Məhkəmə qərarları › İş №2(032)-36/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-36/2025

29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-36/2025 29.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh qonşusu olmaqla mülkiyyətində Şirvan şəhəri Bayramlı qəsəbəsi, Sabir küçəsi ev 6, 11 saylı mənzildə yaşayır. Yaşadıqları müddət ərzində son 4 il müddətində cavabdeh mənzilindən mülkiyyətində olan mənzilə su və kanalizasiya şəbəkəsindən axıdılan sular nəticəsində müəyyən miqdarda zərər vurulmuşdur. Bunların nəticəsi olaraq cavabdehlə dəfələrlə profilaktik söhbətlər aparılmışdır. Lakin 03 iyun 2024-cü tarixdə cavabdeh tərəfindən bir daha yaşadığı mənzilə çirkab suları axıdılmaqla mənzildə yaşayış üçün təhlükə yaranmışdır. Belə ki, çirkab suların axıdılması nəticəsində tavan və divar yarasız hala düşmüşdür. Qeyd edilən ziyan nəticəsində mülkiyyətində olan mənzilə 500 manat məbləğində zərər vurulmuşdur. Vurulmuş ziyan nəticəsində zərərin məbləğinin ödənilməsi ilə əlaqədar cavabdehlə heç bir razılığa gələ bilməmişlər. Bu səbəbdən mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Etiraz ərizəsinə görə, İddiaçı ona qarşı Şirvan şəhər Məhkəməsində iddia qaldıraraq guya, onun yaşadığı mənzilə ziyan vurmuş, ziyanın dəyərini isə 500 manat məbləğində göstərmişdir. Lakin cavabdeh iddia ərizəsində sübutlardan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsində olan bütün maddələri qeyd etmişdir. Halbuki, ilk növbədə iddiaçı vurulan ziyanın nədən yaranması və ziyana dair sübutları göstərməli idi. Belə ki, iddia ərizəsinə əlavə olunmuş akt tərtib olunubsa da , həmən akt onun iştirakı ilə tərtib olunmalı idi. Onun mənzilinə də baxış keçirilməli idi. Eyni zamanda qeyd olunanlar, mütəxəssis rəyi əsasında həyata keçirilməli idi. Ona görə də, iddaçı İddiaçı ona qarşı qaldırmış olduğu, vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil. Onun mənzilinə su qonşusu Cavabdeh tərəfindən axıdılmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı onun tərəfindən mənzilinə ziyan vurulduğunu bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 37 saylı sərəncamından çıxarışdan görünür ki, Şirvan şəhəri M.Ə.Sabir küçəsi 6 saylı evin 1-ci mərtəbəsində yerləşən 8 nömrəli mənzili İddiaçı 6 nəfərdən ibarət ailə tərkibinə ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 37 saylı sərəncamından çıxarışdan görünür ki, Şirvan şəhəri M.Ə.Sabir küçəsi 6 saylı evin 1-ci mərtəbəsində yerləşən 11 nömrəli mənzili X1 7 nəfərdən ibarətə ailə tərkibinə ayrılması qərara alınmışdır. Şirvan şəhəri İcra Hakimiyyəti Başçısının Bayramlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktından görünür ki, Şirvan şəhəri M.Ə.Sabir küçəsi 6 saylı evin 8 nömrəli mənzilə baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, Şirvan şəhəri M.Ə.Sabir küçəsi 6 saylı evin 11 nömrəli mənzilində yaşayan Cavabdeh Avadan qızının mənzilindən su axıdılmışdır. Baxış keçirilmiş ünvana su axaraq tavan sahəsinə 12 kv.m, divar hissəsinə 20,85 kv.m ziyan dəyməsi müəyyən olunmuşdur. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Şirvan şəhəri İcra Hakimiyyəti Başçısının Bayramlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Şirvan şəhəri M.Ə.Sabir küçəsi 6 saylı evin 6 nömrəli mənzilə dəyən ziyanın smetasından görünür ki, dəymiş ziyan 289 manat 41 qəpik məbləğində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli 10/9636 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə : Şirvan şəhəri Bayramlı qəsəbəsi Sabir küçəsində yerləşən 6 saylı evin 8 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. 11 saylı mənzilin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər hansı bir nasazlıq müşahidə edilmədiyindən su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, İddiaçı Şirvan şəhəri M.Ə.Sabir küçəsi 6 saylı evin 11 nömrəli mənzildən su axıdılması nəticəsində Cavabdeh Avadan qızı tərəfindən ona maddi və mənəvi ziyan vurulduğunu bildirsə də, məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza keçirilmiş və su axıdılması halının texniki səbəbələri dəqiq müəyyən edilməmişdir (11 saylı mənzilin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər hansı bir nasazlıq müşahidə edilməməsi halı). Məhkəmə hesab edir ki, ziyanın vurulması faktı və həcmi sübut edilməldir. Belə ki, İddiaçı məxsus Şirvan şəhəri M.Ə.Sabir küçəsi 6 saylı evin 8 nömrəli mənzilə suyun axıdılması məhz Cavabdeh Avadan qızının təqsirli, hüquqazidd əməli nəticəsində baş verdiyi, həmin əməlin iddiaçıya zərər vurması və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması iş üzrə sübutlarla müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 30 (otuz) manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 10/9636 saylı ekspertizanın aparılmasına dair ekspetiza xərcləri barədə bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. Beləliklə, məhkəmə xərcləri ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli, İddiaçı iş üzrə aparılmış 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar