Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-408/2025 12.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlil Elşən oğlunun katibliyi ilə , İddiaçı , Cavabdeh Şirvan şəhər 1 saylı notariat ofisinin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətinin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.3 kv.m olan fərdi yaşayış evi üzrə miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzürlü hesab olunmasını və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa edilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. X2 ilə anası X3 birgə nikahlarından xx.xx.1963-cü il tarixdə X17, xx.xx.1964-cü il tarixdə İddiaçı, xx.xx.1965-ci il tarixdə X14, xx.xx.1970-ci il tarixdə X7 adlı uşaqları dünyaya gəlmişdir. X2 ilə anası X11, qardaşı X14 və bacısı X7 vəfat etmişlər. Atadan miras qalmış əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 251.3 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Həmin fərdi yaşayış evi xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququ üzrə rəsmiləşdirilmiş və dövlət reyestrində **********26-10301 nömrə ilə qeydiyyata alınmışdır. Atadan miras qalmış əmlakın qəbulu ilə bağlı digər vərəsələr notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınması üçün müraciət etmişlər. O da miras əmlakdan pay almaq üçün notariat orqanına müraciət etsə də, xx.xx.2025-ci il tarixli ərizə ona cavab verilmişdir ki, “miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürdüyünüz üçün məhkəməyə müraciət etməliyəm”. Hüquqi savadsızlıqdan qanunvericiliyin tələblərinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət etməmişlər. Göstərdiyi üzrlü səbəblərdən dolayı miras əmlakdan ona çatası payı ala bilməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə verdiyi izahatında iddia tələbinin əsaslı olduğunu bildirirərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan 2 ünvanında yerləşən ev atasından miras qalmışdır. X27 xx.xx.2001-ci ildə, anası Qumru Əkbərova xx.xx.2009-cu ildə vəfat etmişdir. Əvvəllər heç kimin evi ayırmaq fikri olmadığından vərəsəliklə bağlı notariat ofisinə müraciət etməmişdir. Həmin evdə Azər Əkbərov adlı bir qardaşı, onun ailəsi və digər vəfat edən qardaşının ailəsi yaşayır. O, ailə qurduqdan sonra həmin evdə yaşamamış, kommunal xərcləri ödəməmişdir. Belə ki, o, 1986-cı ildən Hacıqabul rayonunda yaşamış, 2000-ci ildən isə ünvan 3 ünvanda yaşayır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şirvan şəhər 1 saylı notariat ofisinin nümayəndəsi X4 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, X13 xx.xx.2001-ci ildə vəfat etmiş, vətəndaş onlara müraciət edən zaman onlar ünvan 4 ünvanında yerləşən evə dair vərəsəliyin miras qoyanın oğlu X17 və vəfat etmiş oğlunun ailəsi arasında bərabər paylarının müəyyən edilməsi üçün həmin ünvanda qeydiyyatda olmayan və yaşamamış İddiaçı imtina ərizəsi verməsi üçün dəvət etmişlər. Lakin İddiaçı imtina ərizəsi verməkdən imtina edərək həmin evə dair onun da payının müəyyən edilməsini tələb etmiş, notarius tərəfindən ona qanunun tələbi izah edilməsinə baxmayaraq iddiaçı məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçı əvvəllər notariusa vərəsəliklə bağlı müraciəti olmamışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahat verərək bildirdi ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi atasının mülkiyyətində olmuş, onlar həmin evə 1980-ci illərdə köçmüşdür. Həmin ünvanda o , ailəsi və mərhum qardaşı Azərin ailəsi ilə birlikdə yaşayırlar. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2001-ci ildə ağır intoksikasiya səbəbindən Şirvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 78 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu ildə qan dövranı çatışmamazlığı səbəbindən Şirvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 358 nömrə ilə qeyd edilmişdir. Arayışdan görünür ki, X15 xx.xx.2022-ci ildə Şirvan şəhərində ölmüşdür. Bu barədə ölüm kitabında xx.xx.2022-ci ildə 395 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1970-ci ildə Sabirabad rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 489 nömrə ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda X5 adına ********** nömrə ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 12 dekabr 2024-cü il tarixli, 5-8-1/2-835/2024 saylı məktubunun surətindən görünür ki , mərhum X13 vəfat etdiyi xx.xx.2001-ci il tarixə qədər ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə olan məlumatlara əsasən mərhumun ailə tərkibi X9 (həyat yoldaşı) vəfat edib, oğlu 1963-cü il təvəllüdlü X17, qızı 1964-cü il təvəllüdlü İddiaçı, oğlu X15 (vəfat edib) və qızı X7 (vəfat edib) ibarətdir. İddiaçı xx.xx.2025-ci il tarixli notariat orqanına müraciət ərizəsindən görünür ki, xx.xx.2001-ci il tarixdə onun ünvan 4 ünvanında yaşayan X2 vəfat etmişdir. Ondan miras qalmış ünvan 4 saylı fərdi yaşayış evinə qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə ərizə ilə müraciət etmişdir. Mirasın qəbulu ilə məhkəməyə müraciət etmək fikrindədir. Sözügedən vərəsəlik işinin dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarında göstərilir ki, ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin ataları X13 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Miras əmlak ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Mərhumun həyat yoldaşı X9 xx.xx.2009-cu ildə, oğlu X15 xx.xx.2022-ci ildə , qızı X8 isə xx.xx.1970-ci ildə vəfat etmişdir. Mərhumun oğlu X17 və vəfat etmiş oğlu X6 ailəsi mirası faktiki qəbul edərək həmin ünvanda yaşayırlar. İddiaçı isə 1986-cı ildən Hacıqabul rayonunda yaşamış, 2000-ci ildən isə ünvan 3 ünvanda yaşayır. Hal-hazırda İddiaçı atasından miras qalmış əmlakı ilə bağlı mübahisə açmış, miras əmlakın qəbulu müddətinin bərpa edilməsinə dair məhkəmədə iddia tələblərini irəli sürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda məhkəmə qeyd edir ki, X13 xx.xx.2001-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Lakin işin hallarından görünür ki, iddiaçı məhkəmə iclasında miras əmlakdan xəbərdar olduqlarını bildirməklərinə baxmayaraq, Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu mərhum X13 vəfat etdiyi xx.xx.2001-ci il tarixindən etibarən yalnız xx.xx.2025-ci il tarixli notariat orqanına müraciət etmişdir. Bundan başqa, adı çəkilən vərəsə mirası faktiki qəbul etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı notariat ofisinə qarşı mənzilin miras əmlak kimi tərəfindən qəbulu ilə bağlı ötürdüyü müddətin üzrlü hesab olunması və qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddətin bərpa olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-408/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-408/2025
12.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver