Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1732/2025 08.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X2 Xidməti” X5 Şirvan şəhər Sukanal İdarəsinə qarşı “hesablanmış borcun silinməsi və su təchizatının bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək abonent kartında göstərilmiş 998 (doqquz yüz doxsan səkkiz) manat 10 (on) qəpik məbləğində borcun mövcud olmamasının tanınması və bu hesablamanın ləğv edilməsi və su təchizatının dayandırılmasının qanunsuz sayılması və cavabdehin su təchizatını dərhal və fasiləsiz bərpa edib təmin etməsi barədə öhdəliyin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər Şirvan şəhərində yaşamış, 2016-cı ildən isə ailəliklə Rusiya federasiyasına köçmüşlər. Ailəliklə həmin vaxtdan Rusiyada yaşayırlar. 2016-cı ildən bəri cəmi 3 dəfə ölkəyə gəlmişdir. 2016-cı ildə yeznəsi rəhmətə getdiyi üçün bir neçə günlük və 2019-cu ildə isə başqa bir qohum rəhmətə getdiyi üçün gəlmişdir. Gəldiyi vaxtlarda bir neçə gün Şirvan şəhərində qaldıqdan sonra yenidən Rusiyaya qayıtmışdır. Gələndə də öz evində deyil, qızının evində qalmışdır. Sonuncu dəfə isə 2023-cü ildə yoldaşının ümumvətəndaş pasportunun vaxtı qurtardığı üçün onu dəyişməyə gəlmişdir. Dediyi 3 vaxtdan başqa o Azərbaycana gəlməmişdir. Bunu ümumvətəndəş pasportunda aparılmış qeydiyyatdan da görmək mümkündür. Onun həmin evdə yaşamamağına baxmayaraq onun guya işlətdiyi suya görə 2016-cı ildə 340,8 manat, 2017-ci ildə 108,6 manat, 2018-ci ildə 108,9 manat, 2019-cu ildə 109.5 manat, 2020-ci il üzrə 72,9 manat, 2022-ci ildə 72 manat, 2023-cü ildə 160,8 manat, 2024-cü ildə 6,60 manat və 2025-ci ildə 6,60 manat , ümumilikdə 958, 10 manat borcu yaranmışdır. O, köçüb gedənə kimi ümumiyyətlə yaşadığı evə su gəlməmişdir. Onlar su maşını ilə su gətizdirmişlər. 2015-ci ildə o çıxıb gedərkən də sayğac da olmayıb. Sayğacı yalnız 2025-ci ildə onun iştirakı olmadan quraşdırıblar. Su idarəsi ilə onun arasında heç bir müqavilə də bağlanmamışdır. Su gəlmədiyi və ümumiyyətlə həmin evdə heç kim yaşamadığı halda necə ola bilər ki, onun suya borcum yaransın. Eyni zamanda qaz idarəsi tərəfindən verilmiş sbonentin saldosundan görünür ki, 2015-ci ildən o qaz sərfiyyatı ümumiyyətlə olmamışdır. Bu da ona dəlalət edir ki, həqiqətən onlar həmin evdə yaşamamışlar. Cavabdeh təşkilat ondan işlətmədiyi suyun pulunu tələb edir. Qeyd olunan məsələ ilə əlaqədar cavabdeh təşkilatda olmuşdur. Onlara borcunun olmadığını, hesablanmış borcun əsassız olduğundan silinməli olduğunu bildirsə də, onlar borcu silməkdən itina etmişlər. Əksinə onun su təchizatını dayandırmışlar. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, abonent kartında göstərilmiş 998 manat 10 qəpik məbləğində borcun silinməsi və su təchizatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, Şirvan şəhəri Şəhidlər küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evində 2017-2024-cü illərdə yaşayış olmamışdır, bunu su ilə yanaşı qaz və işıqdan istifadə ilə əlaqədar sənədlərdən də görmək olar. Bu illər ərzində onların həyətində yalnız bir elektrik lampası istifadə olunmuşdur. Məhkəmə hazırlıq iclasında cavabdeh İri Şəhərlərin X2 Xidməti X3 nümayəndəsi Nümayəndə2 iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər 23 ay ,xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilə qədər 15 ay sudan istifadəyə görə hesabat qeydə alınmayıb. xx.xx.2011-ci ildən evin sahibi ilə müqavilə bağlanılıb. İddiaçı tərəfindən ödənilməli olan aylıq ödənişlər tam formada ödənilməmişdir. 2022-ci ildə və 2023-cü ildə ödənişlər edilsə də, az məbləğdə ödənişlərin edilməsi borcun yaranmasına gətirib çıxartmışdır. İddianın təmin edilməsini xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X2 Xidməti” X5 Şirvan şəhər Sukanal İdarəsinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Abonent kartından görünür ki, Şirvan şəhəri Şəhidlər küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evinə su xidmətinin göstərilməsi ilə əlaqədar 2016-cı il üzrə iddiaçının ümumi sərfiyyatı 17 m3; 2017-ci il üzrə ümumi sərfiyyat 301 m3; 2018-ci il üzrə ümumi sərfiyyat 302 m3; 2019-cu il üzrə ümumi sərfiyyat 303 m3; 2020-ci il üzrə ümumi sərfiyyat 203 m3; 2022-ci il üzrə ümumi sərfiyyat 100 m3 , 2023-cü il üzrə ümumi sərfiyyat 223 m3 2024-cü il üzrə ümumi sərfiyyat 25 m3, 2025-ci il üzrə ümumi sərfiyyat 62 m3, 2025-ci il üzrə ümumi sərfiyyat 9 m3 hesablanmış, İddiaçı qeyd olunan tarixlər üzrə hesablanmış 998 manat 10 qəpik məbləğində borc qalıq qalımışdır. Abonent kartından həmçinin görünür ki, Şirvan şəhəri Şəhidlər küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadəyə görə 2017-cı il üzrə 108 manat 60 qəpik, 2018-ci il üzrə 108 manat 90 qəpik, 2019-cu il üzrə 109 manat 50 qəpik, 2020-c il üzrə 72 manat, 90 qəpik məbləğində borc hesablanmış, istehlakçı tərəfindən isə 2022-ci il üzrə 10 manat, 2023-cü il üzrə 30 manat məbləğində ödənişlər edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2001-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 02 nömrə ilə qeyd edilmişdir. Abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri Şəhidlər küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış 4 gözlü qaz plitələri (PQ- 4)(1/1), samovar (1/1), qızdırıcı radiator peçi (1/1) üzrə qalıq və aktlar qrafası üzrə 2015-ci il üzrə sərfiyyat 1244 m3, 2016-cı il üzrə sərfiyyat 2326 m3, 2017-ci il üzrə 2 m3 , 2018-ci il üzrə 0 m3 , 2019-cu il üzrə 0 m3, 2023-cü il üzrə 30 m3 , 2025-ci il üzrə 0 m3 hesablanmışdır. Abonent saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri Şəhidlər küçəsi ev 34 ünvanında işıqdan istifadəyə görə sərf olunmuş dəyərin məbləği 2017-ci il üzrə 18 manat 68 qəpik, 2018-ci il üzrə 51 manat 49 qəpik, 2019-cu il üzrə 7 manat 35 qəpik, 2020-ci il üzrə 24 manat 96 qəpik, 2021-ci il üzrə 22 manat 74 qəpik olmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə görə istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 5.1.5-ci yarımbəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Həmin Qaydalarıın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsinə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qaydaların 8.1.8-ci yarımbəndinə əsasən istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. İş materialları ilə müəyyən olunmuşdur ki, Şirvan şəhəri Şəhidlər küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evində 2017-2024-cü illər ərzində yaşayış olmamışdır. Belə ki, qazdan istifadə haqqında abonent saldosundan görünür ki, 2017-2021-ci illər üzrə sərfiyyat demək olar ki, olmamış, işıqdan istifadə üzrə abonent saldosundan görünür ki, 2017-2021-ci illər sərfiyyat üzrə hesablanmış məbləğlər çox cüzi olmuşdur ki, bu da orada yaşayış olmadığının göstəricisi ola bilər. Beləliklə Şirvan şəhəri Şəhidlər küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evində 2017-2021-cü illər ərzində yaşayış olmadığı və istehlakçı tərəfindən 2022 və 2023-cü ilər ərzində sudan istifadə üzrə ödənişlərin edilməsi kimi hallar nəzərə alınaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 998 manat 10 qəpik məbləğində borcdan 2017-cı il üzrə 108 manat 60 qəpik, 2018-ci il üzrə 108 manat 90 qəpik, 2019-cu il üzrə 109 manat 50 qəpik, 2020-c il üzrə 72 manat, 90 qəpik məbləğində ümumilikdə 399 manat 90 qəpik məbləğində əsassız olaraq hesablanmış borc məbləği silinməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan Şirvan şəhəri Şəhidlər küçəsi 34 saylı evə sərf edilmiş suya görə əsassız hesablanmış 399 (üç yüz doxsan doqquz) manat 90 (doxsan) qəpik borc iddiaçının abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməli, bununla da iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia qismən təmin edildiyindən qalan borc məbləği iddiaçı tərəfindən tam şəkildə ödənilməli və yalnız bu halda su təchizatı bərpa edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilə bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Şirvan şəhəri Şəhidlər küçəsi 34 saylı evə (Abonent kodu: **********340) ünvanına əsassız hesablanmış 399 (üç yüz doxsan doqquz) manat 90 (doxsan) qəpik məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X2 Xidməti” X5 Şirvan şəhər Sukanal İdarəsinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1732/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1732/2025
08.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver