Məhkəmə qərarları › İş №2(032)-1813/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1813/2023

13.12.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1813/2023 13.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə borclu olan Maraqlı şəxs Feyzulla ilə Bakı şəhəri 9 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixində bağlanmış aliment öhdəliyi üzrə bağlanmış Barışıq Sazişini təsdiq edərək rəsmi nikahlarından 20 iyul 2012-ci il təvəllüdlü X7 və 12 aprel 2014-cü il təvəllüdlü X9 adlı iki nəfər uşaqlarının saxlanılması üçün hər bir uşağa 220 manat olmaqla, cəmi iki uşaq üçün 440 manat alimentin məcburi icra edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, borclu X11 ilə 13 dekabr 2011-ci il tarixində ailə qurmuş, rəsmi nikahlarından 20 iyul 2012-ci il təvəllüdlü X7 və 12 aprel 2014-cü il təvəllüdlü X9 adlı iki nəfər uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsindədir. Cavabdehlə münasibətləri normal olsa da, sonradan cavabdehin ona və uşaqlara qayğı göstərməməsi ailənin faktiki dağılmasına səbəb olmuşdur. Ailəsinin dağılmamasını nəzərə alaraq nikahın pozulması deyil, aliment tələbi ilə cavabdehə Mediasiya təklifi və sonradan Mediasiya qaydasında işin həll edilməsi üçün Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixində 09 saylı Mediasiya təşkilatında aralarında Barışıq sazişi imzalayaraq uşaqların ananın himayəsində qalması və hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi iki uşaq üçün 440 manat aliment tutularaq ona verilməsi razılaşdırılmışdır. Lakin artıq iki aya yaxın vaxt keçsə də, borclu olan X11 valideyin kimi üzərinə düşən öhdəliyi icra etmir və aliment ödəmir. Uşaqların saxlanılmasında çətinlik çəkir, 12 aprel 2014-cü il təvəllüdlü X9 adlı övladı ağır xəstəliklən əziyyət çəkir və daimi müalicə və müayinəyə ehtiyacı var. Borclu isə ona köməklik etmir. Borclu valideyinlik borcunuda yerinə yetirmir və aliment ödəmir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Həmçinin Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ seriyalı 736856 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2845 nömrə ilə qeyd edilmişdir. Arvada Eğri soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 20 iyul 2012-ci il təvəllüdlü X7 və 12 aprel 2014-cü il təvəllüdlü X9 doğulmuşdur. Atası X11, anası Ərizəçidır. İş materiallarında olan MŞB/9/2023-01668 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və X3 (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları X1 (doğum tarixi: 20 iyul 2012-ci il), X2 ( doğum tarixi: 12 aprel 2014-cü il) yetkinlik yaşına çatanadək ana Ərizəçi yanında saxlanılsın. 1.2 Tərəflər razılaşdılar ki, İkinci Tərəf birgə nikahdan dünyaya gəlmiş övladları X1 (doğum tarixi: 20 iyul 2012-ci il), X2 ( doğum tarixi: 12 aprel 2014-cü il) yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi manat) AZN, ümumilikdə 440 (dörd yüz qırx manat) AZN aliment məbləğini Birinci Tərəf Ərizəçi ödəyəcək. 1.3 İkinci tərəf övladları ilə gündəlik reiimlərini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyət yarada bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə X11 arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında maraqlı şəxs X11 20 iyul 2012-ci il təvəllüdlü X7 və 12 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, X5 faktiki nikahdan doğulmuş 20 iyul 2012-ci il təvəllüdlü X7 və 12 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 23 avqust 2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X11 arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/9/2023-01668 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, maraqlı şəxs X5 20 iyul 2012-ci il təvəllüdlü X7 və 12 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X11 arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/9/2023-01668 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs Eğri Burhaneddindən 20 iyul 2012-ci il təvəllüdlü X7 və 12 aprel 2014cü il təvəllüdlü X4 yetkinlik yaşları çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar