Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1683/2025 17.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “eyni şəxs olması faktının müəyyən edilməsi ” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Şirvan şəhər Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayon Aşağı Qaramanlı İƏN-i tərəfindən xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 66 №-li doğum haqqında akt qeydində qeyd edilmiş Dəryanur adının, Nərman ata adının və xx.xx.1960-cı il doğum tarixinin ona məxsus olması, yəni eyni şəxs olmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, xx xxx 1960-cı il tarixdə Neftçala rayonunda anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərində adı Dəryaxanım, ata adı Nəriman və doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməsində də adı, ata adı və doğum tarixi eyni yazılmışdır. Lakin doğum haqqında şəhadətnaməsini itirdiyindən tapa bilmir. Ona doğum haqqında şəhadətnamə lazım olduğundan o Neftçala rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin orada ona məlum olmuşdur ki, Neftçala rayon Aşağı Qaramanlı İƏN-i tərəfindən xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 66 saylı doğum akt qeydində adı Dəryanur, ata adı Nərman, doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edilmişdir. Hal-hazırda onun bütün hüquq müəyyən edici sənədlərində adı Dəryaxanım, ata adı Nəriman və doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edilmişdir. O, doğum akt qeydində düzəliş edilməsi ilə əlaqədar qeydiyyat şöbəsindən xahiş etsə də, 14.08..2025-ci il tarixli məktubda məhkəməyə müraciət etməyini tövsiyyə edilmişdir. Onun tərəfindən təqdim edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlərindən görünür ki, adı Dəryaxanım, ata adı Nəriman və doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edilmişdir. O, bu ad, ata adı və doğum tarixi ilə bütün hüquqmüəyyənedici sənədləri əldə etmişdir. Onun şəxsiyyət vəsiqəsindəki və digər hüquq müəyyənedici sənədlərindəki adının, ata adının və doğum tarixinin doğum haqqında akt qeydindəki adı, ata adı və doğu tarixi ilə uyğun gəlməməsi hüquqlarını həyata keçirməyə mane olur. Həmin sənədin dəyişdirilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi nümayəndəsi Ərizəçi ərizəsinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Neftçala Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli , 3-16-5/8-MM-494/2025 saylı məktubunun surətindən görünür ki, “Doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə ərizənizə Neftçala rayon qeydiyyat şöbəsində baxılmışdır. Ərizənizdə və ərizənizə əlavə edilmiş şəxsiyyət vəsiqənizdə adınızın “Dəryaxanım”, ata adınızın Nəriman və doğum tarixinizin xx.xx.1960-cı il olduğu müəyyən olunmuşdur. Lakin Neftçala rayon, Aşağı Qaramanlı İƏN-i tərəfindən tərtib olunmuş xx.xx.1960-cı il tarixli, 66 nömrəli doğum haqqında akt qeydindən görünür ki, adınız “Dəryanur”, ata adınız “Nərman” və doğum tarixiniz “xx.xx.1960-cı il” kimi qeyd edelilmişdir. Təqdim olunmuş digər sənədlərə əsasən müvafiq doğum haqqında akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsas olmadığından Lakin Neftçala rayon Aşağı Qaramanlı İƏN-i tərəfindən tərtib olunmuş xx.xx.1960-cı il tarixli, 66 nömrəli doğum haqqında akt qeydində qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi mümkün deyildir.” Azərbaycan Resoublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı “Dəryaxanım”, soyadı “ Məhərrəmova” və atasının adı “Nəriman”, “doğum tarixi xx.xx.1960-cı il” kimi qeyd edilmişdir. Hazırki ərizə üzrə ərizəçinin tələbindən görünür ki, o, Neftçala rayon Aşağı Qaramanlı İƏN-i tərəfindən xx.xx.1960-cı il tarixdə tərtib edilmiş 66 №-li doğum haqqında akt qeydində qeyd edilmiş Dəryanur adının, Nərman ata adının və xx.xx.1960-cı il doğum tarixinin ona məxsus olması, yəni eyni şəxs olmağı faktının müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 6.2-cü bəndinə görə eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıdakı qanunvericilik normalarını əsas götürərək qeyd edir ki, hazırki faktın müəyyən edilməsi hüquqi nəticə doğurmadığından ərizə təmin edilə bilməz. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizəçi “eyni şəxs olması faktının müəyyən edilməsi ” tələbinə dair ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1683/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1683/2025
17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver