Məhkəmə qərarları › İş №2(032)-504/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-504/2025

12.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-504/2025 12.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 348990 nömrəli akt əsasında **********52006 abonent kodundan 1905,13 manat məbləğində hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan üzrə elektriktəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadığı ünvan üzrə elektrik enerjisinin təminatı üzrə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı abonent tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi qeyd edilmişdir. Baxış keçirilməsi ilə əlaqədar 348990 nömrəli akt tərtib edilmişdir. Aktın tərtib edilməsindən görünür ki, istehlakçı və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akta əsasən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi qeyd edilmişdir. Aktın tərtib edilməsi ilə əlaqədar məlumatları olmamışdır. Yaşadığı ünvan üzrə istehlak edilən elektrik enerjisinin dəyəri tərəflərindən vaxtında və tam şəkildə ödənilir. Yaşadığı ünvanın qonşuluğunda mərhum atasının adına olan fərdi yaşayış evi vardır. Atasının ünvanı ünvan 1 olan fərdi yaşayış evinə quraşdırılmış elektrik enerjisi sayğacı uzun illərdir ki, istifadə edilmir. Cavabdeh təşkilatın nümayəndələri atasının evinə gedən elektrik enerjisi sayğacına baxış keçirmiş, qanunsuz akt tərtib etməklə, adına olan sayğacın üzərinə 1905 manat 13 qəpik borc hesablanmışdır. Cari ilin əvvəllərində smart sayğacın balansını artırdıqdan sonra məlum olmuşdur ki, yüklənən məbləğlərin 50% borcun əvəzinə tutulur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli AKT R 348990 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-yə əsasən sayğaca baxış keçirildi. Məlum oldu ki, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Videoçəkiliş aparıldı. Naqilin en kəsiyi 2X10 mm2-dir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AKT R 348990 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, 1905,13 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının rəisi Ceyhun Rzayev tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, "Azərişıq ASC-nin nümayəndələri tərəfindən ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış evində hasarının xarici tərəfində quraşdırılmış evə aid hesablaşma elektrik sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi barədə xx.xx.2024-cü il tarixli, R 348990 nömrəli akt tərtib edilmiş, aktda sayğac göstəricisi 11970 kVts qeyd edilmiş və istehlakçının imzadan imtina etməsi barədə qeyd aparılmışdır. Akta görə istifadə yükü 23 A nəzərə alınmaqla 180 gün müddətinə 1905,13 manat məbləğində xx.xx.2024-cü il tarixli hesabat aparılmış və hesablanmış məbləğ abunə haqqında cədvələ daxil edilmişdir. Elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi ilə bağlı təqdim edilmiş videoçəkilişdə sayğacın ekranında baxışın xx.xx.2024-ci il tarixində keçirildiyi, sayğacın göstericisinin 11343,17 kVts olduğu görünür, sayğacdan kənar xəttin olması və istehlakçıya məxsus yaşayış evində kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi sübuta yetirilmir. Videoçəkilişdə görünən baxış tarixi və sayğac göstəricisi ilə aktın tərtib edildiyi tarix və aktda qeyd edilmiş sayğac göstəricisi arasında uyğunsuzluq vardır. Digər tərəfdən cədvəl üzrə 11970 kVts sayğac göstəricisi xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək təkrar oxunmuşdur. Məsələnin ətraflı araşdırılması məqsədi ilə xx.xx.2025 ci il tarixində X2 nümayəndəsinin iştirakı ilə ünvanda baxış keçirilmişdir. İddiaçı məxsus yaşayış evi üçün evin hasarının xarici tərəfində PAUD-MP106 tipli, **********14 zavod nömrəli əvvəlcədən ödəmə sistemli hesablaşma elektrik sayğacının quraşdırıldığı, sayğaca hasarın yanında olan 0,4 kV kabel hava xəttinin dəmir-beton dayağından 0,22 kV-luq kabel xətti ilə gərginlik verildiyi, sıxaclar kalodkasının qapağına 228087 nömrəli möhürün vurulduğu, sayğac göstericisinin 11771 kVts və sayğacın qoşulma sxeminin normal olduğu məlum olmuşdur. Qeyd edilənlərlə bağlı yerində videoçəkiliş aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qəranı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalanı'nın (bundan sonra Qaydalar) 8.17-1 bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, qanunsuz elektrik xətti açılmalı, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədi ilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda qeyd edilənlərə əsasən, xx.xx.2024-cü il tarixli, R348990 nömrəli akt qaydalara uyğun tərtib edilməmişdir və akta görə hesabatın aparılması məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt əsasında hesablanmış borc silinməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış cərimə borc iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də 39 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT R 348990 saylı, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 1905,13 manat borc məbləği (abonent kodu **********52006) abonentin hesabından silinsin. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 39 (otuz doqquz) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar