Məhkəmə qərarları › İş №2(032)-5/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-5/2025

11.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-5/2025 11.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh İsmayıl qızının iştirakı ilə, İddiaçı Cavabdeh İsmayıl qızına qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İsmayıl qızına qarşı miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 9, 34 saylı mənzilin üzərində ona ½ hissə payın və Cavabdeh İsmayıl qızının ½ hissə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhumə anası X3 cavabdehlər Cavabdeh İsmayıl qızına və X5 qarşı miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüququ tanınmaqla payların müəyyən edilməsi tələbinə dair Şirvan şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-1353/2020 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş və mərhumə nənəsi X6 miras qalmış ünvan 2 evin 34 nömrəli mənzilin miras əmlak qismində qəbul edilməsi faktının tanınması və həmin mənzilə mərhumə anası X2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Lakin mərhumə anası X3 xx.xx.2020-ci il tarixdə “kəskin respirator çatışmamazlıq” xəsətliyindən vəfat etmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)- 1353/2020 saylı qətnaməsi qanuni qüvvəsin aldıqdan sonra mərhumə anası X1 miras qalmış ünvan 2 evin 34 nömrəli mənzilə irsi tarnsmissiya qismində vərəsəlik hüququnun tanınmaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat ofisinə həvalə edilməsi barədə Şirvan şəhər məhkəməsində iddia qaldırmışdır. Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş və iddiaçı X7 tərəfindən mərhumə anasından miras qalmış ünvan 2 evin 34 nömrəli mənzilin qəbul edilməsi faktı müəyyən edilməsi və iddiaçı X4 adına ünvan 2 evin 34 nömrəli mənzildə ½ payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçüncü şəxs Şirvan şəhər 1 saylı Notariat ofisinə havələ edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İsmayıl qızı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-413/2022 saylı qətnaməsinə əsasən Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh İsmayıl qızı kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin MK-nın xx.xx.2022-ci il tarixli, 2 (102)-3613/2022 saylı qərarına əsasən Şirvan Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-413/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hər bir tərəf öz payına vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında ½ pay üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarışı verilmişdir. Lakin cavabdehin miras qalmış əmlak olan Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 9, 34 saylı mənzildə onun tərəfindən yerləşdirilən müvəqqəti yaşamaq üçün ailəvi dost olduğu, X8 qarşı “mənzildən çıxarılması” tələbi ilə məhkəmədə iddia qaldırması, onun mübahisə predmeti olan mənzildə müəyyən edilmiş payından istifadə edilməsi üçün üzərində sərancam vermək hüququnun cavabdeh tərəfindən pozulmasının qarşısının alınması üçün bərpa edilməsinə dair Azərbaycan Respublikası MPM-nin 55.1 və 55.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı qismində cavabdehə qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması” iddia tələbi irəli sürmək məcburiyyətində qoydu. Bu səbəbdən də cavabdeh qismində Cavabdeh İsmayıl qızına qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması” iddia tələbi ilə müraciət etmək məcburiyyətində qaldı. Öz payına əsasən mülkiyyətçisi olduğu mənzili ailəvi dost olduğu X8 vermiş, lakin cavabdehin ümumi mənzilə dair tələb irəli sürərək mülkiyyət hüququnun pozulduğunu və ona görə də mənzildə müvəqqəti qalan şəxslərə qarşı mənzildən çıxarılmaları tələbinə dair məhkəmədə iddia qaldırması hesab edir ki, cavabdehin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Çünki, miras əmlakın ½ pay hissəsinə mülkiyyətçi olaraq o, sərancam vermək hüququndan istifadə etməklə qalmaq üçün vermiş, lakin mənzilin mətbəx və sanitar qovşağı ümumi istifadədə olduğundan cavabdeh həmin hissəyə dair hər hansı bir iddia tələbi irəli sürə bilməz. Bu səbəbdən də cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək miras əmlakda payların naturada bölünməsi tələbi irəli sürmək məcburiyyətində qalmışdır ki, miras əmlak naturada bölündükdən sonra hər bir tərəf öz payı üzrə sərancam vermək hüququ tam formada qazana bilsin. Miras əmlak üzərində ½ pay üzrə onun və cavabdehin mülkiyyət hüquqları tanınmışdır. Belə ki, həmin paylar vizual olaraq müəyyən edilsə də, lakin naturada bölünməsi müəyyən edilmədiyindən miras əmlak üzərində hər bir tərəfin pay üzrə sərancam verməsi mümkünsüzdür. Lakin sözügedən miras əmlakın bölünməsi inşaat normalarına uyğun aparıldığı təqdirdə, onun üzərində hər bir tərəf payları üzərində sərancam verməklə istifadə etmək hüququndan da istifadə edə bilər. Həmin hüquqları hər bir tərəf qazansa da, lakin bu formal xarakter daşıyır və həmin paylar naturada olmadığından üzərində də sərancam vermək olmur, çünki hər bir tərəfin paylar üzrə sərancam vermək hüququ naturada müəyyən edildiyi halda artıq digər istifadə hüququ məhz sərancam hüququ əsasında yaranır. Bu da ona əsas verir ki, mübahisə predmeti olan miras əmlakın naturada bölünməsi halı baş verdikdə, hər bir tərəf öz payları üzərində sərancam vermək hüququ əsasında istifadə etmək hüququ da qazanır ki, belə olan halda hər bir tərəf miras əmlakın paylar üzrə naturada bölündüyü halda müəyyən edilərkən üzərində sərancam hüququndan irəli gələn istifadə hüququ da qazanır. Və bu da ona əsas verir ki, hər bir tərəf miras əmlakın naturada bölgüsü həyata keçirildikdən sonra müəyyən edilmiş natura payın üzərində istifadə etmək hüququ kimi digər şəxslərə də satmaq və yaxud istifadə üçün verilməsini həyata keçirilməsi üçün heç bir maneə olmayacaqdır. Bu səbəbdən də hesab edir ki, miras əmlak olan Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 9, 34 saylı mənzildə paylar üzrə naturada bölünməklə onun və cavabdehin payı müəyyən edilməli və ondan sonra naturada bölünmüş paylar üzərində sərancam vermək hüququnun hayata keçirilməsi halı baş verə bilər. Bu hal təbii ki, tərəflərə naturada bölünmüş payların üzərində istifadə etmək hüququ da qazandırır ki, məhz cavabdehin iddia tələbinə əsas verməklə məsələni həlli üçün əsas yaradır. Əvvəllərdə miras əmlak üzərində mübahisə predmeti üzrə məhkəmə proseslərində cavabdeh tərəfə müvafiq kompensasiya təkliflər etmiş və həmçinin miras əmlakda müəyyən edilmiş payların naturada bölünməsi ilə əlaqədar razılığa gəlinməsi təklifini də irəli sürmüşdür, lakin cavabdeh buna razı olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında bildirdi ki, onun tələbi məhz əmlakın naturada bölgüsü ilə bağlıdır. Məhkəmə iclasında Cavabdeh İsmayıl qızı iddia tələbini etiraf etməyərək, etiraz ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş – X9 vərəsəsi miras əmlakı qəbul edərək öz vərəsəlik hüququnu rəsmiləşdirməmiş xx.xx.2020-ci ildə vəfat etmiş X3; X2 vərəsəsi isə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan ½ hissəsə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X16 İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1993-cü il tarixdə X10 verilmiş invertar işi 680 olan reyestr kitabı 08-26-da qeyd edilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2 evin 34 saylı ünvanında yerləşən ümumi sahəsi 59.14 kv/m, yaşayış sahəsi 47.65 kv/m, yardımçı sahəsi 11.49 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzili ½ hissə mülkiyyət hüququ üzrə İddiaçı, ½ hissə mülkiyyət hüququ üzrə Cavabdeh İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 28 yanvar 2025-ci il tarixli 10/6173 saylı ekspert rəyindən görünür ki, ünvan 2 evin 34 nömrəli mənzilin faktiki vəziyyətinə görə mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə İnşaat Norma və Qaydalarının 2.08.01.89*-un 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanularının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 04 dekabr 2024-cü il tarixli Qərardadının 47-ci bəndində qeyd edilmişdir ki, naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 04 dekabr 2024-cü il tarixli Qərardadının 48-ci bəndində qeyd edilmişdir ki, göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzili ½ hissə mülkiyyət hüququ üzrə İddiaçı, ½ hissə mülkiyyət hüququ üzrə Cavabdeh İsmayıl qızının adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən paylı mülkiyyətdə olan Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilin paylarına uyğun olaraq bölünməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq isə ünvan 2 evin 34 nömrəli mənzilin faktiki vəziyyətinə görə mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə İnşaat Norma və Qaydalarının 2.08.01.89*-un 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Həmçinin iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından və məhkəməyə təqdim etmiş olduğu ərizəsindən də görünür ki, iddiaçı tələbi məhz paylı mülkiyyətdə olan Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilin paylara uyğun olaraq naturada ayrılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 04 dekabr 2024-cü il tarixli Qərardadının tələblərindən göründüyü kimi mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Hazrıda iddiaçının tələbi məhz paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması ilə bağlı olduğundan məhkəmə tələbə qeyd edilən kontekstən yanaşaraq hüquqi qiymət veməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 04 dekabr 2024-cü il tarixli Qərardadının tələblərindən göründüyü əmlak bölgüsü ilə bağlı iddia tələbi üzrə məhkəmə ilkin olaraq mübahisəli əmlakın naturada bölgüsünün mümkün olubolmamasını araşdırmalıdır. Naturada bölgünün mümkün olmadığı təqdirdə isə artıq kompensasiya ödənilməsi ilə bağlı məsələlər tərəflərlə müzakirə edilməlidir. Kompensasiya ödənilməsi ilə bağlı tələb isə iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. Hazrıkı mülki iş üzrə iddiaçının iddia tələbi yalnız əmlakın naturada paylara uyğun olaraq bölünməsindən ibarət olduğundan, iddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyində məhkəmə araşdırması irəli sürülmüş tələb üzrə baxılaraq yekunlaşdırılmalıdır. Beləkillə məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının tələbi Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilin paylara uyğun naturada bölgüsündən ibarət olduğundan və kompensasiya tələbi olmadığından iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Şirvan şəhəri Nəriman Nərimanov küçəsi 9 saylı evin 34 nömrəli mənzilin naturada bölgüsünün mümkün olmaması ilə bağlı iddia tələbinin təmin edilməməsi onun sonradan əmlakın ona düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququnu məhdudlaşdırmır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş olan 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin mülki iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci iddia təmin edilmədiyindən iddiaçıdan tutulmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh İsmayıl qızına qarşı miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 9, 34 saylı mənzilin üzərində ona ½ hissə payın və Cavabdeh İsmayıl qızının ½ hissə payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar