Məhkəmə qərarları › İş №2(032)-827/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-827/2025

24.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-827/2025 24.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Şirvan RETSİ X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci tarixli, 370220 nömrəli aktın ləğv edilməsi və qeyd edilən akt əsasında **********02025 nömrəli abonent kodundan 1752.15 manat hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Ünvan üzrə elektrik təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmışdır. 29 yanvar 2025-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadığı ünvan üzrə elektrik enerjisinin təminatı üzrə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğac keçən yükü düzgün qeyd etmir, sayğac sxeminə müdaxilə edilməsi qeyd edilmişdir. Baxış keçirilməsi ilə əlaqədar 370220 nömrəli akt tərtib edilmişdir. Qeyd edilən aktı əsassız və qanunsuz hesab edir. Belə ki, aktın tərtib edilməsi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən aktın tərtib edilməsi üçün müvafiq təşkilatın nümayəndələri, istehlakçı (abonent) və ya nümayəndəsi və hal şahidlərinin iştirakları təmin edilməlidir. Lakin aktın tərtib edilməsindən görünür ki, istehlakçı və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akta əsasən sayğac sxeminə müdaxilə edilməsi qeyd edilmişdir. Aktın tərtib edilməsi ilə əlaqədar məlumatları olmamışdır. Yaşadıqları ünvan üzrə istehlak edilən elektrik enerjisinin dəyəri tərəflərindən vaxtında və tam şəkildə ödənilir. İstifadə dövrü ərzində elektrik enerjisinin istifadə edilməsi üçün dəyəri ön ödənişli sayğac kartına ödəniş edilməklə istifadə edilir. Digər tərəfdən cavabdeh təşkilatın nümayəndələri tərəfindən baxış keçirilərkən müdaxilə halı (plombların bütövlüyü pozulmadan) aşkar edilməmişdir. Ailə üzvləri olan övladları xeyli müddətdir ki, həbsdədirlər. Fərdi yaşayış evində yaşayan ailə üzvlərindən sayğaca müdaxilə edilməsi yolverilməzdir. Buna ehtiyacları da yoxdur. Bundan əlavə çıxarılan sayğac qanunvericiliyin tələblərinə əsasən, ünvan sahibinin və ya nümayəndəsinin iştirakı təmin edilməmiş, sayğacın laboratoriya yoxlanmasında onun və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir. Hazırda smart sayğacın balansını artırdıqdan sonra məlum olmuşdur ki, yüklənən məbləğlərin 80% hissəsi, borcun əvəzinə tutulur. Cavabdeh təşkilata bu halların araşdırılması barədə müraciət etmişdir. Qeyd edilən borcların silinməsi yalnız məhkəmə vasitəsi ilə mümkünlüyü bildirilmişdir. Qeyd edilən aktlar əsasında 1752.15 manat əsassız hesablanmış borc vardır. Pozulmuş hüquqlarının bərpa edilməsi, yazılmış aktın və borcun əsassızlığını sübut etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Akta əsasən 1752.15 manat məbləğində hesabat aparılmış və hesablanmış məbləğ əhali kodunun dövriyyəsinə daxil edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 29 yanvar 2025-ci il tarixli AKT R 370220 nömrəli aktda qeyd edilmişdir ki, ünvan 2 ünvanında (abunə kodu **********02025 nömrəli) İddiaçı məxsus ünvana EEİQ-na əsasən sayğaca baxış keçirən zaman sayğacda keçən yükü düzgün qeyd etmir, sayğac sxeminə müdaxilə edilib. Naqilin en kəsiyi 2x10 mm. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AKT Rİ 370220 nömrəli akt əsasında tərtib edilmiş hesabatdan görünür ki, abonentə akt üzrə 1710.89 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialının rəisi Ceyhun Rzayev tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, xx.xx.2025-ci l tarixli, R 370220 nömrəli akt “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun tərtib edilməmişdir və akta görə hesabatın aparılması məqsədəuyğun deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış cərimə borc iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də 37.53 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT R 370220 saylı, xx.xx.2025-ci il tarixli akt ləğv olunsun, həmin akt əsasında hesablanmış borc məbləği (abonent kodu **********02025) abonentin hesabından silinsin. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 37.53 (otuz yeddi manat əlli üç qəpik) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar