Məhkəmə qərarları › İş №2(032)-445/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-445/2024

29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-445/2024 29.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan X2 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış ******* nömrəli akt ləğv edilməklə, hesablanmış 2073.60 manat borcun **********04790 saylı hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, çoxuşaqlı ana kimi müraciəti əsasında Şirvan şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 2008-ci ildə ünvan 1 ünvanı üzrə fərdi yaşayış evi ona əvəzsiz olaraq verilmişdir. Qeyd edilən ünvanda bir müddət yaşadıqdan sonra qaz təminatı olmadığından səhhəti ilə əlaqədar evdən kirayə çıxmışdır. Ünvan üzrə fərdi yaşayış evi təmirsiz olmaqla yaşayış üçün əlverişsiz olduğundan, ünvan üzrə yaşayış olmamışdır. Fərdi yaşayış evini hissə-hissə təmir etdiyi müddətdə xx.xx.2023-cü il tarixdə qaz təminatı ilə əlaqədar müraciəti əsasında qaz sayğacı quraşdırılmışdır. Qeyd edilən ünvana xx.xx.2023-cü il tarixdə qızı ilə birlikdə köçmüşdür. Cari ilin yanvar ayının sonlarında ünvan üzrə qaz təminatı şəbəkəyə qanunsuz qoşulma ilə əlaqədar akt yazılması və cərimə hesablanması barədə bildiriş verilmişdir. Qeyd edilən halların araşdırılması ilə əlaqədar idarəyə yaxınlaşanda ona bildirdi ki, yaşadığı evdən 300 metr məsafədə qanunsuz qoşulma aşkarlanmış, bu səbəbdən də akt tərtib edilmişdir. Onun aşkarlanmış kənar xəttin onun yaşadığı ünvana gəlməsini soruşduqda başqa ünvan göstərdilər. Akt əsasında yazılmış borcun silinməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, aktın ləğv etməklə borcun silinməsi məhkəmənin səlahiyyətindədir. Nəticə etibarı ilə qanunsuz qoşulma faktı üzrə barəsində 2073.60 manat məbləğində borc heablanmışdır. Cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonent qeyri qanuni olaraq qazdan kənar xətt (rezin boru) vasitəsilə hesabatsız istifadə etməsi halı aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 17280 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəməyə təqdim edilmiş olan fotoşəkil isə qoşulma halının mövcud olması və iddiaçıya məxsus olan evə qeyri-qanuni qaz ilə təhciz edilməsi halı aşkar edilməmişdir. Qeyd edilən halın mövcud olması və iddiaçı tərəfindən qaz xəttinə müdaxilə olması halının sübuta yetrilməsi yüklülüyü də, məhz cavabdeh tərəfin üzərinə düşür, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, bununla da iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmadığı müəyyən olunduğundan, eyni zamanda iddiaçı tərəfindən 2073.60 manat məbləğində borcun silinməsini tələb etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli onun abonent hesabına cavabdeh tərəfindən hesablanmış 2073.60 manat məbləğində borc silinməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 40.73 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 2073,60 manat cərimə məbləği (abunə kodu **********04790) saylı abonent hesabından silinsin. 40.73 manat dövlət rüsumu Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar