Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-79/2023 18.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB- qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X1 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 25 fevral 2021-ci il tarixli ******* saylı aktının etibarsız hesab olunması və 216 manat cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Bağçılıq yaşayış massivi, ünvanında yaşayır. Təbii qaz istifadəçisi kimi abonent qeydiyyatındadır. Şirvan Qaz İdarəsinin işçiləri hər ay qaz sayğacına dəfələrlə baxış keçirib, terminal vasitəsilə sərfiyyatı qeydə alıb, sərfiyyat bildirişini təqdim edirlər. Həmin bildirişə görə ödənişi vaxtı-vaxtında etmişdir. Qaz sayğacı hər ay işlədilən qazı qeydə almışdır. Sayğac həyətdən çöldə, küçədə, açıq şəraitdə quraşdırılmış, heç bir qoruyucu örtüklə təmin olunmamışdır. xx.xx.2020-ci ildə Şirvan Qaz İdarəsinin işçiləri həmin vaxt istifadəsində olan Elester G-4 markalı, 10569120 nömrəli qaz sayğacını əvəzləyib, yerinə başqa sayğac quraşdırmışlar. Bu hadisədən 3 ay sonra ona qazdan qanunsuz istifadəyə görə 216 vanat cərimə olunması barədə bildiriş təqdim olunmuşdur. Bununla razılaşmadığı üçün Şirvan Qaz İdarəsinə getmişdir. Orda ona “Azəriqaz” İB-nin Metrologiya Departamenti tərəfindən fərdi yaşayış evindən çıxarılmış qaz sayğacının plastmas qapağının sağ hissədən kənar təsir nəticəsində tam aralandığı, hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsinin mümkünlüyü barədə rəy verildiyi üçün “Təbii X2nın pozulması haqqında” ******* nömrəli akt tərtib edildiyini və bu akta əsasən cərimə hesablandığını bildirərək aktın surətini ona təqdim etmişlər. Qaz sayğacı həyətdən çöldə, küçədə, açıq şəraitdə olub və Qaz İdarəsi tərəfindən qoruyucu qutuyla təmin olunmamış və qanunla toxunulmazlığına Qaz İdarəsi məsuliyyət daşıyır. Şirvan Qaz İdarəsinin rəhbərliyinə ehtimalla yazılmış aktla razı olmadığımı bildirdikdə aktın X4 İstismar İdarəsinin göstərişi əsasında yazıldığını deyərək məhkəməyə müraciət etmək tövsiyyə etmişlər. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 noyabr 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Şirvan şəhəri Bağçılıq massivi, Naxçıvan küçəsi 531-də yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın plastmas qapağı sağ yan hissədən aralanması aşkar edilmişdir. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” 25 fevral 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 26 fevral 2021-ci il tarixli 29/1710- 00924-1 saylı rəyinə əsasən çıxarılan 10569120-lı qaz sayğacın plastmas qapağı sağ yan hissədən kənar təsir nəticəsində tam aralanmışdır. Hesablama mexanizmin iş prinsipinə müdaxilə edilməsi mümkündür. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 25 fevral 2021-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri Bağçılıq massivi, Naxçıvan küçəsi 531-də yerləşən fərdi yaşayış evində quraşdırılmış G-4 Zenner tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2021-ci il fevral ayı üçün 216 manat debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu Şirvan şəhəri, Bağçılıq massivi, Naxçıvan küçəsi 531-də yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın plastmas qapağı sağ yan hissədən kənar təsir nəticəsində tam aralanmışdır. Hesablama mexanizmin iş prinsipinə müdaxilə edilməsi mümkündür. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 216 manat borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 25 fevral 2021-ci il tarixli ******* saylı aktda sayğacın plastmas qapağı sağ yan hissədən kənar təsir nəticəsində tam aralanmışdır. Hesablama mexanizmin iş prinsipinə müdaxilə edilməsi mümkündür. Sayğac istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın etibarsız sayılması üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 25 fevral 2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 216 manat məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın etibarsız hesab olunmasına dair hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-79/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-79/2023
18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver