Məhkəmə qərarları › İş №2(032)-642/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-642/2025

15.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-642/2025 15.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə müraciəti üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu il tarixində Şirvan şəhərində anadan olmuş X4 doğma qardaşıdır. Anadangəlmə əqli zəiflikdən əziyyət çəkir və bu səbəbdən öz hərəkətlərinin mənaısnı başa düşmür, öz hərəkətlərinə nəzarət edə bilmir. 1986-cı ilə aid “VTEK” tərəfindən verilmiş Əlizaminin 1-ci dərəcəli əlilliyini və anadangəlmə ağıl zəifliyi diaqnozunu təsdiqləyən yoxlama aktından çıxarış var. Belə ki, qardaşına baxan özüdür, evli olsa da qardaşı ilə birgə yaşayır. Qardaşı özünü müstəqil idarə edə bilmir, müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir deyil. Verilən sualları anlamır, hərəkətlərinin mahiyyətini dərk etmir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, maraqlı şəxs Şirvan şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, X4 “kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3630 nömrəli rəyində qeyd edilmişdir ki, X3 ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. X1 mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X4 öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilmişdir. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X4 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Tələbin xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri ərizəçilərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə aidiyyəti qurumlarda müvafiq qeydlər aparmaq üçün və xx.xx.1969-cu il təvəllüdlü X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar