Məhkəmə qərarları › İş №2(032)-723/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-723/2024

13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-723/2024 13.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R № 286098 saylı və xx.xx.2024-cü il tarixli, R № 324458 saylı aktların ləğv edilməsini və həmin akt əsasında hesablanmış borcun silinməsini, əsassız borcdan ödənilmiş 505 (beş yüz beş) manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. İddiaçı X3 tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Təbriz küçəsində yerləşən 65 nömrəli fərdi yaşayış evinin çölündə quraşdırılmış elektrik sayğacı onun adınadır. Sayğac smart tipli olduğu üçün nə işlətmişlər onun pulunu ödəmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məlumat verilmədən və iştirakını təmin etmədən həmin mənzilə dair quraşdırılmış elektrik sayğacının üzərində yoxlama aparılmış və xx.xx.2023-cü il tarixli AKT R № 286098 nömrəli qanunsuz akt tərtib edilmişdir. Akta əsasən ona 917,02 manat cərimə olunduğu bildirilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məlumat verilmədən və iştirakını təmin etmədən yenidən həmin fərdi yaşayış evinə dair quraşdırılmış elektrik sayğacının üzərində yoxlama aparılmış və xx.xx.2024-cü il tarixli AKT R № 324458 nömrəli qanunsuz akt tərtib edilmişdir. Akta əsasən ona 1004,97 manat cərimə olunduğu bildirilmişdir. Bundan başqa pul ödənilmədiyi halda evinə verilən elektrik eneriisinin dayandırılacağı bildirilmişdir. Qış ayı olduğu üçün qeyd olunan fərdi yaşayış evində yaşlı adamlar və uşaqların yaşaması səbəbindən, məcburən 505 (beş yüz beş) manat ödəniş olunmuşdur. "xxxx" ASC-nin satış idarəsi tərəfindən aparılan hərəkətlər qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. 01.012.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamenti Satış İdarəsinin nümayəndələri tərəfindən Şirvan şəhəri, Təbriz küçəsində yerləşən 65 nömrəli fərdi yaşayış evinə dair quraşdırılmış elektrik sayğacına baxış keçirilməsi, qanunsuz yoxlamadan keçirilməsi və xx.xx.2023-cü il tarixli AKT R № 286098 və xx.xx.2024-cü il tarixli AKT R № 324458 nömrəli aktların tərtib edilməsi elektrik enerjisindən istifadə qaydalarının kobud surətdə pozulması nəticəsində aparılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, aktlar əsasında hesablanmış 1451 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, sayğacda kənar xəttin olması həqiqətə uyğun deyil. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan və sayğaca onun tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədiyindən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən aktlar tam qanuni əsaslarla tərtib olunmuşdur. Bu səbəbdən də iddia rədd olunmalıdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Təbriz küçəsi 65 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. 01 dekabr 2023-cü il tarixli, R 286098 saylı və xx.xx.2024-cü il tarixli, R 324458 saylı aktlar komissiyasının texniki sahələr üzrə tələblərə əsasən yoxlama zamanı məlum olmuşdur ki, abonentin sayğacın giriş və çıxış yuvalarını birləşdirərək sayğacdan kənar enerjidən istifadə etdiyi aşkar edilmişdir.R 286098 saylı Akt Şirvan balans bölməsinin aparıcı mühəndisi Zamanlı Yüksəl, mühəndis Həsənov Elnur, ESŞ-nin aparıcı mühəndisi Mənsimov Xanbala tərəfindən tərtib edilmiş, onlar tərəfindən imzalanmışdır. Akt abonent tərfindən imzalanmamışdır. R 324458 saylı Akt Şirvan RETSİ-nin balans bölmə rəhbəri Camal Qubadov, mühəndis Hakim Əhədov və Bəhmən Mikayılov tərəfindən tərtib edilmiş, onlar tərəfindən imzalanmışdır. Akt abonent tərfindən imzalanmamışdır. 01 dekabr 2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonentin sayğacdan kənar xətdən istifadə etməsi aşkarlanmışdır. 6.2 A x 0.22 x 0,7 x 24 saat x 365 gün=8364 kvts, Tarif (0,08 man)-2433 kvts *0,08 manat=194,67 manat, Tarif (0,09 manat)-1217 kvts*0,09 manat = 109,50 manat, Tarif (0,13 manat) – 4714 kvts * 0,13 manat 612 manat 85 qəpik, cəmi 917 manat 02 qəpikdir. 25 fevral 2024-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonentin sayğacdan kənar xətdən istifadə etməsi aşkarlanmışdır. 39 A x 0.22 x 0,7 x 24 saat x 55 gün=7928 kvts, Tarif (0,08 man)-367 kvts *0,08 manat=29,36 manat, Tarif (0,09 manat)-183 kvts*0,09 manat = 16,47 manat, Tarif (0,13 manat) – 7378 kvts * 0,13 manat 959 manat 14 qəpik, cəmi 1004 manat 97 qəpikdir . Şirvan EŞ-i İdarəsinin xx.xx.2024-cü il tarixli, 324458 nömrəli aktdan görünür ki, abonentin (abonentin kodu **********5) sayğaca baxış keçirən zaman abonentin sayğacın giriş və çıxış xətlərini eyni yuvada bərkidilməklə birbaşa elektrik enerjisindən istifadə etməsi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən elektrik enerji haqqı üçün 505 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli abunə ödənişləri haqqında məlumatdan görünür ki, abonentin borcu 1451 manat 92 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl deliktdir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-1-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8-17-2-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən yaşadığı Şirvan şəhəri Təbriz küçəsində yerləşən 65 nömrəli fərdi yaşayış evinin elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi barədə xx.xx.2023-cü il tarixli, AKT R № 286098 və xx.xx.2024-cü il tarixli AKT R № 324458 saylı aktlar abonentin iştirakı ilə tərtib edilmədiyindən və onun tərəfindən imzalanmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə olan halda isə İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. Bu baxımdan məhkəmə belə bir qənaətə gəlir ki, cavabdeh "xxxx" ASCi tərəfindən İddiaçı barəsində tərtib edilmiş elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsinə görə xx.xx.2023-cü il tarixli, AKT R № 286098 və xx.xx.2024-cü il tarixli AKT R № 324458 saylı aktlar əsasında hesablanmış cərimə silinməli, iddia bu hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, AKT R № 286098 və xx.xx.2024-cü il tarixli AKT R № 324458 saylı aktlara əsasən abonentin sayğacın giriş və çıxış yuvalarını birləşdirərək sayğcadan kənar enerjidən istifadə etməsi aşkar edilmişdir. Sayğacın istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız edilməsi hissəsində rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu:142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-i tərəfindən İddiaçı Şirvan şəhəri, Təbriz küçəsi, 65 saylı evdə elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R286098 nömrəli akt və xx.xx.2024-cü il tarixli, R324458 nömrəli akt əsasında hesablanmış 1451 manat 92 qəpik məbləğində borc abonent kodu **********5 olan abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumu hesabına 34 manat 51 qəpik məbləğində pul alınaraq Şirvan Şəhər Məhkəməsinin xəzinə hesabına (büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar