Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-174/2023 13.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X1 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli ******* saylı və 25 oktyabr 2022-ci il tarixli ******* saylı aktların ləğv edilməsini, həmin aktlar əsasında hesablanmış cəmi 388 manat 80 qəpik cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaz İdarəsinin işçiləri hər ay dəfələrlə qaz sayğacına baxış keçirmiş, terminal vasitəsilə sərfıyyatı qeydə almış, qaz sərfi barədə bildiriş təqdim etmiş, həmin bildirişə görə ödənişlərini etmişdir. Qaz sayğacı həyətdən çöldə, açıq şəraitdə qurulmuşdur, heç bir qoruyucu örtüklə təmin edilməmişdir. Sayğacın işləyib-işləmədiyini, toxunulmazlığını və göstəricisini onun iştirakı ilə, yaxud iştirakı olmadan qaz işçiləri istədikləri vaxt yoxlaya bilmişlər. xx.xx.2020-ci il tarixində Şirvan Qaz İdarəsinin işçiləri istifadəsində olan qaz sayğacının istismar müddətinin bitdiyini bildirərək yenisi ilə əvəzləmişlər. Üstündən 9 ay keçdikdən sonra guya laboratoriya yoxlaması zamanı qaz sayğacının plastmas borusunun deşilməsinin aşkarlanması adı ilə 216 manat cərimə olunmuşdur. Qaz idarəsinə gedərək cərimə olunmağının səbəbini soruşmuş, orda ona cərimənin qanunsuz yazıldığını, lakin heç bir köməklik edə bilməyəcəklərini demişlər. O da həmin məbləği ödəməyəcəyimi bildirərək çıxıb getmişdir. xx.xx.2022-ci il tarixində borcu ödəmədiyini bəhanə edərək yenidən gəlib istifadəsində olan qaz sayğacını smart kart sayğacla əvəzləmişlər. Bu sayğac da çıxarılandan 4 ay sonra, 2022-ci ilin oktyabr ayında yenidən ona 172 manat 80 qəpik cərimə hesablanmışdır. Bu dəfə də qaz idarəsinə gedib cərimə olunmağının səbəbini soruşmuş, idarədə ona laboratoriyanın rəyinə əsasən çıxarılan qaz sayğacında xətaların normadan artıq olduğu, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etdiyini aşkarlandığı üçün cərimə yazıldığını bildirmişlər və bu haqsızlığla son qoyulması üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Hər iki akt qanunsuz yazılmışdır. Aktların yazılmasından onun xəbəri oİmamışdır. Qaz sayğacının üzərində xüsusi plomb olmuşdur. Həmin plomb sayğac açılarkən Şirvan qaz İdarəsinin işçiləri tərəfindən qırılmışdır. Sayğac qaz idarəsinin quraşdırdığı yerdə, həyətdən çöldə gözlərinin qabağında olmuş, hər ay qaz sərfini qeydə almışdır. Qaz sayğacı Qaz İdarəsi tərəfindən qoruyucu qutuyla təmin olunmamışdır. Salyan Qaz İdarəsinin rəhbərliyinə aktlarla razı olmadığını bildirdikdə aktın X4 İstismar İdarəsinin göstərişi ilə yazıldığını demişlər. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 10 iyul 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Şirvan şəhəri Mehmandarov küçəsi 2-də yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün əvəzləşdirilmişdir. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” 26 aprel 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 16 aprel 2021-ci il tarixli 29/1710- 01577-1 saylı rəyinə əsasən çıxarılan 7606006-lı qaz sayğacının çıxış plastmas borusu deşilmişdir.Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 26 aprel 2021-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” 25 oktyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 24 oktyabr 2022-ci il tarixli 29/1710-03427-1 saylı rəyinə əsasən çıxarılan 40051564-lı qaz sayğacı keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 25 oktyabr 2022-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri Mehmandarov küçəsi 2-də yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4T Smart tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2021-ci il aprel ayı üçün 216 manat və 2022-ci il oktyabr ayı üçün 172 manat 80 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 26 aprel 2021-ci il tarixli ******* saylı akta əsasən iddiaçının abonenti olduğu Şirvan şəhəri Mehmandarov küçəsi 2-də yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın çıxış plastmas borusu deşilməsinin, habelə 25 oktyabr 2022-ci il tarixli ******* saylı akta əsasən sayğacı keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 388 manat 80 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 26 aprel 2021-ci il tarixli ******* saylı və 25 oktyabr 2022-ci il tarixli ******* saylı aktlarda sayğacın istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğvi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın ləğvi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 26 aprel 2021-ci il tarixli ******* saylı və 25 oktyabr 2022-ci il tarixli ******* saylı aktlara əsasən itirilmiş qaz sərfiyyatı kimi 388 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın ləğv edilməsi hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-174/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-174/2023
13.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver