Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-671/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehinə qarşı ünvan 1 ünvanında yerləşən mənzilə əsassız hesablanmış 290,25 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, 40 saylı evdə yerləşən 3 saylı mənzil X2nın mülkiyyətində olmuşdur. X2 2008-ci ildə vəfat etdikdən sonra həmin mənzildə 2 ildir ki, daimi olaraq özü yaşayır və qeyri-rəsmi olsa da mənzilə sahiblik edir. Adı çəkilən mənzildə ailəvi olaraq əvvəllər yaşamamışdır. Həmin mənzildə uzun illər yaşayış olmamışdır. Yaşayış olmamasına görə isə həmin mənzildə sudan istifadə olunmamışdır. Cavabdehin nümayəndələri tərəfindən ona su və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2024-cü il tarixə 290,25 manat borcun olması barədə bildiriş verilmişdir. Həmin mənzildə xidmətlərə görə 2011-ci ildə kod açılmış və 2 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Kod açıldıqdan sonra həmin evdə yaşayış olmamasına baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq 2 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. Mərhum anası xidmətlərdən istifadəyə görə borcunun olmamasını ona bildirmişdir, lakin sonradan məlum olmuşdur ki, ünvanda borc hesablanmışdır. Hesablanmış borc məbləği ilə razı deyildir. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak edərək iddianı müdafiə etdi və təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmasını xahiş edərək bildirmişdir ki, vaxtaşırı ödənişlər üzrə iddia müddəti üç olmasına baxmayaraq ondan 2011-ci il tarixdən etibarən suya olan borcun tələb edilməsi yolverilməzdir. İddiaçı hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-cu ilin 09 ayının 19 günündə 318 nömrə ilə qeyd edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 34414312 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilə üzrə abonent kartından müəyyən olunur ki, Sara Qurbanovaya məxsus ünvan 2 ünvanında 2 nəfər şəxsin qeydiyyatda olması göstərilərək, həmin şəxslərin sayına uyğun su sərfiyyatına görə ümumi borcu 290,25 hesablanmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının Konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparılmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsinin su təchizatını dayandırmaq hüququ vardır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İş materiallarına əalvə edilmiş abonent kartı çıxarışdan görünür ki, iddiaçının 2021,2022,2023cü il tarixlərində abonent borcu müəyyən edilməmiş, 2024-cü il tarixə 27,9 manat istehlakçı borcunun olması müəyyən edilmişdir. İri şəhərlərin X9 Xidməti Publik Hüquqi Şəxsi tərəfindən borcunun mövcud olmasına dair bildiriş verilmədiyini bildirmiş, habelə acavbdeh tərəf qeyd edilən xüsusatın təkzibi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı anasının ölümü haqqında İri şəhərlərin X9 Xidməti Publik Hüquqi Şəxsinə məlumat verməsinə dair hər hansı sübut təqdim edə bilmədiyindən sonuncunun barəsində hesablanmış 2024-cü il üçün borcun (27.9 manat) hesablanmasına münasibətdə məhkəmə Publik hüquqi şəxsin prezumpsiya mövqeyini rəhbər tutur. Beləliklə İddiaçı cavabdehə qarşı iddia irəli sürüb ki, ona 290,25 manat məbləğində hesablanmış su borcu əsassızdır, çünki uzun müddət mənzildə yaşayış olmayıb; su və kanalizasiya xidmətlərindən istifadə etməyib; borcun hesablanması qeyri-obyektiv normativ qaydada aparılıb;borcun bir hissəsi çox köhnə dövrə (2011-ci ildən sonrakı dövrə) aiddir. Məhkəmənin araşdırdığı hüquqi və faktiki hallar: Məhkəmə araşdırma zamanı belə nəticələrə gəlib ki, mənzil iddiaçının anasının (X4) mülkiyyətində olub, 2008-ci ildə anası vəfat etdikdən sonra iddiaçı faktiki orada yaşamağa başlayıb, su təchizatı xidməti üzrə 2011-ci ildən sonra kod açılıb və 2 nəfərlik normativ üzrə borc hesablanıb, faktiki borc barədə 2021, 2022, 2023-cü illərdə heç bir borc göstərilməyib, 2024-cü il üzrə 27,9 manat borc müəyyən edilib. İddia müddəti və tələbin köhnəlməsinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi və 375.2-ci maddəsinə görə, iddia müddətinin keçməsi tələb hüququnu aradan qaldırmır, lakin iddia müddətinin tətbiqi barədə ərizə verilməlidir. İddiaçı ərizəsində iddia müddətinin tətbiq olunmasını xahiş edib. 3 illik iddia müddəti keçdiyindən (Mülki Məcəllənin 373-cü maddəsi), 2011-2020-ci illər üzrə hesablanmış borclar artıq köhnəlmiş hesab edilir. Bu baxımdan, 2021-ci ildən əvvəlki borclar üzrə cavabdehin tələb irəli sürmək hüququ mövcud deyildir. AR Mülki Məcəllənin 442-448-ci maddələrinə və “Sudan istifadə qaydalarına” görə, su sərfiyyatına görə borcun hesablanması ya suölçən cihaz əsasında, ya da normativ qaydada aparılır. İddiaçının həmin dövr ərzində qeydiyyatda olan şəxslərin dəyişməsi barədə cavabdehə məlumat vermədiyi üçün cavabdeh 2 nəfərlik normativə uyğun hesab aparıb, ancaq abonent kartından görünür ki, son illər üzrə (2021-2023) heç bir borc hesablanmayıb. Bu da göstərir ki, faktiki su sərfiyyatı olmamış və ya hesab artıq balanslaşdırılıb. 2024-cü il üzrə 27,9 manat borcun mövcudluğu barədə abonent kartında məlumat var. İddiaçı həmin dövrdə yaşayırmış və sudan istifadə etmiş ola bilər. Eyni zamanda, cavabdeh 2024-cü il üçün bildiriş təqdim etmədiyi halda, məhkəmə burada abonent kartını etibarlı sübut kimi qəbul edib. İddiaçının öz tərəfindən bu borcun hesablanmasının əsassız olmasına dair sübut təqdim etməməsi fonunda bu məbləğin saxlanılması hüquqi əsaslı hesab olunub. 27,9 manat borcun mövcudluğu əsaslandırılıb ondan ötrü ki, bu məbləğ aktual dövr üzrə (2024-cü il) hesablanıb;bu dövr üçün iddia müddəti keçməmişdir; İddiaçı tərəfindən bu borcun əsassızlığı sübut olunmayıb. Qalan 262,35 manat (290,25 - 27,9) borcun silinməsi düzgün hesab olunur ondan ötrü ki, həmin borc köhnə (2011-2020-ci illər üzrə) dövrlərə aiddir; İddia müddəti keçdiyindən cavabdehin tələb hüququ bitmişdir. Cavabdeh tərəfindən hesablamaların doğruluğunu təsdiq edən əlavə sübut təqdim edilməmişdir. Faktiki istifadə və qeydiyyat dəyişiklikləri barədə dəqiq məlumat verilmədiyindən normativ hesablama dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərih rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, əsassız olaraq hesablanmış 262,35 manat borc silinməli, bununla da iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdehi tərəfindən ünvan 3 ünvanı üzrə sudan istifadəyə görə əsassız hesablanmış 262 (iki yüz altmış iki) manat 35 (otuz beş) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-671/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-671/2025
02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver