Məhkəmə qərarları › İş №2(032)-250/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-250/2024

28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-250/2024 28.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, o cümlədən hesablanmış 1036.80 manat məbləğində qaz borcunun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, o cümlədən hesablanmış 1036.80 (bir min otuz altı manat, 80 qəpik) manat məbləğində barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı uzun illərdir ki, vəfat etmişdir (ailə başçısını itirmiş, habelə az təminatlı ailə kateqoriyasına aid edilmiş şəxs qismindədir) iki övladı var. Oğlu hazırda müddətli hərbi xidmətdədir, oğlu hərbi xidmətdə olduğu üçün hazırda həmin ünvanda qızı ilə birlikdə yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra çox çətinliklərlə övladlarını tək başına böyüdmüş və oğlunu böyüdüb yetişdirərək vətənə xidmətə yola salmışdır. Yaşadığı mənzilin (Şirvan şəhəri, N.Nərimanov küç, ev 7, mənzil 10) öz qaz xətti və öz sayğacı var. Hər zaman mütəmadi olaraq qaz pulunu vaxtlı-vaxtında ödəmişdir. Qaz sayğacı çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. Həmişə də aidiyyəti şəxslər tərəfindən baxış keçirilərək yoxlanılmışdır. 29 dekabr 2022-ci il tarixdə evdə olmadığı zaman X1 İstismarı İdarəsinin işçiləri yaşadığı ünvana gələrək mənzilə aid olan sayğaca əsassız akt tərtib etmişlər ki, guya sayğaca hər hansı bir müdaxilə etmişdir. Dediyi kimi qızı ilə birlikdə yaşayır və günün 9 saatından çoxunu işdə olur. Özü və qızı bu şəraitdə nə qədər qaz işlədə bilər ki, üstəlik iki xanım olduqları halda sayğaca müdaxilə edə bilsin. Bu yanaşma tamamilə əsassız və absurddur. Sözügedən akt onun iştirakı olmadan tərtib edilərək işdən evə gedərkən küçədə konvertin içərisində olan halda ona təqdim edilmişdir. Evə çatdıqdan sonra konverti açdıqda içində yalnız akt vardır. Məsələ ilə bağlı digər aidiyyəti sənədlər konvertin içində movcud deyildir. Həmçinin aktda qeyri-real formatda qeyd etmişdirlər ki, guya akta imza çəkməkdən imtina etmişdir. (imza sözünün qarşısına əsassız imtina ifadəsi qeyd etmişdirlər, əminliklə bildirir ki, onun bu aktdan xəbərim olmayıb və iştirakı təmin edilmədən tərtib edilmişdir). İlkin mərhələdə bu aktı hansı səbəbdən yazılması və hansı məbləğdə cərimə tətbiq edildiyi ona məlum olmamışdır (çünki ona təqdim olunan tək aktda məbləğ qeyd edilməmişdir). Hüquqi savadsızlığından öncələri heç bir tədbir görə bilmədi, lakın bir gün qaz idarəsinin əməkdaşı (mənzillərdə qaz pulu qəbzi yazan şəxs) ona şifahi şəkildə bildirdi ki, “sənin 1 036, 80 ( bir min otuz altı manat, səksən qəpik) manat məbləğində qaz borcun var və sən onun ödəmək məcburiyyətindəsən, əks halda qaz xəttin kəsiləcək”, Bunu bildikdən sonra Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının qəbuluna yazılaraq qaz idarəsinin bu özbaşınalığından şikayət və iradlarını bıldirmişdir. İcra Hakimiyyətindən ixtisaslaşmış əməkdaşları tərəfindən ona bildirildi ki, bu məsələ yalnız müvafıq məhkəmə səviyyəsində həll olunmalıdır, eləcə də ona hüquqi izahlar və müəyyən istiqamətlər verildi. Məhkəmədə iddia qaldırmaq istədiyi halda digər aidiyyəti sənədləri ona təqdim olunmadığı məlum oldu və qaz idarəsindən tələb etməyini və bundan sonra məhkəmədə iddia qaldırmağı izah olundu. Mülki Prosessual Məcəllənin müvafiq tələblərinə əsasən digər aidiyyəti sənədlərin olmadığı halda məhkəmə tərəfindən işə baxılması mumkün olmayacağı ona izah edildi. Bundan sonra X1 İstismarı İdarəsinə rəsmi məktub göndərmiş, lakin bir nəticəsi olmadı, qaynar xəttinə zəng edib şikayət etdikdən sonra digər aidiyyəti sənədləri ona göndərdilər. Tələb etdiyi sənədləri (məhkəmədə iddia qaldırmağı üçün zəruri olan sənədlər) ona 19 dekabr 2023-cü ıl tarixdə təqdim edilmişdir. Bu mahiyyət üzrə məhkəmədə iddia qaldırmağda geçikməyinin səbəbi tərtib edilmiş aktla bağlı dıgər aidiyyəti sənədlərin ona təqdim edilməməsidir. Sənədlər ona təqdim olunduqdan sonra mən sənədlərə nəzər salan zaman müşahidə etmişdir ki, azəriqaz əməkdaşları tərtib etdikləri digər “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktda onun yerə saxta imza çəkilib. Qətiyyətlə vurğulayır ki, bu imza ona aid deyil və bu aktdan da heç bır xəbəri olmayıb. Abonent tərəfindən sayğaca heç bir müdaxılə olunmamışdır. Sayğaca əvvəlki dövrlərə təsaduf edən vaxtlarda divar boyası yaxılmışdır və bu boya blokda yerləşən mənzillərin qapılarının çöl tərəfi boyanarkən toxunmuş və köhnəlmiş boya formasına düşmuşdur. Hal-hazırda həmin boya həmin sayğacda mövcuddur. Buradan bir daha məlum olur ki, qaz idarəsinin əməkdaşları sayğacı dəyişdirməmiş və dəyişdirilməsi barədə saxta akt tərtb etmişdirlər. Ailə başçısını itirmiş, kasıb, az təminatlı, fəhlə işləyərək ailəsıni heç kimə möhtac olmadan və övladlarını tək başına böyüdən sadə bir vətəndaş olmağından istifadə edərək barəsində həqiqətə uyğun olmayan cərimə tərtib etmişdirlər. Ona görə də hesab edir ki, X1 İstismarı İdarəsinin əməkdaşlarının tərtib: etdikləri akt əsassız və qanunsuzdur, həmçinın həmin akt ləğv edilməlidir. Odur ki, həmin aktla heç cür razılaşa bilmir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış (abunə kodu: **********00100) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, İddiaçınun yaşadığı mənzilə quraşdırılmış sayğac istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, “Azəriqaz” İB-nin İTRİ-nin xx.xx.2022ci il tarixli 29/1710-04143-1 saylı rəyinə əsasən çıxarılan 405420 nömrəli qaz sayğacın çıxış plastmas borusu deşilməsi halı aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 8640 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2022-ci il tarixli ******* saylı akt göstərilmişdir. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Eyni zamanda məhkəmə qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda da görünür ki, qaz sayğacı istehlakçıya məxsus olan evdə quraşdırılmamışdır, belə olan halda həmin qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 1036.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000-dan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30.37 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış cərimə məbləği (abunə kodu **********00100) saylı abonent hesabından silinsin. 30.37 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar