Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-411/2025 15.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Şirvan RETSİ X3 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Rİ337956 nömrəli aktlar əsasında ümumilikdə 844.47 manat hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Ünvan üzrə elektriktəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmış, qeyd edilən müqavilə 07 yanvar 2025-ci il tarixdə yenilənmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadığı ünvan üzrə elektrik enerjisinin təminatı üzrə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın giriş və çıxış yuvası yanaraq yararsız hala düşmüşdür. Abonentin elektrik təchizatı yoxdur. Sayğacın giriş və çıxış yuvalarının yanması səbəbi araşdırılarkən məlum olmuşdur ki, sayğac quraşdırarkən naqillərin birləşdirilmə yuvaları sıxılmadan boş qalmış, nəticədə sayğacın giriş və çıxış yuvası yanaraq yararsız hala düşmüşdür. Bu barədə akt tərtib edilməklə sayğac xx.xx.2024-cü il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə ünvan üzrə sayğacın ön ödənişli kartına pul yüklədərkən məlum olmuşdur ki, sayğacın dəyişdirilməsi ilə əlaqədar 844.47 manat borc hesablanaraq abonent koduna yüklənmişdir. Qonşuluqda yaxınları yaşadığından 18 gün ərzində elektrik enerjisinin təminatı müvəqqəti olaraq onların hesabına istifadə edilmişdir. Ünvan üzrə heç bir əsas olmadan borcun yazılması ilə araşdırma apararkən borcun hesablanmasına heç bir əsas gətirə bilmədi, borcun yalnız məhkəmə vasitəsi ilə silinməsini bildirdilər. Qeyd edilən borcun yazılması ilə əlaqədar tərtib edilmiş aktı əsassız və qanunsuz hesab edir. Belə ki, aktın tərtib edilməsi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən aktın tərtib edilməsi üçün müvafiq təşkilatın nümayəndələri, istehlakçı (abonent) və ya nümayəndəsi və hal şahidlərinin iştirakları təmin edilməlidir. Lakin aktın tərtib edilməsindən görünür ki, istehlakçı və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akta əsasən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi qeyd edilmişdir. Aktın tərtib edilməsi ilə əlaqədar məlumatları olmamışdır. Yaşadıqları ünvan üzrə istehlak edilən elektrik enerjisinin dəyəri tərəflərindən vaxtında və tam şəkildə ödənilmişdir. Qeyd edilən akt əsasında 844.47 manat əsassız hesablanmış borc vardır. Pozulmuş hüquqlarının bərpa edilməsi, yazılmış aktın və borcun əsassızlığını sübut etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Akta əsasən 844.47 manat məbləğində heabat aparılmış və hesablanmış məbləğ əhali kodunun dövriyyəsinə daxil edilmişdir. Aktın ona təqdim edilməsi barədə müraciəti təmin edilməmiş, akt ona təqdim edilməmiş, aktın yazılması və borcun hesablanması barədə abonent haqqında məlumat ona təqdim edilməmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə Rİ 337956 nömrəli akt əsasında hesablanmış (abunı kodu:**********21016) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialı tərəfindən tərtib edilmiş rəyə uyğun olaraq qətnamə qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli AKT R 337956 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-nin tələblərinə əsasən sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğacın giriş və çıxış yuvası yanaraq yararsız hala düşüb. Abonentin elektrik təchizatı yoxdur. EEİQ-na əsasən sayğac laboratoriya tərəfindən yoxlanılması, rəy verilməsi və yenisi ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan AKT Rİ 337956 nömrəli xx.xx.2024-cü il tarixli akt əsasında aparılmış hesabatdan görünür ki, (20.05 A x 0.22 x 0,7 x 24 saat x 90 gün) = 6819 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) 600 kvt/s x 0,08 = 48 manat, (0,09) – 300 kvt/s x 0,09 = 27 manat, (0,13 manat) – 5919 kvt/s x 0,13 = 769.47 manat olmaqla ümumilikdə 844.47 manat borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC X4 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 834789 №-li protokoldan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğac yenisi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialı tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacına baxış keçirilən zaman sayğacın giriş və çıxış yuvalarının yanaraq yararsız hala düşməsi barədə xx.xx.2024-cü il tarixli, R 337956 nömrəli akt tərtib edilmişdir. Aktda istehlakçının imzadan imtina etməsi barədə qeyd aparılmışdır. xx.xx.2024-cü il tarixli 834789 nömrəli protokola əsasən sayğac yenisi ilə əvəz edilmiş və protokolda yaşayış evinin elektrik enerjisi ilə müvəqqəti təmin edildiyi barədə qeydiyyat aparılmışdır. Laboratoriyada sayğacın giriş faza yuvasının termiki təsir nəticəsində yandığı, alt qapaq möhünün olmadığı, dövlət möhürünün normal olduğu, sayğac göstəricisinin oxunduğu (257.15 kVts) barədə rəy verilmişdir. Akta görə istifadə yükü 20.05 A nəzər alınmaqla 90 gün müddətinə 844.47 manat məbləğində xx.xx.2024-cü il tarixli hesabat aparılaraq, hesablanmış məbləğ abunə haqqında cədvələ (bundan sonra-cədvəl) daxil edilmişdir. Akt, sayğac dəyişmə və rəy protokolunda istehlakçı tərəfindən pozuntuya yol verilməsi barədə qeyd aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il larixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Akta görə hesabatın Qaydaların 8.16-cı bəndinə uyğun aparılması məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay elektrik enerjisinin sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin verilməsini dayandıra bilər. Qaydaların 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış evinin xarici tərəfində divarda quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacın giriş və çıxış yuvası yanaraq yararsız hala düşdüyünün aşkarlanması barədə xx.xx.2024-cü il tarixli, Rİ 337956 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə həmin akt əsasında hesabat aparılmış və hesabat müddəti 90 gün götürülməklə 844.47 manat zərər müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən tərtib edilmiş olan aktın əsassız olduğunu iddia etsə də, işin fakitiki halları və cavabdeh cəmiyyətin təqdim etdiyi sənədlərlə iddiaçı tərəfindən “Elektirk enerjisindən istifadə qaydaları”nın pozulması halı sübuta yetirilmişdir. Lakin məhkəmə hesab edir ki, enerji təhcizatı müəssisəsi tərəfindən tərtib edilmiş akt üzrə hesabatın 90 gün nəzərə alınmaqla aparılması əsassızdır. Belə ki, “Elektirk enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Hazırkı halda abonentə sayğaca müdaxilə ilə bağlı 90 gün olmaqla hesabatın aparılması istehlakçının (hazırkı halda iddiaçının) hüquqlarının həddindən artıq pozulmasına səbəb ola bilər. “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərindən də göründüyü kimi hazırkı hallarla bağlı hesabat aparılarkən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, abonentə “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması ilə bağlı aparılmış olan hesabat 90 gün deyil, 30 gün, yəni ((20A x 0.22 x 0,7 x 24 saat x 30 gün = 2223.14 kvt/s) 2223.14 kvt/s müəyyən edilməlidir. 2223.14 kvt/s hesabat isə (200 kvt/s x 0,08 = 16 manat, 300 kvt/s x 0,09 = 27 manat, 1723 kvt/s x 0,13 manat = 224 manat, cəmi olaraq 267 manat) götürülməklə hesabat aparılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə iddiaçı X2 məxsus abonent hesabına hesablanmış 844.47 (844.47 manat – 267 manat = 577.47) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda iddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən X2 məxsus abonent koduna (**********21016) hesablanmış borcdan 577.47 silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən 15 avqust 2024-cü il tarixli, Rİ 834789 saylı akt əsasında hesablanmış (abonent kodu **********21016) 844.47 manat borcdan 577.47 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə dənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-411/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-411/2025
15.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver