tipli qaz şəhəri M.Əsədov küçəsisayğacı əvvəlcədən ödənişli (smart) tipli qaz sayğacı ilə əvəz edilmişdir. İddiaçının evinin qaz xətti üzərindən çıxarılmış G-4 markalı 11459707 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında çıxarılmışdır. Qeyd olunan qaz sayğacı Cavabdeh İB-nin Metrologiya Departamentində yoxlamadan keçirilmiş, plasmast qapağın üst yuxarı hissədən kəsilərək deşilməsi və sayğacın istismara yararsız olması barədə rəy verilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin qeyd olunan rəyinə əsasən iddiaçıya məxsus mənzilə xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 12960 m3 miqdarında 1555,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın hesabatı mənzildə istismarda olan qaz sayğacının maksimal qaz sərfi nəzərə alınmaqla aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz sayğacının maksimal qaz sərfi 6 m3, orta günlük iş relimi 24 saat, hesabat müddətdi 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 12960 m3 miqdarında (1555.20 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, qaz sayğacının plasmast qapağının deşilməsi sayğacın işləmə prinsipinə müdaxilə etmək, təbii qazdan qanunsuz istifadə etməyə yönəlmiş bir hərəkətdir və iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi kimi qiymətləndirilməlidir. Qaz sayğacı istismara yararlı vəziyyətdə iddiaçının yaşadığı mənzilə quraşdırılmış, ünvan sakinlərinin iştirakı ilə yoxlanılmış və plomb vurulmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda istehlakçının sayğacın və plombun toxunulmazlığına görə məsuliyyət daşıması qeyd olunmuş və akt istehlakçı tərəfindən imzalanmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan : “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, qaz sayğacının plastmas qapağının üst yuxarı hissədən kəsilərək deşilməsi aşkar olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. Digər qeyd : Sayğacın hesablama ekranın qapağı yan tərəfdən hasarın dəmiri qırıb. Cavabdeh Salyan X5 İdarəsi tərəfindən təsdiq olunmuş xx.xx.2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itrilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış, 6x24x90=12960m3 hesablanmışdır. Abonentin saldosu sənədindən görünür ki, İddiaçı ünvan 2 ünvanına quraşdırılmış ZENNER G-4T Smart tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2023-cü ilin fevral ayı üçün 1555 manat 20 qəpik debitor borcu yaranmışdır . Şirvan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli ,04/331 saylı arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə X1 Sistemində (BAMS) əmlak və torpaq vergisi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu Xidmət müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. Həmin Qaydaların 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi , istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmə mövqeyini bununla əsaslandırır ki, müvafiq qanunvericiliyə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olubolmamasının Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən etmək mümkün olmadığında cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, istismarda olmuş qaz sayğacının sərfiyyat göstəricisi Cavabdeh Salyan X5 İdarəsinin nəzarətçisi tərəfindən sonuncu dəfə 2023-cü ilin fevral ayında qeydə alınmış, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Cavabdeh Salyan X5 İdarəsi tərəfindən təsdiq olunmuş 28 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün itrilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış, 6x24x90=12960 m3, 12960x0,12=1555 manat 20 qəpik hesablanmalıdır. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən silinməsi tələb edilən 1666 (bir min altı yüz altmış altı) manat 10 (on) qəpik borcdan 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində hissəsi silinməli, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından (abonent kodu: **********02470) silinsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh Azəriqaz İB-dən dövlət rüsumu hesabına 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar