Məhkəmə qərarları › İş №2(032)-898/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-898/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-898/2024 18.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın və ya onun dəyərinin alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış darvazanın və yaxud onun dəyərinin - 2000 (iki min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun alınmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 2022-ci il tarixdə tanıdığı Cavabdeh Nurbala oğlu onun işlədiyi “Venera” mağazasına gəlmiş, 976 saylı nisyə alğı-satqı müqaviləsinə əsaən 2300 manat dəyərində nisiyə darvaza almışdır. Həmin vaxt o, nisyə alğı-satqı müqaviləsi bağlamış, o ilkin ödəniş olaraq 300 manat pul ödəmiş, qalıq borcu 2000 manat olmuşdur, qalan qalıq borcunu Cavabdeh 7 ay müddətinə tam ödəməli idi. Bu bağlanmış müqavilənin şərtlərində də göstərilmişdir. Həmin vaxtdan bir il dörd ay keçməsinə baxmayaraq Cavabdeh borclu qaldığı 2000 manat pulu ödəməkdən imtina edir. O, dəfələrlə Cavabdeh pulu ödəməsi barədə məlumat verməyinə baxmayaraq o, könüllü olaraq pulu ödəmək istəmir. Ona görə o, məcbur olub məhkəməyə müraciyət etmişdir. O, Cavabdeh Nurbala oğlundan darvazanı və yaxud darvazanın 2000 min manat dəyərini pulu tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi , izahat verərək bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh aralarında olan nisyə alğı-satqı müqaviləsinə əsasən dəyəri 2300 manat olan darvazanı ilkin ödəniş olaraq 300 manat ödəməklə almışdır. Həmin darvazanın satılmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdi, izahat verərək bildirdi ki, İddiaçı aralarında olan müqaviləyə əsasən 2300 manat müqabilində darvaza almış, 300 manat məbləğdə ilkin ödəniş etmiş, qalan 2000 manat məbləğdə pulu aylıq ödəyəcəyi barədə razılaşmışlar. Lakin maddi vəziyyəti ilə əlaqədar iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Qalıq borcu hissə-hissə ödəyə biləcəyini bildirdi. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 385.1-ci maddəsinin tələbinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 600.4 və 600.5-ci maddələrinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi, mülki qanunvericiliyinin tələbinə görə alğı-satqı müqaviləsində tərəflər əşyanın nisyə satışını, yəni verildikdən müəyyən müddət sonra ödənilməsini nəzərdə tuta bilər. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcının iki hüquqi müdafiə imkanı nəzərdə tutulmuşdur: 1) verilmiş əşyanın ödənilməsini tələb etmək (satıcı bu tələbi istənilən halda irəli sürə bilər, 2) ödənilməmiş malın qaytarılmasını tələb etmək. İş materiallarında olan yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli 976 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 2300 manat dəyərində götürdüyü darvazanı ilkin ödəniş 300 manat olmaqla, qalıq borc 2000 manat məbləği 7 aya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 976 nömrəli alğı-satqı müqaviləsi üzrə dəyəri 2300 manat olan 1 ədəd darvaza Cavabdeh təhvil verilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işdə olan və tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflərin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli 976 saylı müqaviləyə və onun tərkib hissəsi olan ödəniş cədvəlinə görə darvazanın nisyə alışına görə Cavabdeh ilkin ödəniş 300 manat olmaqla, qalıq qalan 2000 manat məbləğində pulu 7 aya ödəməlidir. Hazırda Cavabdeh həmin müqavilə üzrə öhdəliyini icra etməmişdir. Bu fakt fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclaslarında cavabdeh tərəfindən etiraf edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Habelə MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 40 (qırx) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar