Məhkəmə qərarları › İş №2(032)-215/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-215/2023

23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-215/2023 23.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər 4 saylı Su Kanal idarəsinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şirvan şəhər 4 saylı Su Kanal idarəsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə **********181 abonent kodlu sayğacına 524.50 manat su borcu kimi yazılmış məbləğin hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri üzrə “Su xətlərinin yenilənməsi və öncədən ödəmə tipli su sayğaclarının quraşdırılması” lahiyəsi çərçivəsində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə **********181 abonent kodlu sayğacına 524.50 manat su pulu borc olaraq yazılmışdır. Hesablanmış borc məbləği düzgün deyil və bununla bağlı su təchizatı idarəsiə müraciət edərkən idarə əməkdaşları bu halı təsdiqləmişlər. Sadəcə olaraq su xətti çəkilən zaman xətt açıq qalmışdır və o, evdə yaşamadığı halda onun ünvanına su borcu olaraq yazılmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin abonentlər bazasından adına açılmış Şirvan şəhəri, Xəqani küçəsi dalan 1,390 saylı fərdi yaşayış evi üzrə abonent kodu olan **********181 hesabından əsassız hesablanmış 524.50 manat məbləğin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şirvan Sukanal İdarəsi arasında əhali abonenti olaraq “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə” əsasında su ilə təmin edilmişdir. xx.xx.2020-xx.xx.2021-ci il tarixdə ünvan üzrə (abunə kodu **********181) GSS-20 markalı 20085636 nömrəli mexaniki su sayğacı quraşdırılmış, xx.xx.2021-xx.xx.2022-ci illər ərzində ünvan üzrə GS5-20 markalı 21125484 nömrəli mexaniki su sayğacı ilə və dəyişdirilmiş xx.xx.2022-ci il tarixdə ünvan üzrə GSS-20M-20 markalı 22092750 nömrəli mexaniki su sayğac ifə əvəz edilmişdir. İstifadə edilmiş suyun dəyəri barədə abonentə hər ay bildiriş xəbərdarlıq göndərilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixə 589.30 (beş yüz səksən doqquz manat 30 qəpik) manat məbləğində yaranmış borc ödənilməmişdir. İddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında təmin edilməməlidir, İddiaçı borcun yaranma səbəblərinin və müvafiq araşdırma aparılması üçün "xxxx" ASC-nin "xxxx" MMC-yə və ya Şirvan Sukanal İdarəsinə heç bir müraciət etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanlarıvə məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 3.4-cü bəndinə əsasən, müəssisə istehlakçının istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 7.2-ci, 7.4-cü və 7.5-ci bəndlərinə uyğun təyin edir. “Sudan istifadə qaydalarının” 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan su ölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Həmin Qərarın 6.10-cu bəndinə əsasən zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsinin su təchizatını dayandırmaq hüququ vardır. Məhkəmə araşdırması zamanı "xxxx" ASC tərəfindən verilmiş 34488117 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilə üzrə abonent kartından müəyyən edildi ki, İddiaçı məxsus ünvan 3 ünvan üzrə xx.xx.2020-ci il tarixdə CSS-20 markalı, 20085636 nömrəli mexaniki su sayğacı quraşdırılmış, xx.xx.2021-ci il tarixdə CSS-20 markalı, 21125848 nömrəli mexaniki su sayğacı ilə, xx.xx.2022-ci il tarixdə İSS-20M-20 markalı, 22092750 nömrəli su sayğacı ilə əvəz edilmişdir. Ünvan üzrə su sərfiyyatına görə ümumi borcu 524,50 manat hesablanmışdır. Həmçinin məhkəmə araşdırması zamanı ünvan üzrə xx.xx.2020-ci il tarixdə quraşdırılmış CSS-20 markalı, 20085636 nömrəli mexaniki su sayğacının dəyişdirilməsi əsasları müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qaydalara əsasən istehlakçının istifadə etdiyi suyun hesabatı müvafiq istifadə dövrü ərzində hesablama yolu ilə müəyyən edilməlidir. Ünvan üzrə su sayğacının dəyişdirilməsi əsasları müəyyən edilmədiyindən, verilmiş suyun və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Belə olan halda isə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının müvafiq qərarına əsasən mənzildə (fərdi yaşayış evində) istifadə edilmiş suyun dəyəri müvafiq dövr üzrə cəmi 11 manat sudan istifadə borcu yarana bilərdi. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı əsassız olaraq hesablanmış 513,50 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərih rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə İddiaçı adına yazılmış sudan istifadəyə görə 524.50 manat borcdan əsassız hesablanmış 513.50 manat silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar