Məhkəmə qərarları › İş №2(032)-662/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-662/2024

29.03.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-662/2024 29.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞS/MT023/2024-00419 saylı barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə nikah münasibətlərinə girməklə Şirvan şəhər Qeydiyyat Şöbəsində 145 nömrəli aktla nikahın bağlanması haqqında şəhadətnamə qeydə alınmışdır. Həmin nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adında iki uşaqları vardır. Maraqlı şəxslər arasında olan nikah münasibətləri 2013-cü il tarixdən davam etməsinə baxmayaraq, lakin faktiki olaraq 2023-cü ilin iyun ayından həmin münasibətlər formal xarakter daşıyır. İlk əvvəllər maraqlı şəxslə münasibətləri normal olsa da, lakin sonradan bu münasibətlər kəskinləşmiş və artıq nikahın pozulması həddinə gətirib çıxartmışdır. Ona görə də, hal-hazırda maraqlı şəxslə xarakterləri uyğun gəlmədiyindən nikahın pozulması qərarına gəlmişdir. Birgə nikah münasibətlərindən doğulmuş uşağları saxlamaq, onları maddi cəhətdən təmin etmək çətin olduğuna görə də, o nikahın pozulması ilə yanaşı alimentlə bağlı ilk olaraq Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Belə ki, Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞS/MT023 ********* saylı “Barışıq Sazişi” əsasında onunla maraqlı şəxs arasında müqavilə bağlanılmış və maraqlı şəxs üzərinə öhdəliklər götürmüşdür. Lakin bu günə kimi maraqlı şəxs “Barışıq Sazişi”dən irəli gələn öhdəlikləri yerinə yetirmir. Bu səbəbdən də, o, Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞS/MT023/2024- 00419 saylı “Barışıq Sazişi”nin təqsdiqlənməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəfindən nikahın pozulması ilə yanaşı alimentin məbləğinin müəyyən edilməsi təklifi ilə maraqlı şəxsə mediasiya qrumunda razılığa gəlinməsini bildirmişdir. Maraqlı şəxs etiraz etmədiyindən Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Mediasiya sessiyasında o və maraqlı şəxs istər nikahın pozulmasında, istər də aliment məbləği ilə bağlı qarşılıqlı razılığa gəlmişdirlər. Mediasiya təşkilatı tərəfindən barışıq sazişi və mediasiya prossesinə xitam verilməsi barədə protokol verilmişdir. Lakin buna baxmayaraq maraqlı şəxs aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞS/MT023/2024 00419 saylı “Barışıq Sazişi” ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etmir və onunla birgə nikahdan dünyaya gəlmiş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 125 manat olmaqla, iki uşağa ümumilikdə hər ay 250 manat sabit pul məbləğində alimenti ödəməkdən yayınır, demək olar ki, qəti şəkildə əməl etmir. Hal-hazırda Şirvan şəhərində yaşadığından, həmçinin himayəsində azyaşlı uşağı olduğundan MPM-nin tələblərinə əsasən Şirvan şəhər məhkəməsinə müraciət etmək məcuriyyətində qalmışdır. Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, Maraqlı şəxs aralarında xx.xx.2024-cü il tarixdə “Barışıq Sazişi” bağlanmışdır. Həmin barışı sazişinin şərtlərinə əsasən maraqlı şəxs hər ay, hər uşağa görə 125 manat olmaqla, ümumilkdə 150 manat aliment ödənilməsi ilə bağlı razılaşmışlar. Razılığıa əsasən aliment hər ayın sonu ödənilməlidir. Yəni maraqlı şəxs 2024-cü ilin martın ayının sonunda alimenti ödəməlidir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ərizəçi ilə aralarında bağlanılmış barışıq sazişinə əsasən alimenti hər ayın sonu ödəyəcəyi barədə razılığa gəlmişlər. Aralarında hal-hazırda heç bir narazıçılıq yoxdur, özü fəhlə işləyir, ayın sonu ərizəçinin kartına aliment məbləği üzrə ödənişi ödəyəcəkdir. O, alimenti ödəməkdən imtina etmir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs X3 ilə nikahlarını 12 mart 2013-cü il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Nikahdan sonra arvada Ağadadaşlı soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X1 xx.xx.2015ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024-00419 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə mediasiya sessiyasında nikahlarının pozulması, uşaqların ananın himayəsində saxlanılması və hər ay, bir uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs tərəfindən alimentin hər ayın sonu ödənilməsi barədə ərizəçi ilə razılığa gəlmişlər. Ödəniş tarixi xx.xx.2024-cü il tarixə qədər olmasına baxmayaraq, Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda barışıq sazişinin ödəniş tarixi ilə bağlı şərtinin pozulması halı, yəni alimentin könüllü qaydada icra edilməsindən imtina edilməsi halı müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qanunverici tərəfin müraciətini müddət və iradə ifadəsi ilə məhdudlaşdırmışdır. Belə ki, qanunvericiliyin tələblərindən görünüdüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından və tərəflərin vermiş olduqları izahatlarından müəyyən edilir ki, tərəflər arasında barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanmış, barışıq sazişi alimentlə bağlıdır və aliment növbəti ayın, yəni xx.xx.2024-cü il tarixdək icra edilməldir və maraqlı şəxs aliment ödəməkdən imtina etmir, sadəcə müəyyən edilmiş müddəti gözləməkdədir. Ərizəçi isə barışıq sazişinin icrası ilə bağlı müəyyən edilmiş müddət tamam olmadan, yəni xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞS/MT023/2024-00419 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, qət etdi: Ərizəçi Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞS/MT023/2024-00419 saylı barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar