Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-338/2024 06.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq “Azəriqaz” İstehsalat Birliyinin tərəfindən tərtib edilmiş 29 iyun 2018-ci il tarixli, ******* saylı və 26 avqust 2020-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi və aktlara əsasən hesablanmış 673.22 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qaz idarəsinin işçiləri hər ay dəfələrlə qaz sayğacına baxış keçirmiş, o, ünvan 1 ünvanında ailəsi ilə yaşayır. Qaz sayğacı evin hasarının çölündədir. 20 iyun 2018-ci il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları onun fərdi evində olan qaz sayğacına baxış keçiriblər. Baxış zamanı qaz sayğacının çıxış plasmas borusunda deşik olması aşkar olundu və bu səbəbdən onlar həmin vaxt ******* saylı akt tərtib etmişlər və həmin akta əsasən onu 414.72 manat cərimə etmişlər. Bundan əlavə olaraq yenə 26 avqust 2020-ci il tarixdə “Azəriqaz” İB-nin nümayəndələri yenidən onun qaz sayğacına baxış keçirmişlər. Həmin baxış zamanı göstərmişlər ki, sayğacın LCD ekranında informasiya əks olunmur. Klapanı açıqdır qaz keçir müvəqqəti element quraşdırıldı. LCD ekranında CNEEKİNC FİLE sistem əks olunmur və informasiya oxunmur (zavod qüsuru) sayğacın element yuvasının qapağının ətrafında kənar təsir izi mövcuddur klapanı bağlıdır. Bu barədə ******* saylı akt tərtib etmişlər və həmin akt əsasında onu 258.20 manat cərimə etmişlər. 29 iyun 2018-ci il tarixli və 26 avqust 2020-ci il tarixli yazılmış aktları qanunsuz hesab edir. Həmin aktlar yazılan vaxtlar o iştirak etməmişdir və tərtib olunmuş aktda onun imzası yoxdur. Onlar sayğaca baxış keçirən vaxt özü və hal şahidləri iştirak etməyiblər. Nümayəndələr özbaşına akt tərtib edib çıxıb gediblər. Heç bir vaxt qaz sayğacına müdaxilə etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əli Bayramlı (indiki Şirvan) şəhər VVAQ şöbəsi AZ SSR tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 arasında xx.xx.1978-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 142 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra aravada "İbadova" soyadı verilmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri Cəfər Cabbarlı küçəsi ev 11 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına Əli Bayramlı şəhərin XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 06 nömrəli qərarına əsasən reyestr kitabında 01-14, invertar işi 3634 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğac keçən qaz sərfiyyatını qeydə almaması səbəbindən yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentə məxsus qaz sayğacının çıxış plastmas borusunun kamera vasitəsilə baxış keçirildi. Baxış zamanı qaz sayğacının çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3 saat, qış aylarında orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, RP maksimal saatlıq qaz sərfi 0.8 m3 saat, qış aylarında orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 3456 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2018-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğac Dövlət yoxlamasından keçirilməsi səbəbindən yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan paylayıcı “Azəriqaz” X2 RQİİ-i ilə istehlakçı X6 arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin 29-1710-00812-2 nömrəli xx.xx.2020-ci il tarixli MSK-nın rəyinə əsasən element yuvanın qapağının ətrafında kənar təsir izləri mövcud olması halı aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən qaz sayğacının nominal qaz sərfi 4 m3 iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2020-ci il tarixli ******* saylı akt göstərilmişdir. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Eyni zamanda məhkəmə qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda da görünür ki, qaz sayğacı istehlakçıya məxsus olan evdə quraşdırılmamışdır, belə olan halda həmin qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 673.22 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 29 iyun 2018-ci il tarixli ******* saylı və 26 avqust 2020-ci il tarixli, ******* saylı aktları ləğv edilsin və həmin aktlara əsasən hesablanmış cərimə məbləğləri (abunə kodu **********0310) saylı abonent hesabından silinsin. 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-338/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-338/2024
06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver