Məhkəmə qərarları › İş №2(032)-1500/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1500/2025

06.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1500/2025 06.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2024-cü il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq istədikdə DSMF bundan imtina etdi və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin zaman özünü vəkil kimi təqdim edən Cavabdeh onunla xx.xx.2024-cü il tarixdə müqavilə bağlamışdır. Hüquqi xidmətlərin göstərilməsi haqqında həmin müqaviləyə əsasən Qaraş X2 İnzibati Məhkəməsinə, Gəncə Apellyasiya Məhkəməsinə və ya Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizələrin hazırlanması öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh özünü vəkili kimi təqdim etmişdir. Sonradan bilmişdir ki, Cavabdeh hər hansısa bir vəkil deyil, vəkillər kollegiyasının üzvü deyil, məhkəmələrdə iştirak etmək səlahiyyətinə malik deyil, üstəlik kassasiya şikayəti də tərtib etmək səlahiyyətinə malik deyildir. Sonradan müqavilənin şərtlərinə nəzərə salanda hətta onun üçün vəkillə müqavilə bağlamaq vəzifəsini də Cavabdeh üzərinə götürdüyünün şahidi olmuşdur. Doğrudur, Cavabdeh etibarnamə vermişdir. Lakin, onun yönləndirilməsi əsasında verdiyi etibarnamədə onun əsas məqsədi məhkəmədə onu təmsil etmək olmuşdur. Lakin hazırda müqaviləyə nəzər salanda anlamaq olmur ki, həmin müqavilə hüquqi xidmətlərin göstərilməsi üçün bağlanmışdır, yoxsa vəkillə müqavilə bağlamağı özündə ehtiva edən tapşırıq müqaviləsidir. Onların arasında bağlanan müqavilə “xidmət müqaviləsidir” ki, belə bir müqavilə ümumiyyətlə mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. İkincisi bağlanmış müqavilədə icraçının üzərinə götürdüyü öhdəliklər əslində onun icra edə biləcəyi öhdəliklər deyildir. Bu isə təsdiq edir ki, qeyd olunan müqavilə aldatma ilə bağlanmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini, iddianı müdafiə etdiyini, mülki işin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, aralarında bağladıqları xidməti müqavilənin 1-ci bəndində göstərilən əsas xidmətlər sadalanarkən “işə baxılarkən sifarişçinin təqdim etdiyi etibarnamə əsasında inzibati işə bağlı vəkillə sifarişçinin hüquqlarının müdafiəsi üçün müqavilə bağlanılması da daxil olmaqla” ifadəsi vardır ki, bu da özünü onu vəkil kimi təqdim etməyini istisna edir. Əgər vəkil idisə, niyə iddiaçı onun hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamağı hazırki iş üzrə iddiaçı ona tapşırmışdır. Etibarnamə verərkən notarius etibarnamə verəndən etibarnamə verdiyini soruşur. İddiaçı istəsəydi belə, notarius vəkillərin reyestrində adı olmayan şəxsə məhkəmədə təmsilçilik etibarnaməsi verə bilməzdir. Hüquqi xidmətlərin göstərildiyi müddətdə vəkil olmadığı üçü iddiaçının hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamaq ehtiyacı yarana bilərdi və belə bir müqaviləni iddiaçının etibarnaməsi əsasında bağlamağı qanunvericiliyə qətiyyən zidd deyildir. İddiaçı onunla müqaviləni bağlamadan öncə guya DSMF-yə müraciət etmiş, imtina aldıqdan sonra onunla müqavilə bağlamışdır. Bu belə deyildir. Belə ki, hazırda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə Gəncə İnzibati Məhkəməsində iddia işinə baxılır. Həmin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, cavabdeh qurum xx.xx.2024-cü il tarixli. 3-17-1/2-H-309304/2024 saylı məktubu ilə iddiaçının xahişini yerinə yetirməkdən imtina etmişdir. Həmin qurumun göndərdiyi imtina məktubu hazırki iş üzrə cavabdehin yaşadığı məntəqənin poçt şöbəsinə xx.xx.2024-ci il tarixdə daxil olmuşdur. Onun tərəfindən iddiaçının adından DSMF-nin müvafiq qurumuna göndərdiyi müraciət həmin quruma xx.xx.2025-ci i tarixdə daxil olmuşdur. Həmin imtina məktubu əsasında onun hazırladığı iddia ərizəsi X1 21 yanvar 2025-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Aydın olur ki, məlum müqavilə bağlandıqdan sonra DSMF-nin müvafiq qurumuna güzəştli pensiya üçün müraciət edilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: İş materiallarında olan xx.xx.2024-cü il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında İddiaçı ilə Cavabdeh arasında xidməti müqavilə bağlanmışdır. Müqavilədə qeyd edilmişdir. Hüquq sahəsində fərdi fəaliyyət göstərən fiziki şəxs Cavabdeh (VÖEN-№**********, s/ v AA №3073654, FİN 4H2M0R0) şəxsində bir tərəfdən (bundan sonra “İcraçı” adlandırılacaq), Şəmkir rayonu, Ağ Alabaşlı kəndində qeydiyyatda olan İddiaçı (s/ v AZE №0*******, FİN 590598JG) şəxsində (bundan sonra “Sifarişçi” adlandırılacaq) digər tərəfdən, aşağıdakı şərtlərlə qaydada müqaviləni bağladılar:

1. Bu müqavilə çərçivəsində İcraçı Sifarişçi tərəfindən təqdim olunmuş sənədlərin öyrənilib araşdırılmasını və Sifarişçiyə problemin həll edilməsi üçün mümkün variantlar haqqında xəbər verilməsini, lazımi sənədlərin tərtib edilməsində, Gəncə İnzibati Məhkəməsində, Gəncə Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinə veriləcək (iddia, apellyasiya və kassasiya) şikayət ərizələrinin, inzibati orqanlara təqdim ediləcək ərizələrin tərtib edilməsini Sifarişçi ilə razılaşdırmaqla həyata keçirir və yaxud Sifarişçinin təqdim etdiyi müvafiq sənədləri Sifarişçi adından aid orqanlarda təqdim edib baxılmasına nail olur, işlərin baxılması zamanı Sifarişçinin hüquqlarının müdafiəsi üçün məhkəmə baxışlarında da iştirak etmək, hüquqi izahlar vermək və vəsatətlər qaldırmaq hüququna malikdir.

2. Cavabdeh qismində DSMF-nin struktur bölmələrinə müraciət edildiyi və ya onlara qarşı mübahisə başladıldığı halda müdafiəsi nəzərdə tutulan hüquqi xidmətin dəyəri (Sifarişçi ilə razılaşdırılmaqla) 300 (üç yüz) manat təşkil edir. Əgər mübahisə nəticəsində pensiya təyin edilərsə, bu halda İcraçı xidmət haqqı kimi pensiyanın təyin edilmiş aylıq məbləğinin 30 (otuz) faizini xidmət haqqısı kimi hesablanmasını tələbinə daxildir.

3. Hüquqi xidmətin müqavilə üzrə dəyəri 8000 (səkkiz min) manat məbləğində müəyyən edilir. Sifarişçi ilkin olaraq həmin məbləğin 4000 (dörd min) manatını nağd qaydada İcraçıya ödəməli, qalan hissəsini isə Sifarişçi üçün məhkəmə prosesi başa çatdıqdan sonra Sifarişçi tərəfindən ödənilməlidir. Əgər işin nəticəsi Sifarişçinin xeyrinə həll edilməzsə, İcraçı artıq aldığı məbləği geri qaytarmaq öhdəliyi daşımır. Bu halda xidmətin göstərilməsi prosesi və forması istisna olaraq İcraçı tərəfindən tam şəkildə həyata keçirilmiş hesab edilir.

4. Sifarişçi bu müqavilənin 3-cü bəndində göstərilən razılaşmanı pozduğu halda, bununla bağlı İcraçı tərəfindən gələcəkdə bu müqaviləni məhkəmədə mübahisələndirdikdə, Sifarişçi qaldırılacaq iddiaya dair heç bir etiraz etməyəcəyini və iddianın qəbul edilməsi barədə razılığını bildirir. Sifarişçi həmçinin, xidmət haqqının İcraçıya tam həcmdə və daha rahat formada ödənilməsi üçün İcraçının təklif etdiyi qanuni üsulların tətbiqinə razılıq verəcəkdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. İstinad olunan Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bu Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı) qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində ,vacib əhəmiyyətli yanılma nəticəsində isə bir ay ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmənin işin faktiki halları ilə hüquq normalarının dizpositiv şərtlərinin qarşılıqlı təhlilinə əsaslanan mövqeyi Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim olunmuş müqaviləni təhlil edərək belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və iddiaçının göstərdiyi hallar müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulan əsasları təşkil etmir. Mülki Məcəllənin 6.2, 390, 399.1, 405.1 və 407.2-ci maddələrinin tələblərindən göründüyü kimi, tərəflər mülki hüquq münasibətlərində müqavilə bağlamaqda, onun şərtlərini müəyyənləşdirməkdə, məzmununu sərbəst şəkildə formalaşdırmaqda azaddırlar. Sadə yazılı formada bağlanmış müqavilə tərəflər tərəfindən imzalandığı andan hüquqi qüvvəyə minir və onlar üçün məcburi olur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilə tərəflərin imzası ilə təsdiq edilmiş və məzmunu aydın şəkildə ifadə olunmuşdur. Müqavilənin 1-ci bəndində göstərilən şərtlərdən görünür ki, cavabdeh (icraçı) hüquqi xidmətlərin göstərilməsi çərçivəsində sifarişçiyə (iddiaçıya) hüquqi sənədlərin hazırlanması, aidiyyəti orqanlara təqdim edilməsi və məhkəmələrdə iştirakla bağlı kömək göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan aydın olur ki, icraçının öhdəlikləri sırf hüquqi yardım, məsləhət və sənədlərin tərtibinə yönəlib, yəni bu müqavilə vəkillik fəaliyyəti barədə deyil, hüquqi xidmətlərin göstərilməsinə dair xidmət müqaviləsidir. İddiaçı müqavilənin bağlanması zamanı guya aldadıldığını bildirmiş, lakin bu barədə hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, əqd yalnız o halda aldatma səbəbindən mübahisələndirilə bilər ki, aldatma halları obyektiv dəlillərlə sübuta yetirilsin, yəni əqd digər tərəfin qəsdən yanlış məlumat verməsi və ya vacib hallarda susması nəticəsində bağlansın. Halbuki, iş materiallarından görünür ki, iddiaçı müqaviləni imzalamazdan öncə onun məzmunu ilə tanış olmuş, etibarnaməni də öz iradəsi ilə vermiş, müqavilənin icrasına etiraz etməmişdir. İddiaçının aldanmaya məruz qalması barədə təqdim etdiyi arqumentlər subyektiv xarakter daşıyır və obyektiv sübutlarla təsdiq olunmur. Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtləri təfsir edilərkən tərəflərin həqiqi niyyəti və iradə ifadəsi nəzərə alınmalıdır. Müqavilənin məzmunundan göründüyü kimi, tərəflərin iradəsi hüquqi xidmətlərin göstərilməsinə yönəlmişdir və bu iradə azad, qarşılıqlı razılıq əsasında ifadə edilmişdir. Həmçinin, Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında vurğulandığı kimi, məhkəmənin ilk vəzifəsi istinad edilən əqdin etibarlı olubolmamasını müəyyən etməkdir. Bu işdə bağlanmış müqavilə bütün zəruri forma və məzmun tələblərinə cavab verir, tərəflərin qarşılıqlı razılığı və iradə birliyi ilə bağlanmış, sadə yazılı formada təsdiqlənmişdir. İddiaçı müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinin tələblərinə uyğun olaraq müqavilənin etibarsızlığı üçün qanuni əsas olan hallar – yəni iradə azadlığının pozulması, zorakılıq, hədə, aldatma, yanılma və ya qanunla qadağan edilmiş məqsəd – bu işdə sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən hallar müqavilənin etibarsız sayılması üçün kifayət deyil, çünki: müqavilə azad iradə ilə, qarşılıqlı razılaşma əsasında bağlanmışdır; iddiaçının aldatmaya məruz qalmasına dair heç bir obyektiv dəlil təqdim edilməmişdir; müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri aydın və qanunvericiliyə uyğun müəyyən edilmişdir; müqavilə bağlanarkən iddiaçının hüquq subyektliyi və hərəkət qabiliyyəti tam olmuşdur. Bu səbəblərdən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə etibarlıdır, tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmışdır və onun etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 70 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar