Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-28/2024 26.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Təsviri hissə İddiaçı Cavabdeh İB-nin Salyan X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Salyan X3 İdarəsi tərəfindən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil İdarəsi arasında 12 iyun 2020-ci il tarixdə ünvan 1 ünvanı üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müaviləsi bağlanmaqla yaşayış sahəsi ilə təmin edilmişdir. Yaşadıqları sahə üzrə mətbəx ümumi istifadə edilməklə G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmış, qaz sayğacı ilə yalnız PQ-4 qaz avadanlığına (4 göz plitə) xidmət göstərilir. Qaz sayğacı mətbəx şəraitində qaz plitəsinin düz üzərində quraşdırılmışdır. Cari ilin əvvəllərində qaz sayğacının nasaz olması barədə müraciəti əsasında xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən iştirakı ilə sayğaca baxış keçirilmiş, ******* nömrəli akt tərtib edilməklə G4 markalı, ******* nömrəli qaz sayğacı sayğacın hesablama mexanizmi əriyib, sərfiyyat qeyd edilməməsi üçün dəyişdirilmiş, zavod nömrəsi 5309617, plomb nömrəsi 12684963 olan qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Salyan X3 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli XS-43- 01220/23 nömrəli Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilə yenilənmişdir. xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Aktı qanunsuz ve əsassız olaraq tərtib etmişlər. Akta əsasən qeyd edilən qaz sayğacının hesablama mexanizmi əriyib, sərfiyyat qeyd edilməməsi qeyd edilmişdir. Əlavə olaraq, istehlakçının iştirakı təmin edilmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK 14-2-2/3-5- 4151-1 nömrəli aktına əsasən, hesablama mexanizmi əriyib, sərfiyyat qeyd edilməməsi qeyd edilmişdir. Qaz sayğacının nasaz işləməsi barədə özü müraciət etmişdir. Əlavə olaraq sayğacın çıxarılması zamanı plomblar yerində olmaqla müdaxilə aşkar edilməmişdir. Bundan əlavə, hər ay cavabdeh təşkilatın nümayəndələri tərəfindən qaz sərfiyyatı üzrə sayğac üzərindən oxunma aparılır. Bu səbəbdən ötən dövr ərzində qaz sərfiyyatının hesablanmasında və ödənişlərin həyata keçirilməsində dəyişiklik olmuşdur. Nəticə etibarı ilə qaz sayğacının hesablama mexanizmi əriyib, sərfiyyat qeyd edilməməsi səbəbindən barəsində 1555.20 manat məbləğində borc hesablanmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçmiş və mülki iş üzrə məhkəmə iclası təyin edilmişdir. İddiaçı məhkəməyə iddiasının dəqiqləşdirilməsinə ərizə ilə müraciət edərək cavabdeh qismində Cavabdeh İB-nin tanınmasını və əsassız hesablanmış qalıq məbləğin onun hesabından silinməsini xahiş etmişdir. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh Salyan RQİİ-nin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh İB-nin metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, MSK 14-2-2/3-5-4151-1 № rəyinə əsasən G-4 markalı ******* № sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizmi istilik nəticəsində əriyib. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilib. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin İTRİ-nin xx.xx.2023-cü il tarixli, MSK 14-2-2/3-5-4151-1 saylı rəyinə əsasən çıxarılan ******* № qaz sayğacın hesablama mexanizmi istilik nəticəsində əriyib. (abonentin imzası yoxdur) ******* nömrəli, xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, abonent İddiaçı istifadəsində olan ******* nömrəli qaz sayğacı istismardan çıxarılmış, 12684963 nömrəli sayğac quraşdırılaraq plomblanmışdır. İddiaçı məxsus (abonentin kodu **********01170) abonentin saldosunda ******* nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2023-cü il ərzində qalıq borc 1555 manat 20 qəpik müəyyən olunur. İddiaçının dəlillərini yoxlamaq məqsədi ilə Şirvan şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(032)-1203/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8544-9/8783 saylı rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə mərkəzdə müvafiq ixtisaslaşmış laboratoriya /stend və avadanlıq/ olmadığına görə G-4 markalı, ******* nömrəli qaz sayğacının yararsız hala düşüb-düşməməsi sualları üzrə tədqiqat aparılması mümkün deyildir. Qərardadın üçüncü və dördüncü sualları üzrə qaz sərfiyyatı G-4 markalı, ******* nömrəli qaz sayğacının saatlıq qaz keçiriciliyi ilə deyil, sayğaca qoşulu olan qaz işlədicilərin sayına, gücünə və iş rejiminə uyğun hesablanmalıdır. Qaz işlədicilərinin günlük 24 saat işlədiyini nəzərə aldıqda 30 günlük cəmi qaz sərfiyyatı 864 m3/saat (864 m3/saat x 0.2= 172,8 manat ) təşkil edir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi,dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Tədqiq olunmuş sübutlara, cavabdeh qurumun təqdim etdiyi sənədlərə, o cümlədən də iddiaçının izahatına əsasən müəyyən olundu ki, İddiaçı yaşadığı ünvan 2 ünvanda qaz paylayıcısının evdə istifadə olunan qaz pilitəsinin üzərində quraşdırılması, sayğacın hesablama mexanizminin istilik nəticəsində əriməsi öz təsdiqini tapır. Bu faktın əsasında da cavabdeh qurum müvafiq akt tərtib edərək vurulmuş ziyanı hesablamışdır. Lakin məhkəmə hesab edir ki, ziyan kimi hesablanmış məbləğ əsassız olaraq artıq müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarını rəhbər tutaraq hesab edir ki, qaz paylayıcısı kimi cavabdeh qurum, istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməli olduğu kimi, qaz sayğacının texniki cəhətdən nazaslığının yoxlanılmasına, texniki baxış keçirməsinə və bu kimi halların vaxtında aşkar edilməsinə cavabdehdlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə dəymiş ziyanın 30 günlük qaz sərfiyyatına uyğun hesablanmasını daha məqsədəmüvafiq hesab edir. Yəni tədqiq edilmiş ekspert rəyində göstərildiyi kimi qaz işlədicilərinin günlük 24 saat işlədiyini nəzərə aldıqda 30 günlük cəmi qaz sərfiyyatı 864 m3/saat x 0.2= 172,8 manat təşkil edilməklə. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nə qarşı qaz sayğacının hesablama mexanizminin istilik nəticəsində əriyərək yararsız vəziyyətə düşməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı əsassız hesablanmış 1382 manat 0.40 qəpik qalıq məbləğ **********01170 hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən ziyan kimi hesablanmış 1382 manat 0.40 qəpik qalıq məbləğ **********01170 hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-28/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-28/2024
26.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver