Məhkəmə qərarları › İş №2(032)-640/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-640/2025

25.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-640/2025 25.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , Ərizəçi Şirvan şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X3 anadangəlmə iflicdən əziyyət çəkir. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində nevroloji dispanser qeydiyyatında olmaqla “Baş beyinin beyin çadırından üst hissəsinin qeyri-müəyyən və ya, baş beyinin törəməsi, obstruktiv hidrosefaliya, Spastik tetraplegiya, nitqin pozulması, çanaq orqanları funksiyasının pozulması (sidik saxlamamaq), nəcis ləngimə tipli” diaqnozu ilə dispanser qeydiyyatındadır. Qeyd edilən xəstəliklə bağlı oğluna TSEK tərəfindən 1 qrup əlillik dərəcəsi verilmiş və əmək qabiliyyətsiz olması qeyd edilmişdir. Hal-hazırda oğlu X2 bəzi sənədlərin alınmasında və ona təyin edilmiş müavinatın və 1 qrup əlillərə baxmağa görə təyin edilmiş “Prezident təqaüdünün” alınmasında bir sıra çətinliklər yaranmışdır. Oğlu hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi məhkəməyə gəlməmiş, ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda göstərilir ki, X3 baş beynin beyin çadırından üst hissəsinin qeyri-müəyyən və ya baş beynin törəməsi. Obstruktiv hidrosefaliya. Spastik tetraplegiya. Nitqin pozulması. Çanaq orqanları funksiyasının pozulması (sidik saxlamamaq), nəcis ləngimə tipli diaqnozu ilə orqanizm funksiyalarının 100 % faiz pozulmasına görə müddətsiz 1-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-psixiatriya ekspertiza mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1654 saylı rəyindən görünür ki, tibbi sənədlər əsasında (qiyabi) aparılan müayinə nəticəsində məlum olur ki, X3 baş beynin üzvi xəstəliyi nəticəsində yaranan nitq və hərəki pozuntularla müşayət olunan əqli gerilik formasında psixi xəstəlikdən əziyyət çəkir. Mülki işdə olan tibbi sənədlər və şəxsin oğlunun məhkəməyə ünvanlandırdığı ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlirəm ki, Baş beynin üzvi xəstəliyi nəticəsində yaranan nitq və hərəki pozuntularla müşayət olunan əqli gerilik diaqnozlu xəstəliklə əlaqədar xx.xx.1996-cı il təvəllüdlü X3 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göründüyü kimi şəxsin məhkəmə tərəfindən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin əsasları qanunvericilikdə imperativ norma kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki qanunvericiliyinin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, həmin fiziki şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı üzərində qəyyumluq və himayəçilik təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1996-cı il təvəllüdlü X3 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, bununla da ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-362-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. X3 üzərində qəyyum təyin etmək üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar