Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-472/2024 06.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın etibarsız edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “İstehsalat Birliyi tərəfindən 13 noyabr 2022-ci il tarixli ******* saylı aktının etibarsız hesab edilməsi və 777 manat 60 qəpik cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qazın sərfini müəyyən etmək məqsədilə evinin hasarından kənarda küçə tərəfdə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı uzun müddət istifadə olunduqdan sonra, sayğacı dəyişdirmək qərarına gəlmişlər və həmin sayğac yenisi ilə əvəz edilmişdir. Qaz sayğacı aparıldıqdan bir müddət sonra onlara borcu olduğu barədə ona bildiriş təqdim edilmişdir. Daha sonra bilmişdir ki, 13 noyabr 2023-cü il tarixdə, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktı aldıqdan sonra bu qədər, yəni 777 manat 60 qəpik məbləğdə borcun hardan yaranmasını öyrənmək məqsədilə Salyan X5 İdarəsinin Şirvan Xidmət Sahəsinə müraciət etmişdir. Müraciətindən sonra ona 13 noyabr 2023-cü il tarixdə, ******* nömrəli təbil qazdan istifadə qaydalarının pozulması barədə akt təqdim edilmişdir. Halbuki evdə istifadə etdiyi təbil qaza görə heç vaxt borcu olmamış və təbii qazın haqqını həmişə vaxtlı-vaxtında ödəmişdir. Ona görə də evdə təbii qazdan daima qənaətlə istifadə etmişdir ki, pulunu ödəməyə imkanı çatsın. Həmin aktın tarixində açıq-aşkar görünür ki, payız aylarıdır və qazdan çox az istifadə edilir, qışa nisbətən. Bəs bu qədər yüksək məbləğdə borc hardan yarandı? Nümunəvi təbii qaz istehlakçısı olmuş, istifadə etdiyi təbii qazın haqqını həmişə vaxtından əvvəl ödəmişdir ona görə ki, sayğacı smrat tipli sayğac olmuşdur. Hal-hazırda barəsində tərtib edilmiş 13 noyabr 2023-cü il tarixdə, ******* nömrəli akta əsasən hesablanmış 777 manat 60 qəpik məbləğdə cəriməni əsassız və qanunsuz hesab edir. Ona görə də aidiyyətı üzrə məhkəməyə müraciət edir . Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan : Əli-Bayramlı şəhər Əhaliyə Məişət Xidməti Kombinatının HİK-nin 20 iyun 1989-cu il tarixli 10 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, X1 ərizəsi və topladığı sənədlər əsasında ona , bağçılıq və bostançılıq məqsədi ilə 5,0 sot torpaq sahəsi ayrılması qərara alınmışdır. xx.xx.2018-ci il tarixli AR-İ № 058815 saylı etibarnamənin surətindən görünür ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 3 saylı binanın 62 saylı mənzilində yaşayan X3 həmin etibarnamə ilə Şirvan şəhəri Dəmir yol küçəsi 33 saylı evdə yaşayan İddiaçı Şirvar şəhəri, Naxçıvan küçəsində bağçılıq-bostançılıq məqsədi ilə ona ayrılmış 600,0 kv. metr torpaq sahəsində öz mulahizəsinə görə yaşayış evi və sair tikililər tikməyi, həmin tikinti işlərini idarə etməyi , göstərilən torpaq sahəsi və onun üzərində tikilmiş bütün növ tikililər üzərində məbləği, müddəti və düşər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, o cümlədən həmin yaşayış evi və sair tikililər üzəridə sərəncam vermək hüququ ilə satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoyması bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onu aidiyyəti səlahiyyətli bütün orqanlarda, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Notariat, Məhkəmə, Vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımı sənədləri almağı, təqdim etməyi ,imzalanmağı, pul hesablaşmalarını aparmağı və bu etibarnamədə göstərilənləri əlaqədar digər bütün hərəkətlər etməyi etibar edir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 noyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 11443/Q002 saylı rəyinə əsasən çıxarılan **********919 qaz sayğaca baxış keçirilmişdir. Sayğacın plastmas borusu deşilmişdir. Dəymiş ziyan hesablansın. Abonent ödənişə cəlb edilsin. Cavabdeh Salyan X5 İdarəsi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən qaz işlədicilərindən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itrilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış, 6x12x90=6480m3 hesablanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda - Şirvan şəhəri, ünvan 1naq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. Abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri Bağçılıq-Naxçıvan küçəsi ünvanına quraşdırılmış ZENNER G-4T Smart tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2023-cü il oktyabr ayı üçün 777 manat 60 qəpik debitor borcu yaranmışdır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə istehlakçı bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalar”nın: 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən (istehlakçı aktı imzalamaqdan imtina etdiyi halda yol verilmiş pozuntu texniki vasitələrlə qeydə alınmadığından), bununla da cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, 2023-cü il noyabr ayı üçün hesablanmış 777 manat 60 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi bu hissədə qismən təmin edilməlidir . Bununla yanaşı məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı aktda qaz sayğacın plastmas borusunun deşilməsi aşkar edilmişdir. Sayğac istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından (abonent kodu: **********07500 ) silinsin. Cavabdeh Azəriqaz İB-dən dövlət rüsumu hesabına 30 manat məbləğində alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-472/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-472/2024
06.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver