Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1497/2025 01.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, mövcud mübahisə üzrə aidiyyət Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə verilmişdir. Belə ki, İddiaçı – İddiaçı, vergi ödəyicisi kimi fərdi sahibkar olaraq Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir. Bu, təqdim olunmuş vergi məlumatlarında açıq şəkildə əksini tapmışdır (VÖEN: **********, fəaliyyət kodu: 47990 – mağaza, çadır və bazarlardan köçəri satış) Cavabdeh – "xxxx" MMC isə kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərən su təchizatı müəssisəsidir və "xxxx" ASC-nin tərkibində təbii inhisar subyekti olaraq sahibkarlıq fəaliyyəti göstərir. Beləliklə, mübahisənin hər iki tərəfi sahibkarlıq subyekti sayılır. Mübahisənin predmeti – "xxxx" MMC tərəfindən sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edilən qeyri-yaşayış obyektinə görə yazılmış 941,70 manat məbləğində cərimə borcunun silinməsi tələbinə dair iddiadır. Hüquq münasibətinin xarakteri – su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmaqla bağlı texniki şərt əsasında yaranmış müqaviləvi münasibətdir. Bu münasibət iddiaçının sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi qeyri-yaşayış sahəsinə xidmətin göstərilməsi ilə bağlıdır və məhz mülki dövriyyədə göstərilən xidmətlərdən və müqavilədən irəli gəlmiş öhdəliklərin icrası ilə bağlı mübahisəni təşkil edir. Mübahisə yalnız məişət istehlakı ilə əlaqəli deyil, iddiaçının aktiv VÖEN-li sahibkar kimi qeyri-yaşayış obyektində sahibkarlıq fəaliyyəti ilə bağlı yaranıb. Bu isə istehlak hüquq münasibətləri deyil, məhz kommersiya münasibətləri kateqoriyasına aiddir. AR MPM-in 1-ci, 25-ci, 26-cı maddələri və Plenum Qərarının 10–28-ci bəndlərinə əsasən: Sahibkarlıq fəaliyyəti ilə əlaqəli olan mübahisələr kommersiya məhkəmələrinin baxış predmetinə aiddir; Tərəflərdən hər ikisi sahibkar olduqda və mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gəldikdə, iş kommersiya məhkəməsində baxılmalıdır; "xxxx" ASC-yə və onun struktur bölmələrinə (burada: "xxxx" MMC) qarşı su təchizatı ilə bağlı kommersiya mübahisələri üzrə iddialara kommersiya məhkəmələrində baxılır (İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair AR Ali Məhkəməsi Plenum Qərarının 24-cü və 25-ci bəndləri). Beləliklə, təqdim olunmuş sənədlərdən və mübahisənin mahiyyətindən belə nəticə çıxır ki: İddiaçı – fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərir və mübahisə onun bu fəaliyyətindən doğur; Cavabdeh – su təchizatı xidməti göstərən MMC-dir və sahibkarlıq fəaliyyətinə malikdir; Mübahisə – texniki şərtlər və xidmət müqaviləsi üzrə borcun qanunsuz hesablandığı iddiası ilə bağlıdır. Bütün bunlar onu göstərir ki, mübahisənin həm tərəfləri, həm də predmeti və hüquq münasibətinin xarakteri kommersiya mübahisəsi meyarlarına cavab verir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəmə aidiyyəti üzrə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-1497/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1497/2025
01.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver