Məhkəmə qərarları › İş №2(032)-1817/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1817/2025

27.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1817/2025 27.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Məmmədova Pərvin Şaiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Şirvan RETSİ X2 əməkdaşları tərəfindən tərtib edilmiş NDM 020298 saylı, xx.xx.2020-ci il tarixli akt üzrə 283.83 manat və R 308931 saylı, xx.xx.2023-cü il tarixli akt üzrə 522.70 manat ümumilikdə 806.53 manat hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Ünvan üzrə elektrik təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmış, qeyd edilən müqavilə 07 yanvar 2025-ci il tarixdə yenilənmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadığı ünvan üzrə elektrik enerjisinin təminatı üzrə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın giriş və çıxış yuvası yanaraq yararsız hala düşmüşdür. Abonentin elektrik təchizatı yoxdur. Sayğacın giriş və çıxış yuvalarının yanmasının səbəbi araşdırılarkən məlum olmuşdur ki, sayğac quraşdırılarkən naqillərin birləşdirilmə yuvaları sıxılmadan boş qalmış, nəticədə sayğacın giriş və çıxış yuvası yanaraq yararsız hala düşmüşdür. Bu barədə akt tərtib edilməklə sayğac xx.xx.2024-cü il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə ünvan üzrə sayğacın ön ödənişli kartına pul yükləyərəkən məlum olmuşdur ki, sayğacın dəyişdirilməsi ilə əlaqədar 844.47 manat borc hesablanaraq abonent koduna yüklənmişdir. Qeyd edilən əsassız borcun yazılması səbəbindən "xxxx" ASC Şirvan RETSİ X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Rİ 337956 nömrəli aktlar əsasında ümumilikdə 844.47 manat hesablanmış borcun silinməsinə dair iddia tələbi ilə Şirvan şəhəh Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)- 411/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, Rİ 834789 saylı akt əsasında hesablanmış (abonent kodu **********21015) 844.47 manat borcdan 577.47 manat hissəsi silinməsi qət edilmişdir. Lakin bir müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə ünvan üzrə borcunun olması bildirilmişdir. Borcun silinməsi barədə məhkəmə qətnaməsinin olmasını bildirmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən sistemə baxmaqla ona yaşadığı ünvan üzrə NDM 020298 saylı, xx.xx.2020-ci il tarixli akt üzrə 283.83 manat və R 308931 saylı, xx.xx.2023-cü il tarixli akt üzrə 522.70 manat borcun olmasını bildirmişdilər. Qeyd edilən aktların tərtib edilməsindən məlumatsız olmağını, həmçinin ünvan üzrə xx.xx.2024-cü il tarixli, Rİ 834789 saylı akt əsasında hesablanmış (abonent kodu **********21015) 844.47 manat borcun əsassız yazılmasını və məhkəmə qaydasında mübahisələndirməyini bildirmişdir. Həmin müddətdə, yəni 2024-cü il tarixdə hazırki iki ədəd aktlar barədə heç bir məlumat verilmədiyini bildirmişdir. Cavabdeh təşkilatın məsul şəxsi tərəfindən aktları yalnız məhkəmə qaydasında silinə biləcəyi bildirilmişdir. Ünvan üzrə heç bir əsas olmadan borcun yazılması ilə araşdırma apararkən borcun hesablanmasına heç bir əsas gətirilə bilmədi, borcun yalnız məhkəmə vasitəsi ilə silinməsini bildirdilər. Qeyd edilən borcun yazılması ilə əlaqədar tərtib edilmiş aktları əsassız və qanunsuz hesab edir. Belə ki, aktların tərtib edilməsi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən aktın tərtib edilməsi üçün müvafiq təşkilatın nümayəndələri, istehlakçı (abonent) və ya nümayəndəsi və hal şahidlərinin iştirakları təmin edilməlidir. Lakin aktın tərtib edilməsindən görünür ki, istehlakçı və hal şahidlərinin iştirakları təmin edilməmişdir. Akta əsasən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi qeyd edilmişdir. Aktların tərtib edilməsi ilə əlaqədar məlumatları olmamışdır. Yaşadıqları ünvan üzrə istehlak edilən elektrik enerjisinin dəyəri tərəflərindən vaxtında və tam şəkildə ödənilmişdir. Qeyd edilən aktlar əsasında 806.53 manat əsassız borc hesablanmışdır. Pozulmuş hüquqlarının bərpa edilməsi, yazılmış aktların və borcun əsassızlığını sübut etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Akta əsasən 806.53 manat məbləğində hesabat aparılmış və hesablanmış məbləğ əhali kodunun dövriyyəsinə daxil edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli AKT NDM 020298 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-na uyğun sayğaca baxış keçirən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının sxem ardıcıllığı pozulub. Belə ki, digər mənbədən götürülən “0” xətti vasitəsilə xüsusi açarla sayğac dövrədən kənarlaşdırılıb. Sayğac axan yükü qeyd etmir. Ölçmə zamanı axan yük P=1.8 kvt, P say=0 kvt təşkil edir. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli AKT NDM 020298 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, abonentə akt üzrə 283.83 manat borc hesablanmışdır. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli AKT R 308931 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-na uyğun sayğaca baxış keçirildi, baxış zamanı məlum oldu ki, abonent sayğacın giriş və çıxış yuvalarından kabeli ayıraraq istifadə edir. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli AKT R 308931 nömrəli akt əsasında aparılmış hesabatdan görünür ki, (5 A x 0.22 x 0,7 x 24 saat x 270 gün) = 4990 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) 1800 kvt/s x 0,08 = 144 manat, (0,09) – 900 kvt/s x 0,09 = 81 manat, (0,13 manat) – 2290 kvt/s x 0,13 = 297.70 manat olmaqla ümumilikdə 522.70 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının müfəttişi Səxavət Zalov tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, ASC-nin nümayəndələri tərəfindən ünvan 2 ünvanınd yerləşən iddiaçıya məxsus yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacına baxış keçirilən zaman sayğac sxeminə müdaxilə edilməsi barədə xx.xx.2020-ci il tarixli, NDM 020298 nömrəli akt tərtib edilmişdir. Aktda faktiki gücün 1,8 kVts olduğu, sayğacın keçən yükü qeyd etmədiyi, sxem ardıcıllığının pozulduğu, avtomat açarla dövrədən kənarlaşdırıldığı, kənar mənbədən “0” xətti götürüldüyü və istehlakçının imzadan imtina etməsi barədə qeyd aparılmışdır. Akta görə guc 1,8 kVts nəzərə alınmaqla 97 gun müddətinə 283,86 manat məbləğində xx.xx.2020-ci il tarixli hesabat aparılmış və məbləğ abunə haqqında cədvələ (bundan sonra-cədvəl) daxil edilmişdir. X3 Təchizatı və Satışı İdarəsi (bundan sonra - RETSİ) tərəfindən təqdim edilmiş video çəkilişdə istehlakçı tərəfindən elektrik enerjisindən istifadədə aktda göstərilən pozuntu halına yol verilməsi sübuta yetirilməmişdir. Sonradan ASC-nin nümayəndələri tərəfindən qeyd olunan ünvanda iddiaçıya məxsus yaşayış evinə aid hesablaşma elektrik sayğacının giriş və çıxış xətlərini avtomat açar vasitəsilə birbaşa qoşmaqla sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi barədə xx.xx.2023-cü il tarixli, R 308931 nömrəli akt tərtib edilmişdir. Aktda kənar xətdən axan yükün 2,1 A olduğu və istehlakçının imzadan imtina etməsi barədə qeyd aparılmışdır. Akta görə yükü 5 A nəzərə almaqla 270 gün müddətinə 522,7 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmış və məbləğ cədvələ daxil edilmişdir. RETSİ tərəfindən təqdim edilmiş video görüntüdə hesablaşma elektrik sayğacının giriş və çıxış xətlərinin avtomat açar vasitəsilə sayğacdan kənar birbaşa qoşulduğu, sıxaclar kolodkasının qapağında möhürün olmadığı, sıxaclarda yanıq izlərinin olduğu görünür. Cədvəlin təhlili zamanı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək istehlakçının hesablaşma elektrik sayğacının göstəricisinin (257 kVts) təkrar oxunduğu, sərfiyatların qeydə alınmadığı və uçotun bərpa edilmədiyi məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə 834789 nömrəli protokola əsasən sayğac giriş faza sıxacının sıradan çıxması səbəbindən yenisi ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixli laboratoriya rəyində çıxarılan sayğacın giriş faza sıxacının yandığı və göstəricisinin 257 kVts olduğu qeyd edilmişdir. Sayğac dəyışmə protokolu və laboratoriya rəyində istehlakçı tərəfindən pozuntuya yol verilməsi barədə qeyd aparılmamışdır. İstehlakçı tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi sübuta yetirilmədiyi üçün xx.xx.2020-ci il tarixli, NDM 020298 nömrəli akta görə hesabat aparılması məqsədəuyğun hesab edilmir və xx.xx.2023-cü il tarixli, R 308931 nömrəli akta görə hesabatın Qaydaların 8.16-cı bəndinə uyğun aparılması məqsədəuyğun hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış evinə NDM 020298 saylı, xx.xx.2020-ci il tarixli və R 308931 saylı, xx.xx.2023-cü il tarixli aktları tərtib edilmişdir. NDM 020298 saylı, xx.xx.2020-ci il tarixli akt üzrə 283.83 manat və R 308931 saylı, xx.xx.2023-cü il tarixli akt üzrə 522.70 manat abonentin hesabına borc hesablanmışdır. Qeyd edilən aktlar üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının müvafiq rəyi alınmış və rəy üzrə xx.xx.2020-ci il tarixli, NDM 020298 nömrəli akt üzrə faktiki gücün 1,8 kVts olduğu, sayğacın keçən yükü qeyd etmədiyi, sxem ardıcıllığının pozulduğu, avtomat açarla dövrədən kənarlaşdırıldığı, kənar mənbədən “0” xətti götürüldüyü və akta görə güc 1,8 kVts nəzərə alınmaqla 97 gün müddətinə 283,86 manat məbləğində xx.xx.2020-ci il tarixli hesabat aparılmış və məbləğ abunə haqqında cədvələ daxil edilmişdir. X3 Təchizatı və Satışı İdarəsi (bundan sonra - RETSİ) tərəfindən təqdim edilmiş video çəkilişdə istehlakçı tərəfindən elektrik enerjisindən istifadədə aktda göstərilən pozuntu halına yol verilməsi sübuta yetirilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, NDM 020298 nömrəli akt üzrə aparılmış hesabat əsassız hesab edilməli və həmin akt üzrə aparılmış olan hesabat abonentin hesabından silinməlidir. İddia tələbinin R 308931 saylı, xx.xx.2023-cü il tarixli akta münasibətə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının müvafiq rəyi alınmış və rəy üzrə müəyyən edilmişdir ki, aktda kənar xətdən axan yükün 2,1 A olduğu, akta görə yükü 5 A nəzərə almaqla 270 gün müddətinə 522,7 manat məbləğində xx.xx.2023-cü il tarixli hesabat aparılmış və məbləğ cədvələ daxil edilmişdir. RETSİ tərəfindən təqdim edilmiş video görüntüdə hesablaşma elektrik sayğacının giriş və çıxış xətlərinin avtomat açar vasitəsilə sayğacdan kənar birbaşa qoşulduğu, sıxaclar kolodkasının qapağında möhürün olmadığı, sıxaclarda yanıq izlərinin olduğu görünür. Cədvəlin təhlili zamanı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək istehlakçının hesablaşma elektrik sayğacının göstəricisinin (257 kVts) təkrar oxunduğu, sərfiyatların qeydə alınmadığı və uçotun bərpa edilmədiyi məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə 834789 nömrəli protokola əsasən sayğac giriş faza sıxacının sıradan çıxması səbəbindən yenisi ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixli laboratoriya rəyində çıxarılan sayğacın giriş faza sıxacının yandığı və göstəricisinin 257 kVts olduğu qeyd edilmişdir. Sayğac dəyışmə protokolu və laboratoriya rəyində istehlakçı tərəfindən pozuntuya yol verilməsi barədə qeyd aparılmamışdır. İstehlakçı tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi sübuta yetirilmədiyi üçün xx.xx.2020-ci il tarixli, NDM 020298 nömrəli akta görə hesabat aparılması məqsədəuyğun hesab edilmir və xx.xx.2023-cü il tarixli, R 308931 nömrəli akta görə hesabatın Qaydaların 8.16-cı bəndinə uyğun aparılması məqsədəuyğun hesab edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay elektrik enerjisinin sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin verilməsini dayandıra bilər. Qaydaların 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R 308931 saylı, xx.xx.2023-cü il tarixli akta üzrə hesabat 270 gün götürülməklə 522.70 manat zərər müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən tərtib edilmiş olan aktın əsassız olduğunu iddia etsə də, işin fakitiki halları və cavabdeh cəmiyyətin təqdim etdiyi sənədlərlə iddiaçı tərəfindən “Elektirk enerjisindən istifadə qaydaları”nın pozulması halı sübuta yetirilmişdir. Lakin enerji təhcizatı müəssisəsi tərəfindən tərtib edilmiş akt üzrə hesabatın 270 gün nəzərə alınmaqla aparılması əsassızdır. Hazırkı halda abonentə sayğaca müdaxilə ilə bağlı 270 gün olmaqla hesabatın aparılması istehlakçının (hazırkı halda iddiaçının) hüquqlarının həddindən artıq pozulmasına səbəb ola bilər. “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərindən də göründüyü kimi hazırkı hallarla bağlı hesabat aparılarkən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, abonentə “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması ilə bağlı aparılmış olan hesabat 270 gün deyil, 30 gün, yəni ((5A x 0.22 x 0,7 x 24 saat x 30 gün = 554 kvt/s) 554 kvt/s müəyyən edilməlidir. 554 kvt/s hesabat isə (200 kvt/s x 0,084 = 16,80 manat, 100 kvt/s x 0,10 = 10 manat, 254 kvt/s x 0,15 manat = 38,10 manat, cəmi olaraq 64.90 manat) götürülməklə hesabat aparılmalı və İddiaçı məxsus abonent hesabına xx.xx.2023cü il tarixli, R 308931 nömrəli akt üzrə hesablanmış 522.70 manat borcdan 457.80 (522.70 manat – 64.90 manat = 457.8) manat hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda iddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş NDM 020298 saylı, xx.xx.2020-ci il tarixli akt ləğv olunsun, həmin akt əsasında hesablanmış borc məbləği (abonent kodu **********21016) abonentin hesabından silinsin. "xxxx" ASC tərəfindən 14 noyabr 2023-cü il tarixli AKT R 308931 saylı akt əsasında hesablanmış (abonent kodu **********21016) 522.70 manat borcdan 457.8 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 (otuz) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar