Məhkəmə qərarları › İş №2(032)-85/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-85/2024

18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-85/2024 18.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi X7 katibliyi, Ərizəçi, Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb edilməsi ilə əmək fəaliyyəti barədə arxiv sənədlərində qeyd olunmuş ad və soyadın ərizəçiyə aid olması faktının dəqiqləşdirilməsinə dair ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1976-1980-cı illərdə Bakı kolxozunda əmək fəaliyyətini təsdiq edən arxiv sənədlərində Bağırov Pənah kimi qeyd edilmiş şəxsin o, olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, hazırda 57 yaşdan güzəştli pensiyanın yenidən hesablanması işi üzrə Şirvan Apellyasiya Məhkəməsində cavabdeh tərəfindən verilmiş şikayətə baxılır. Proses zamanı dəqiqləşdirilməsi tələb olunan bir hüquqi fakt ortaya çıxmışdır ki, həmin məhkəmənin tövsiyyəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etməli olmuşdur. Belə ki, o, 1976-1980-cı illərdə, hələ orta məktəbdə oxuyarkən mövsümi fəhlə qismində Bakı kolxozunda çalışmışdır. Bu barədə Azərbaycan Respublikası Dövlət Arxivinin iki filialının-Sabirabad rayon filialının və Şirvan Filialının müvafiq arxiv arayışları apellyasiya icraatında olan ərizəçi olduğu işin materiallarına əlavə edilmişdir. Lakin dəqiqləşdirilməsi tələb olunan fakt odur ki, onun 1976-1980-cı illərdə mövsümi fəhlə işlədiyi həmin dövrə aid sənədlərdə onun adı və soyadı “Bağırov Pirpənah” deyil, “Bağırov Pənah” kimi qeyd edilmişdir. İşlədiyi 1976-1980-cı illərdə onunla eyni zamanda həmin kolxozda işləmiş şəxslər onun həqiqətən də orda işlədiyini təsdiq edə bilərlər. Həmçinin, həmin illərdə yaşadığı kənddə onunla həmyaşıd olmaqla, məktəbli kimi və adı-soyadı Bağırov Pənah olan ikinci bir şəxs olmayıb. Vaxtilə onun əmək fəaliyyəti barədə kolxozun sənədlərində qeydlər aparılarkən, kənd sakinlərinin onu sadəcə “Pənah” kimi çağırması, həmin yaşlarda məktəblilərin pasportunun olmaması həmin qeydləri aparan məsul işçinin çağırıldığı adla adını kolxozun sənədlərinə daxil etməsi ilə nəticələnib. Onun 1976-1980-cı illərdə əmək fəaliyyətinin təsdiq edilməsi ərizəçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ötən dövr üçün almadığı pensiya məbləği ona ödəniləcək. Eləcədə 57 yaşdan 60 yaşadək ötən illər üçün ölkə üzrə aparılmış pensiyaların illik artım faizləri onun pensiyasına tətbiq ediləcək ki, bu halda pensiya məbləğinin artımı gözlənilir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilinməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, ərizənin rədd edilməsini xahiş etmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və təqdim olunmuş sənədləri və sübutları nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 21 noyabr 2022-ci il tarixli arayışında göstərilmişdir ki, ARDA Şirvan filialında mühafizə olunan Sabirabad rayon Şıxsalahlı kənd “Bakı” kolxozunun 1976-1977-ci illərə aid kolxozçuların əmək günlərinin uçot kitabında Bağırov Pənah şəxsi hesab 103/92 vərəqində olan əmək fəaliyyəti belədir: 1976-cı ildə illik qazancı 108.19, 1977-ci ildə isə 171.20 manat. Sabirabad rayon Dövlət Arxivinin 03 may 2023-cü il tarixli məktubu ilə Ərizəçi Sabirabad rayon Şıxsalahlı kənd “Bakı” kalxozunda 1978-1979-cu illərdə kolxozçu işlədiyi müəyyən olunmuşdur. Sabirabad rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1961-ci illər üzrə Sabirabad rayonunun Şıxsalahlı kəndində “Bağırov” soyadı ilə doğulmuş şəxslər barədə məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olması nəzərinə çatdırılaraq, həmin sübutların iş üçün əhəmiyyət kəsb edən hansı halların müəyyən edilməsini, sübutların əlamətlərini və olduğu yeri göstərməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilir. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 11 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Sabirabad rayon Şıxsalahlı kənd “Bakı” kolxozunun digər sənədləri filiala təhvil verilməyib. Aşkar olunan sənədlərdə vətəndaşın adı Mirpənah deyil, Pənah olaraq qeyd olunub. Həmin kolxozun 1978- 1981-ci illərə aid sənədləri filiala təhvil verilməyib. Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Şıxsalahlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 06 fevral 2024-cü il tarixli arayışında göstərilmişdir ki, Sabirabad RİHB-nın Şıxsalahlı KİƏDÜ nümayəndəliyin Şıxsalahlı kəndində 1961-ci il tarixində Bağırov Pənah adında şəxsin doğumu qeydiyyata alınmamışdır və X1 təsərrüfatında Ərizəçi Məmməd oğlunun xx xxx 1961-ci il tarixində doğulduğu qeydə alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad rayon Təhsil Şöbəsi Şıxsalahlı kənd tam orta məktəbinin 06 fevral 2024-cü il tarixli arayışında göstərilmişdir ki, Şıxsalahlı kənd tam orta məktəbində 1968/1978-ci tədris illərində Bağırov Pənah adında şagird təhsil almamışdır, həmin illərdə xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi Məmməd oğlu adlı şagird təhsil almışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Məmməd oğlu xx.xx.1961ci il tarixdə anadan olmuşdur, ana qrafasında X4, ata qrafasında X5 qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Sabirabad rayon Bakı kalxozunda 10 il müddətində işləmiş, 3 il müddətində sədr müavini vəzifəsində işləmiş, Ərizəçi da Bakı kalxozunda işləmişdir. Əmək kitabçasının əslindən görünür ki, X3 xx.xx.1982-ci ildən 1988-ci ilə qədər Sabirabad rayon Bakı kalxozunda müxtəlif vəzifələrdə işləmişdir. Məhkəmə iclasında Şahid1 Mirvahib qızı da ifadəsində bildirmişdir ki, 1962-ci ildən Sabirabad rayon Bakı kalxozunda işləmiş, Ərizəçi orada işləyən zaman tanımışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qərarın 6.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılmışdır ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinin tələbinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi 1976-1980-cı illərdə Bakı kolxozunda əmək fəaliyyətini təsdiq edən arxiv sənədlərində “Bağırov Pənah” kimi qeyd edilmiş şəxsin Ərizəçi olması faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1976-1980-cı illərdə Bakı kolxozunda əmək fəaliyyətini təsdiq edən arxiv sənədlərində “Bağırov Pənah” kimi qeyd edilmiş şəxsin Ərizəçi olması faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi aidiyyəti qurumlarda müvafiq qeydlər aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar