Məhkəmə qərarları › İş №2(032)-842/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-842/2024

06.05.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-842/2024 06.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə bağlanmış 05 sentyabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə ailə həyatı quraraq nikahlarını 27 may 2016-cı il tarixdə 213 nömrə ilə Şirvan şəhər Qeydiyyat Şöbəsində qeydə aldırmışlar, bu barədə onlara nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Birgə nikahdan 07 avqust 2018-ci il tarixdə X5 adlı övladı anadan olmuşdur. O, nikahın pozulması , uşağın yaşayış yerinin müəyyənləşdirilməsi , birgə nikahda əldə olunmuş əmlakın bölünməsi və aliment tələbi ilə mediasiya şurasına müraciət etmişdir. Maraqlı tərəf prosesdə iştirak etmiş və aralarında 05 sentyabr 2023-cü il tarixdə MŞS/MT-23/2023- 01984 nömrəli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Buna baxmayaraq, Maraqlı şəxs sazişə əməl etməkdən imtina edir, razılaşdırılmış alimenti xx.xx.2023-cü ildən ona ödəmir. Məhkəmə iclasında Ərizəçi Maraqlı şəxs sazişə əməl etməkdən imtina edərək razılaşdırılmış alimenti xx.xx.2023-cü ildən ona ödəmədiyini bildirmiş və mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan : AZ-İİ №122069 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs Ərizəçi ilə nikahı 27 may 2016-cı ildə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 may 2016-cı ildə 213 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. AZ-İV №147369 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 avqust 2018-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, atası Maraqlı şəxs , anası Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 sentyabr 2018-ci ildə 761 nömrə ilə qeyd edilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı 05 sentyabr 2023-cü il tarixdə MŞS/MT- 023/2023-01984 saylı barışıq sazişindən görünür ki, tərəflər 05 sentyabr 2023-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən :

1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 213 nömrə ilə qeydə alınmış nikahın pozulmasına razılaşırlar.

2. Tərəflər razılaşır ki, nikah pozulduqdan sonra xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 anası Ərizəçi himayəsində saxlanılır.

3. Tərəflər razılaşır ki, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün Maraqlı şəxs hər ay 300 (üç yüz) manat alimenti xx.xx.2023-cü il tarixdən etibarən Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürür.

4. Tərəflər razılaşır ki,birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında olan hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** saylı xx.xx.2022-ci il tarixli Əliyeva (Nobatova) Gövhər Balamirzə qızının adına rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmış 4 otaqlı 87.7 kv metr mənzili aralarında bölünməsi ilə əlaqədar Əliyeva (Nobatova) X3 Şahin Xanoğlan oğluna 10000 (on min) manat pulu mediatorun iştirakı ilə təqdim etmiş, Maraqlı şəxs 10000 (on min) manat pulu almışdır.

5. Tərəflər razılaşır ki, Əliyeva (Nobatova) Gövhər Balamirzə qızından bundan sonra heıç bir ev , əmlak və başqa iddia tələbləri məhkəmə və digər orqanlar qarşısında Maraqlı şəxs qaldırmayacaqdır. Sazişin 5-ci bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli MŞS/MT-023/2023-01984 saylı barışıq sazişi icra olunmayan hissədə yəni qismən (3-cü bənd. “Tərəflər razılaşır ki, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün Maraqlı şəxs hər ay 300 (üç yüz) manat alimenti xx.xx.2023-cü il tarixdən etibarən Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürür”.) təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir . Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Ərizə qismən təmin edilsin. Sabirabad 1 saylı Mediasiya təşkilatı mediator X2 iştirakı ilə tərtib olunmuş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli MŞS/MT-023/2023- 01984 saylı barışıq sazişinin 3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: “3. Tərəflər razılaşır ki, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün Maraqlı şəxs hər ay 300 (üç yüz) manat alimenti xx.xx.2023-cü il tarixdən etibarən Ərizəçi bank hesabına ödəməyi öhdəsinə götürür.” Qalan hisədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar